Filippin prezidenti Rodrigo Duterte: Allah mənə söyüşü dayandırmağı tapşırıb

Cəna Duterte Yaponiyaya səfərdən qayıdıb Fotonun müəllifi AFP
Image caption Cəna Duterte Yaponiyadan səfərdən qayıdıb

Filippin prezidenti Rodrigo Duterte deyir ki, Allahdan ultimatum aldığı üçün dilini təmiz tutacaq.

Yaponiyaya səfərdən sonra doğma şəhəri Davaoya gələn cənab Duterte deyib ki, təyyarədə olarkən bununla bağlı Allahdan ultimatum alıb.

"Mənə səs gəldi ki, söyüşü dayandırım, yoxsa təyyarə göyün üzündə qəzaya uğrayacaq, ona görə də söyüşü dayandıracağıma söz verdim", o hava limanında jurnalistlərə deyib.

Cənab Duterte tez-tez, xüsusən də Qərbə qarşı kobud çıxışları ilə ad çıxarıb.

O, ABŞ prezidenti Barack Obamanı "fahişənin oğlu", Avropa İttifaqını "ikiüzlü" adlandırıb, BMT-ni tərk etməklə hədələyib və özünü Hitlerlə müqayisə edərək bildirib ki, məmnuniyyətlə üç milyon narkotika aludəçisini öldürərdi.

Onun narkotikaya qarşı apardığı müharibə nəticəsində narkotika satmaqda və istifadədə günahlandırılan minlərlə insan qətlə yetirilib.

Cənab Duterte-nin sözlərinə görə o, Allaha söyüş söyməyəcəyi ilə bağlı söz verib və əlavə edib ki, "Allaha vəd, Filippin xalqına vəddir".

Lakin o qeyd edib ki, vədinin həddi var. Onun ABŞ, Aİ və ya siyasi rəqibi senator Leyla de Lima haqqında danışarkən söyüşdən istifadə edib-etməyəcəyi zamana görə dəyişəcək, yerli media ona istinadən xəbər verir.

Filippinlilərin əksəriyyəti kimi, cənab Duterte də katolikdir. Lakin o, qadınbazlığına görə öyündüyünü bildirib və Papanı səfəri zamanı yaratdığı avtomobil tıxacına görə "fahişənin oğlu" adlandırıb.

Bu yaxınlarda o bildirib ki, filippinlilər ABŞ-la müttəfiqlikdən "ayrılmağı" istəyir və o, Amerika qoşunlarının ölkədən çıxmasını istəyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş