İD Mosul döyüşündə "900 döyüşçüsünü itirib"

Mosula doğru irəliləyən İraq təhlükəsizlik qüvvələri müqavimətlə rastlaşıblar Fotonun müəllifi Reuters
Image caption Mosula doğru irəliləyən İraq təhlükəsizlik qüvvələri müqavimətlə rastlaşıblar

İraq ordusunun Mosulu ələ keçirmək üçün həyata keçirdiyi hücumda ötən həftə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın 800-900 silahlısı öldürülüb, ABŞ generalı bildirir.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Joseph Votel AFP xəbər agentliyinə bildirib ki, dəqiq rəqəm söyləmək çətindir, çünki döyüşçülər şəhər sakinləri ilə qarışıblar.

Hücum başlanmazdan əvvəl Mosulda 5000-ə qədər İD döyüşçüsünün olduğu güman edilirdi.

Həmin vaxtdan bəri qoşunlar ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın həyata keçirdiyi hava zərbələrinin köməyi ilə bir sıra irəliləyişlər ediblər.

Komandirlər isə xəbərdarlıq edirlər ki, Mosulun tamamən ələ keçirilməsi bir neçə həftə, hətta aylar çəkə bilər.

Əməliyyatda təxminən 50000 nəfərlik İraq təhlükəsizlik qüvvələri, kürd Peşmərgə döyüşçüləri, sünni ərəb tayfaları və şiə döyüşçülər iştirak edirlər.

Onlara 100-dən çox ABŞ hərbçisi məsləhətlər verir və koalisiyanın hava zərbələrinə kömək edirlər. Digər ABŞ qoşunları yaxınlıqdakı bazalardan dəstək göstərirlər.

General Votel AFP-ə bildirib: "Mosulla bağlı əməliyyatlarda təkcə keçən həftə bizim təxminlərimizə görə 800-900 İD döyüşçüsü qətlə yetirilib".

İraq hökuməti çərşənbə günü ABŞ komandirlərini məlumatlandırıb ki, təxminən 57 İraq əsgəri qətlə yetirilib və 250 nəfərə qədər yaralı var.

Fotonun müəllifi Reuters
Image caption Kürd Peşmərgə döyüşçüləri şimal və şərqdə bir neçə kəndi ələ keçiriblər

Üstünlüklərə baxmayaraq ABŞ-ın İraqdakı qüvvələrinin rəhbəri xəbərdarlıq edib ki, İraq qoşunları Mosula yaxınlaşdıqca İD müdafiəsi güclənə bilər.

Dünya Səhiyyə Təşkilatı (WHO) bildirib ki, onlar Mosul əməliyyatı çərçivəsində 90 iraqlı tibbi işçisinə təlimlər keçiblər. Təlimlərin əsas hədəfi kimyəvi hücumlara qarşı müqavimət olub, AP xəbər verir.

Fotonun müəllifi Reuters
Image caption Hücum başlayandan bəri təxminən 11700 dinc sakin Mosul ətrafından köçüb

İD əvvəllər İraq və koalisiya qüvvələrinə hücumlarda kimyəvi silahlardan istifadə edib və onların Mosulda da eynisini edəcəyi ilə bağlı narahatlıq var. Şəhərdə bir milyondan çox dinc sakin yaşayır.

Hücum başlayandan bəri təxminən 11700 sakin şəhəri tərk edib və BMT-nin təxminlərinə görə 700000 insan da şəhəri tərk edə bilər.

WHO hesab edir ki, onlardan 200000 nəfərinə təcili tibbi yardım lazım ola bilər. Bunlara peyvəndə ehtiyacı olan 90000-dən çox uşaq və 8000 hamilə qadın da daxildir.

Bu barədə daha geniş