"Ərəbistan qeydləri". Müsəlman-hipsterlər: Dubayda yüksək modanın özəllikləri

Dubay Fotonun müəllifi Maria Sashinskaya
Image caption Dubayda moda tədbirləri abır-həyalı olur, amma bəzən ultramüasirlərinə də təsadüf edilir

Əgər Səudiyyə Ərəbistanında moda nümayişləri xəlvət keçirilirsə, qonşu BƏƏ-də "mipsterlər" həm müsəlman, həm də "hipster" olmağın mümkünlüyünü isbat etməyə çalışırlar.

Dubay qeyri-rəsmi olaraq ərəb dünyasının dizayner paytaxtı sayılır. Hər il burada bir neçə moda tədbirləri keçirilir. Onları şərti olaraq iki qrupa bölmək olar: daha çox müsəlman geyiminə hesablanmış mühafizəkar tədbirlər və hər şeyi görməyin mümkün olduğu ultramüasir moda hadisələri.

Bir-iki il bundan əvvəl mən Səudiyyə Ərəbistanındakı qadın modasından yazmışdım. Səud qızlarının bir əsas prinsipi var: o şey ki, örtülü olmaldır, deməli örtülməlidir. Qonşu Ərəb Əmirliklərində məsələ bir az sadədir. Burda dini polis yoxdur, ona görə də hər kəs lazım bildiyi kimi geyinir. Doğrudur, əsil-nəcabətli ərəb ailələrinin xanımları Səudiyyədə olduğu kimi burada da qolu örtülü uzun əba geyinirlər və hicablanırlar. Onlardan bəziləri hətta üzlərini də örtürlər. Lakin burada nəhəng sayda yaşayan əcnəbilər yerli modaya öz qaydalarını gətirirlər.

Ötən istirahət günlərində mən hər il keçirilən Fashion Forward Dubai tədbirinə düşmüşdüm. Bu tədbir o dediyim mühafizəkar müsəlman modasını deyil, müasir modanı nümayiş etdirirdi. Burada regional dizaynerlər özlərinin beynəlxalq dizaynlardan heç də geri qalmayan geyim və aksessuarlarını nümayiş etdirirdilər.

Yeyib-içməklər və yeyib-içənlər

Bir neçə il bundan əvvəl Səudiyyə Ərəbistanındakı Ciddə şəhərində qapalı moda nümayişinə dəvət olunmağımı xatırlayıram. Tədbir axşamın gec saatlarında, tam məxfilik şəraitində keçirilirdi. Giriş yalnız qadınlar üçün və yalnız dəvətnamə ilə idi. Modellərin və qonaqların fotolarını çəkmək qəti qadağan olunmuşdu. Bəs necə, burdakıların əksəriyyətinin başları açıq idi axı…

Bu dəfə mən tamam fərqli yanaşma gözləyirdim və yanılmamışdım.

Fotonun müəllifi Maria Sashinskaya
Image caption Dubayda modellərin fotosunu çəkmək olar

Belə bir təəssürat yaranırdı ki, bir çox qonaqlar bura mətbuatın obyektivlərinə və sosial media səhifələrinə düşmək üçün gəliblər. Burda Dubayın bütün elitasını görmək olardı: yeyib-içənlər, modellər, blogerlər, stilistlər, başı açıq müsəlman qadınları və hətta müsəlman hipsterləri, yəni mipsterləri…Heç bilirsiniz bunlar kimlər idi? Mən özüm də bunu sonradan bilmişəm.

Fotonun müəllifi Maria Sashinskaya
Image caption Ənənəvi İslam fərdiyyətin fani dünyanın əşyaları ilə nümayiş etdirilməsini təqdir etmir, lakin…

"Mipster" sözü "müsəlman" və "hipster" sözlərinin pərçimlənməsindən yaranıb. Bu, alt mədəniyyətin daxilində daha bir alt mədəniyyətdir. Gənc mipsterlər bir qayda olaraq dəbdəbəli görünməyə çalışan, moda, kino, musiqi, ədəbiyyat aləmi ilə maraqlanan və ümumən Qərb həyat tərzindən başları çıxsa da, nümayişkəranə şəkildə İslama bağlılıqlarını bəyan edən şəxslərdir.

Bu, əlbəttə özlüyündə çox təxribatçı bir mədəniyyətdir. Bir tərəfdən İslam fərdiyyətin hansısa maddi atributlarla nümayişini təqdir etmir, lakin digər tərəfdən isə informasiya və sürətli ideyaların qaynaşdığı müasir dövrdə gəncləri eksperimentlərdən və şəxsiyyətlərinin axtarışından saxlamaq qeyri-mümkündür.

Modabaz icmanın fotoqraflarla ünsiyyət qurub poza aldıqları vaxt ərzində, səhnədə geyimlərin nümayişi davam edirdi, emalatxanalarda isə qonaqları şampan qədəhləri qarşılayırdı.

Mən yenə də düşündüm: Bir buna bax e! Bir-birinin arxasınca podium boyunca yeriyən uzunqılçalı qızlar, bir tərəfdə isə şampan şərabı. Belə bir şeyi Səudiyyə Ərəbistanında ağla gətirmək belə mümkün deyil. Bu nə pisdir, nə də yaxşı. Heç müqayisə də düz çıxmır. Amma aşkar faktdır ki, sərt dini və mənəvi dəyərləri bölüşən iki qonşunun öz ərazisində Qərb mədəniyyətinin təzahürlərinə yanaşması çox fərqlidir.

Ərəb modasının beynəlxalq töhfəsi

Moda nümayişlərinin birindən sonra mən bəhreynli çanta dizayneri Nuf əş-Şikarla bir az söhbət etdim. Mən başa düşməyə çalışırdım ki, ərəb dünyasındakı moda trendləri beynəlxalq trendlərdən necə fərqlənir və Avropanın moda evləri yerli dizaynerlərin yaradıcılığını necə təsirləndirir?

Fotonun müəllifi Maria Sashinskaya
Image caption Nuf əş-Şikar - bəhreynli çanta dizayneridir

Nufun fikrincə bu regionda modanın bazarı doğrudan da böyükdür və həm də daha gənc bazardır. Yerli modelyerlər öz kolleksiyalarına milli elementlər gətirməyə çalışırlar, amma Səudiyyənin modabaz qızları böyük brendlərin və adların həvəskarlarıdır. Yerli dizaynerlər bu faktoru nəzərə almalı olurlar.

Məşhur brendlərə meyllənməyə baxmayaraq, əks proseslər də baş verir. Məsələn bütün dünyanın modasına ərəb qadınlarının uzun donları, baş örtükləri və fəal makiajları möhkəmcə daxil olub.

2017-ci ilin yaz-yay moda trendləri

Tədbirə dəvət olunan Avropa mütəxəssisləri bu yaxınlarda Londonda, Milan və Parisdə keçirilmiş moda həftələrini bir xeyli müzakirə edirdilər. Əgər sizin üçün də Dubayın modabaz qızları kimi 2017-ci ilin yaz-yay mövsümünün yüksək geyim trendləri maraqlıdırsa, buyurun sizləri onlardan bir neçəsi ilə tanış edim.

Fotonun müəllifi Maria Sashinskaya
Image caption Ən dəbli rənglər - bənövşəyi, tünd yaşıl, parlaq sarı və çox-çox ağ

Ən dəbli rənglər - bənövşəyi, tünd yaşıl, parlaq sarı və çox-çox ağ olaraq proqnozlanıb. Birinci trendə tarixi kostyumları xatırladan romantik-kəndli donları, ikinci trendə çimərlik etinasızlığınadək ekzotik tropika, üçüncü trendə isə mürəkkəb minimalizm üslübü aid olacaq.

Bütün hallarda qadınların həmişə ikinci, ehtiyat və ya B variantı var - ənənəvi və doğma əba. İstər yay olsun, istərsə də qış. İstəsən çörək almağa çıx, istəsən yüksək moda həftəsinə qoşul - əbaya kim nə deyə bilər?

Bu barədə daha geniş