Britaniya mətbuatı: "Anasına bax qızını al" məsəlinin elmi əsasları varmı?

Fotonun müəllifi Reuters
Image caption Son çıxışlarının birində Erdoğan deyib ki, "Türkiyə ona zorla sırınmış sərhədləri qəbul etmir".

Erdoğan Yaxın Şərqdə ərazi iddiaları qaldırıb?

"Express" yazır ki, Recep Tayyip Erdoğan son vaxtlar verdiyi bəyanatlarla Türkiyənin İraq, Suriya və Yunanıstan torpaqlarını zəbt etmək niyyətləri barədə şayiələri daha da alovlandırıb.

Məqalədə deyildiyinə görə, özünün son çıxışlarından birində Erdoğan deyib ki, "Türkiyə ona zorla sırınmış sərhədləri qəbul etmir".

Prezident, həmçinin Osmanlı imperiyasına aid Milli Pakt barədə də söz açıb. Bu, əslində Osmanlı Türkiyəsinin Mosulu işğal etmək planı olub.

"Express" yazır ki, indiyədək dünya birliyi prezident Erdoğanın Mosulda İslam Dövləti təşkilatına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək istəyini rədd edib.

Erdoğan deyib ki, "1914-cü ildə bizim torpaqlarımızın sahəsi 2, 5 milyon kvadrat kilometr idi, doqquz il sonra bundan cəmi 780 min kvadrat kilometr qalıb".

"Ekspress" yazır ki, Erdoğanın qəzəbli bəyanatları ölkədə tezliklə keçiriləcək referendumun ərəfəsinə təsadüf edir. Bu referendumda ölkənin demokratik sisteminin prezidentlik üsul-idarəsinə keçməsinin məqsəduyğunluğu barədə sual qoyulub.

Məqalədə deyilir ki, Erdoğanın ekspansionist bəyanatları bu referendumda millətçiləri prezidentlik üsul-idarəsinə səs verməyə sövq etmək cəhdi kimi də qiymətləndirilə bilər.

Keçmiş Türkiyə diplomatı, hazırtda Carnegie Europe təsisatında araşdırmalar aparan Sinan Ülgen deyib ki, "Erdoğan səriştəli siyasətçidir və Türkiyə cəmiyyətinin damarını tuta bilir".

"Bütün bunlar ötən iuyun ayında keçirilmiş seçkidən bəri başlanan strategiyanın bir hissəsidir" - deyib Ülgen.

Avropa Şurası Xarici Əlaqələr Araşdırmaları Mərkəzində işləyən Asli Aydıntaşbas deyib: "Erdoğan belə bir qənaəti adamlara təlqin etməyi bacarıb ki, o Türkiyənin bütövlüyünü saxlaya biləcək yeganə adamdır və Erdoğanın salamatlığı Türkiyənin salamatlığı deməkdir".

"Express" yazır ki, prezident Erdoğanın populyarlığı 15 iyulda baş tutmayan çevriliş cəhdinin ardınca kəlləçarxa qalxıb.

Türkiyə Beynəlxalq Münasibətlər Departamentinin rəhbəri "Express" qəzetinə deyib ki, onun ölkəsi öz ərazilərini artırmaq niyyətində deyil.

Ayşe Sözen Usluer deyib ki, Türkiyənin İraq və Suriyaya münasibətdə siyasəti bu hər iki ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasıdır.

"Türkiyə prezidenti dəfələrlə deyib ki, Mosul Mosul xalqına, Hələb isə Hələb xalqına məxsusdur. Bu siyasət sözü gedən iki ölkənin bütün qalan ərazilərinə də aiddir" - deyib xanım Usluer.

Sözçü bildirib ki, Türkiyənin öz sərhədlərindən aşan ambisiyaları yoxdur, lakin əgər regionda nələrsə dəyişəcəksə, Türkiyə yerli əhalinin öz gələcəyini seçməsinə tərəfdardır.

"Əgər İraqın öz xalqından başqa hansısa qüvvə İraq və Suriyanın torpağına iddia irəli sürərsə, onda Türkiyə də özünün regionla keçmiş bağları məsələsini gündəmə gətirə bilər. Bu, Türkiyənin öz sərhədlərini genişləndirmək niyyətinin siqnalı deyildir, lakin hərbi əməliyyatlarda iştirak edən başqa tərəflərə mesajdır" - deyib sözçü.

Finlandiya "gözəllik kraliçası" da Trump-ı seksual təcavüzdə ittiham etdi

Fotonun müəllifi Jessica Kourkounis
Image caption Donald Trump 12-ci dəfə cinsi təcavüzdə ittiham edilib

"The Telegraph" yazır ki, keçmiş Finlandiya gözəli irəli çıxaraq ABŞ prezidentliyinə namizəd Donald Trump-ı cinsi təcavüzdə ittiham edən sayca 12-ci qadın olub.

30 yaşlı Ninni Laaksonen Miss Finlandiya titulunu 2006-cı ildə qazanıb.

Qadın yerli Ilta-Sanomat qəzetinin sorğusuna cavab olaraq bildirib ki, cənab Trump elə həmin 2006-cı ildə "onun yanbızından yapışıb".

Xanım Laaksonen deyib ki, bu insident o David Letterman-ın gecə proqramı Late Show verilişinə çıxmazdan bir neçə dəqiqə əvvəl baş verib. Həmin verilişdə cənab Trump və gözəllik yarışının daha iki iştirakçısı çıxış etməli idilər.

"Şoudan əvvəl binanın qarşısında bizim şəklimizi çəkirdilər, - deyib keçmiş Finlandiya gözəli, - Trump mənim yanımda dayanmışdı. Birdən arxa tərəfdən əlini uzadıb mənim yanbızımı əli ilə sıxdı. Daha doğrusu o mənim yanbızımdan əməlli-başlı yapışmışdı…"

Xanım Laaksonen bunu da deyib ki, o və başqa yarış iştirakçıları cənab Trump və onun arvadı Melania ilə bir neçə ev qonaqlıqlarında da olublar. Onda Donald Trump Melania ilə bir ildi ki, evlənmişdi.

"Mənə kimsə demişdi ki, Trump-ın məndən xoşu gəlir, çünki Melania-nın cavanlığına oxşayıram. Lap ürəyim bulanırdı" - deyib Laaksonen.

"The Telegraph" yazır ki, xanım Laaksonen-in əhvalatına bənzəyən əhvalatları daha 11 qadın da danışıb.

Donald Trump-a qarşı cinsi təcavüz ittihamları oktyabrın 13-dən səslənməyə başlayıb. Həmin gün hazırda 74 yaşı olan Jessica Leeds demişdi ki, Trump "lap səkkizayaq" kimi idi və onlar 1980-ci illərdə yanaşı oturanda o əllərini dinc qoymurdu.

People jurnalının müxbiri Natasha Stoynoff deyib ki, Trump-lardan evlənmələrinin birinci ildönümündə müsahibə götürmək üçün Mar-a-Laqoya gedibmiş. Orada Donald Trump malikanənin otaqlarından birində xəlvətə salaraq müxbiri öpüb.

Trump-ın apardığı "The Apprentice" teleşousunun iştirakçısı Summer Zervos da göz yaşları axıdaraq Trump-ın onu 2006-cı ildə Beverly Hills otelində zorla qucaqlayıb öpməsi barədə danışıb.

Cənab Trump onu ittiham edənlərin hamısını məhkəməyə verəcəyini deyib.

"Bu əhvalatların hamısı yalandır" - deyib Trump "Good Morning Amerika" verilişinə.

Onun arvadı Melania Trump da eyni verilişə müsahibəsində ərini ittiham edənlərin yalan danışdıqlarını bildirib.

O deyib ki, Amerika xalqı bu söhbətləri deyil, daha ciddi məsələlərin müzakirəsini gözləyir.

Kimdir sədaqətsiz- qadınlar, ya kişilər?

Fotonun müəllifi George Marks
Image caption Kişilərin 83, qadınların isə 89 faizi xəyanətin yaxşı bir əməl olmadığını dərk etdiklərini söyləyiblər

"The Independent" yazır ki, sədaqətsiz ər və arvadlar üçün tanışlıq saytı Illicit Encounters-in apardığı rəy sorğusu qadınların kişilərdən xəyanətə daha çox meylli olduqlarının səbəbini aşkar edib.

Tanışılıq portalının apardığı yeni rəy sorğusu həyat yoldaşına xəyanət edən şəxslərə onların valideynlərinin təsirini öyrənib.

Britaniyada 2004-cü ildən 100 minədək istifadəçisi olan sədaqətsizlik saytı yarısı kişi, yarısı qadın olmaqla 1000 nəfər arasında sorğu aparıb.

Məqsəd sədaqətsiz şəxslərə onların valideynlərinin təsirini aşkara çıxarmaq idi.

Nəticədə bəlli olub ki, ərlərinə xəyanət edən qadınların 71 faizinin anaları da öz ərlərinə sədaqətsiz olublar.

Müqayisədə xəyanətkar kişilərin yalnız 45 faizinin atası onların analarına xəyanət edib.

"The İndependent" yazır ki, Illicit Encounters saytının sözçüsü Christian Grant "kişilərin qanında sədaqətsizlik olmasını" alt-üst edən bu sorğu barədə şərh verib.

Sözçünün dediyinə görə, sorğudan məlum olan başqa bir həqiqət budur ki, geniş yayılmış inama baxmayaraq kişilər heç də arvadlarına xəyanət etməkdən qürur duymurlar.

Əksinə, məlum olub ki, arvadlarına xəyanət edən kişilər bunun atalarının qulağına çata biləcəyindən daha çox narahat olublar. Rəyi soruşulan kişilərin 86 faizi deyib ki, ataları bundan xəbər tutsaydı bu əməllərinə son qoyardılar.

Şəxsin sədaqətsiz olmasına onun valideyninin təsirini belə bir nəticə də göstərir ki, rəyi soruşulan qadınların 66 faizi analarının xəyanət etdiyinə görə sədaqətsizliyə normal baxdıqlarını bildirib.

Ən maraqlısı isə budur ki, sorğunun bir sualına qadınlar da, kişilər də eyni cavabı veriblər. Kişilərin 83, qadınların isə 89 faizi xəyanətin yaxşı bir əməl olmadığını dərk etdiklərini söyləyiblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş