Suriya münaqişəsi: Helikopter "Türkiyənin dəstəklədiyi üsyançılara bomba atıb"

Suriya Fotonun müəllifi AFP
Image caption Keçən ilin avqust ayından Türkiyənin dəstəklədiyi üsyançılar İD döyüşçülərini bir neçə əhəmiyyətli şəhərdən çıxarıblar

Suriya hökumətinə məxsus olduğu güman edilən helikopter özünü İslam Dövləti adlandıran (İD) qruplaşmaya qarşı döyüşən üsyançılara bomba atıb, Türkiyə bildirir.

Hərbi bəyanatda deyilir ki, helikopter Tal Nayif kəndində üsyançılara qarşı çəllək bombaları atıb və nəticədə iki nəfər ölüb, beş nəfərsə yaralanıb.

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, bu cür hücumlar onların İD-ə qarşı keçirdiyi hərbi əməliyyatları dayandırmayacaq.

Suriya hərbiyyəsi məsələ ilə bağlı şərh verməyib.

Suriyanın Tal Hayif kəndi yaxınlığında quru qoşunlarının olmadığı hesab edilir, lakin Suriya hökuməti Türkiyənin üsyançılara hərbi təyyarələr, tanklar və artilleriya ilə kömək etməsini pisləyib və bunu "Suriyanın suverenliyinin kobud şəkildə pozulması" adlandırıb.

Keçən ilin avqust ayından bəri üsyançılar İD silahlılarını strateji əhəmiyyətli Cələblus və Dabiqdən çıxarıblar.

Türkiyə hökuməti əməliyyatın sərhəd yaxınlığında de fakto bufer zona yaradacağına ümid etdiyini bildirib. Türkiyə ərazisində sığınmış təxminən 2.7 milyon suriyalı qaçqının bu ərazilərə qaytarılması nəzərdə tutulub.

Ankara həmçinin ABŞ-ın Suriyada dəstəklədiyi kürd döyüşçülərini zərərsizləşdirmək istəyir. Onun bildirdiyinə görə bu ölkədəki kürd silahlıları Kürdüstan Fəhlə Partiyası (PKK) ilə yaxın münasibətlərə malikdir.

Tal Nayif hücumu barədə xəbər yayılandan sonra cənab Çavuşoğlu Ankarada jurnalistlərə bildirib ki, Türkiyə əməliyyatları dayandırmayacaq və üsyançılar İD-ə qarşı təzyiqlərini artırmalıdırlar.

O həmçinin xəbərdarlıq edib ki, Mənbic şəhərindən çıxmayacaqları təqdirdə Türkiyə, kürd döyüşçülərinə qarşı tədbirlər görəcək.

Bu arada isə Suriya hökumətinə yaxın hərbi alyans Türkiyənin bölünmüş Hələb şəhərinin şimalında onların mövqelərinə doğru irəliləməsinə qarşı xəbərdarlıq edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş