Britaniya mətbuatı: Rusiyanın yeni raketi “Fransa boyda ərazini” xəritədən silə bilər

British press

"The Telegraph" qəzeti yazır ki, Rusiya özünün yeni nüvə raketinin ilk təsvirini dərc edib. Bu raketin zərbəsi, deyilənlərə görə o qədər güclüdür ki, Birləşmiş Krallıq və Fransanı Yer üzündən silə bilər.

Məqalədə deyilir ki, RS-28 Sarmat istilik-nüvə başlıqlı raketləri 2011-ci ildə sifariş edilib və 2018 -ci ilədək istifadəyə veriləcək.

İndiyədək məxfi saxlanan bu nəhəng raket Qərb hərbiyyəsi tərəfindən "Şeytan-2" ( Satan 2 ) adlandırılıb, çünki 1970-ci illərdə buraxılmış RS-36M raketlərini NATO rəsmiləri "Şeytan" raketi adlandırmışdılar.

Rusiya hökumətinin nəzarətində olan Sputnik internet saytı may ayında dərc etdiyi məqalədə yazırdı ki, bu raket "Texas və ya Fransa böyüklüyündə ərazini" tamamilə dağıtmaq gücündədir.

"The Telegraph" Rusiya mediasına istinadən yazır ki, ağırlığı 10 ton olacaq bu raket 10 tonluq nüvə yükü götürə biləcək.

Məqalədə deyilir ki, Sarmat raketi Hirosima və Naqasakiyə atılmış atom bombalarından 2000 dəfə güclü partlayış verə bilər.

Bəzi məlumatlara görə Rusiya səsdən iti uçan nüvə başlığını aprel ayında sınaqdan çıxarıb. "Şeytan-2" raketlərinə məhz bu başlıqların keçiriləcəyi güman edilir.

Bu da xəbər verilir ki, sözü gedən raketi radarla tutmaq mümkün olmayacaq, çünki onun uçuş trayektoriyası naməlum qalacaq.

"Şeytan-2" raketinin "Şeytan-1"-dən daha sürətli uçacağı düşünülür.

Raketin baş konstruktorları V. Deqtyar və Y. Kaverinin bəyanatında deyilir ki, Sarmatın hazırlanması üçün sifarişi Kreml hələ 2011-ci ildə veribmiş.

Bəyanatda deyilir ki, bu raketlər Rusiya strateji qüvvələri tərəfindən çəkindirici vasitə kimi istifadə olunacaq.

Əsərində "Quran yandırılan yazıçı" həbs edilib

"The Independent" yazır ki, İranda bir qadının daşqalaq edilməsi barədə hələ çap edilməmiş romanı yazdığına görə yazıçı və insan haqları fəalı həbs edilib.

Qolrux Ebrahimi "İslamın müqəddəsliklərini təhqir etdiyinə" görə inqilab məhkəməsi tərəfindən məhkum olunub.

Hələ çap edilməmiş əsərin qəhrəmanı olan gənc qadın "Sürayə M-in daşqalaq edilməsi" filminə baxdıqdan sonra Quranı yandırır. Yeri gəlmişkən bu filmin olmuş hadisə əsasında çəkildiyi bildirilir.

Fotonun müəllifi Getty Images
Image caption Daşqalaq işgəncə forması kimi dünya boyu tənqidlə qarşılanır.

Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Magdalena Muğrabi deyib ki, yazıçı Qolrux Ebrahimi İrayi daşqalaq cəzasına qarşı çıxdığına görə məhbus edilib.

O, İran hökumətini gənc yazıçı qadına qarşı ittihamlara dərhal xitam verməyə çağırıb.

Xəbər verilir ki, xanım İrayi Tehranda İnqilab Keşikçilərinin məhkəməsində müdafiəsiz keçirilən iki qısa dinləmədən sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun birinci vəkili təhlükəsizlik xidmətləri tərəfindən qorxudulub, ikinci vəkilin məhkəmədə iştirakına isə qadağan qoyulub.

Amnesty bildirir ki, yazıçı məhkəmədə özünü müdafiə imkanından məhrum edilib, çünki dinləmədə söhbət daha çox onun ərinin siyasi fəallığından gedirdi.

Onun əri tələbə fəal Ərəş Sadeqi eyni həbsxanada 15 illik məhbusluq müddətini çəkir.

Ərəş Sadeqi mövcud siyasi sistemə qarşı çıxdığına və "İslam inqilabınıın banisini təhqir etdiyinə" görə məhkum edilib.

"The İndependent" yazır ki, ər-arvad 2014-cü il sentyabr ayının 6-da İnqilab Keşikçiləri tərəfindən ordersiz həbs edilmişdilər.

Məqalədə deyilir ki, xanım İrayi işgəncələrə məruz qalıb.

Vatikan ölənlərin külünü evdə saxlamağı qadağan edib

Fotonun müəllifi AFP
Image caption Noyabr 2015-ci il. Bütün Ruhların günü ərəfəsində Vaticanın Campo di Verano məzarlığında ölənlərin ruhuna dua oxunur.

"The Guardian" yazır ki, Vatikan mömin katoliklərə yaxın və doğmalarının küllərini evdə saxlamağı və ya səpələməyi qadağan edib.

Romada keçirilmiş mətbuat konfransında deyilib ki, ölənlərin külləri yalnız qəbristanlıq kimi yerlərdə saxlana bilər.

"The Guardian" yazır ki, ölənlərini dəfn etməkdənsə kremasiya etməyə üstünlük verənlərin sayının artması ilə bağlı kilsə, katolikləri "dinə zidd olan ideyalardan" çəkinməyə çağırıb.

Kardinal Gerhard Müller bunu da əlavə edib ki, ölənlərin torpağa basdırılması onların yandırılmasından daha məsləhətlidir.

"Biz torpaqdan gəlmişik və torpağa qayıtmalıyıq" - deyib kardinal.

O bildirib ki, kilsə ölənlərin torpağa tapşırılmasını tövsiyə edir.

Kardinal Müller deyib ki, kilsə ölənlərin kremasiyasına 1963-cü uldən bəri icazə versə də, getdikcə daha çox insan, yaxınlarının küllərini evdə saxlayır.

"Ölənlərin külü yalnız kilsədə, qəbristanlıqda və ya dəfn üçün ayrılmış yerlərdə saxlana bilər, - deyib müqəddəs ata, - Evdə kül saxlamağa icazə verilmir".

Kardinal bildirib ki, ölənlərinin küllərini havaya, torpağa və suya səpələmək panteizm və bütpərəstliyin əlamətidir və kilsə tərəfindn qadağan edilib.

O deyib ki, mərhumların külü evlərdə fövqəladə hallarda, o da yepiskopun icazəsi ilə saxlana bilər.

"The Guardian" yazır ki, bəziləri bu dünyadan köçmüş əzizlərinin küllərini evlərində xüsusu qutularda saxlayır, ya da onların öz vəsiyyətlərinə uyğun olaraq vaxtilə sevdikləri yerlərə səpələyirlər.

Məqalədə deyilir ki, ölənlərdən xatirə olaraq onların külləri bəzən boyalara qatılır və bu qarışıqla tablolar yaradılır.

Bəziləri isə yaxınlarının küllərini musiqi vallarına presləyib saxlayırlar ki, bəzən onların "ruhlarına" qulaq asa bilsinlər.

İnsan külündən zinət əşyaları sifariş edənlər və onları atəşfəşanlıqda göyə atanlar da tapılır.

Vatikanın qadağanı hər il noyabrın 2-də yad edilən Bütün Ruhların günü ərəfəsində elan edilib. Həmin gün möminlər ölənlərin ruhuna dua oxuyurlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş