Britaniya mətbuatı: "Erdoğan ölüm cəzası qanunu təsdiq edəcəyini deyir"

Recep Tayyip Erdoğan Fotonun müəllifi Sascha Steinbach
Image caption Türkiyədə ölüm cəzası 2004-cü ildə bu ölkə Avropa İttifaqına üzv olmaq niyyətini bildirdikdən sonra ləğv edilib

"The İndependent" yazır ki, prezident Recep Tayyip Erdoğan ölkəsində ölüm cəzasının bərpası haqqında qanunun qəbul olunmasını gözləyir.

O iyul çevriliş cəhdinin arxasında duranların cəzalandırılması barədə təklifinin qəbul olunacağına inandığını deyib.

"Bizim hökumətimiz bu qanunu parlamentə verəcək, - deyib Ankarada çıxış edən prezident, - Mən əminəm ki, parlament bu qanunu qəbul edəcək və bundan sonra qanun mənim masamın üstünə gələndə mən onu imzalayacağam".

Onun bu sözlərini Ankarada sürət qatarı stansiyasının açılışına toplaşmış kütlələr alqış sədaları ilə qarşılayıb.

Qəzet yazır ki, kütlə xorla "Biz ölüm hökmü istəyirik" - deyə qışqırıb və cənab Erdoğan cavabında "darıxmayın, inşaallah tez, lap tez olacaq" deyib.

Bundan əvvəl də prezident Erdoğan bəyan etmişdi ki, əgər xalq və parlament istəsə, o ölüm hökmünün bərpası qanununu təsdiq edəcək.

O özünün bu niyyətini iyulun 15-də uğursuz çevriliş cəhdinin ardınca keçirilən çoxmilyonlu mitinqdə bəyan etmişdi.

Türkiyədə ölüm cəzası 2004-cü ildə bu ölkə Avropa İttifaqına üzv olmaq niyyətini bildirdikdən sonra ləğv edilmişdi.

"The İndependent" yazır ki, Türkiyə çevriliş cəhdinə qəddar repressiyalarla cavab verəndən bəri Brüssellə Ankara arasındakı münasibətlər korkanıb. Avropa İttifaqı Türkiyəni çevrilişdə iştirak etməkdə şübhəli bilinənlərlə qanun çərçivəsində rəftar edilməsinə çağırıb.

"Qərb onu dedi, qərb bunu dedi. Məni bağışlayın, amma əsas Qərb deyən deyil. Əsas mənim xalqım deyəndir" - Erdoğan şənbə günü etdiyi çıxışında deyib.

Erdoğan 15 iyulda baş tutmamış çevriliş cəhdinin arxasında ABŞ-da yaşayab türk ruhanisi Fethullah Gülenin durduğunu iddia edir.

Türkiyədə Gülenin tərəfdarı olduğu düşünülən 35 min insan həbs edilib.

Litva Putin işğalına hazırlaşır

Fotonun müəllifi Adam Berry
Image caption Putin bundan öncə qonşu ölkələrə hücum etməyəcəyi barədə vədlər verib

"The Daily Star" yazır ki, Rusiya Avropada öz qonşularının torpaqlarını qəsb etmək şakərinə malikdir.

Lakin Litva Putinin oğlanlarının hücumundan o qədər qorxuya düşüb ki, öz vətəndaşları üçün xüsusi təlimat kitabçaları buraxıb.

Məqalədə deyilir ki, ölkə hərbi mükəlləfiyyət elan edib və özünün hərbi xərclərini artırıb.

30 min nüsxə ilə buraxılmış kitabça "vətəndaşları qonşu Rusiyanın hərəkətlərinə diqqət yetirməyə" çağırır.

Bu "dərslik" əslində artıq işğal olunmuş Litvada ruslara qarşı hərəkətləri tədris edir.

Kitabçada, həmçinin Rusiya hərbi texnikasının - tank, qumbara və minaların təfərrüatlı şəkilləri dərc olunub.

Təlimatlar həmçinin litvalılara təbii şəraitdə sağ qalmağın yollarını öyrədir.

"The Daily Star" yazır ki, Litva Krım Ukraynadan ilhaq ediləndən bəri narahatdır.

Bu arada Putinin qonşu ölkələrə hücum etməyəcəyi barədə israrlı vədlərinə baxmayaraq NATO Baltik ölkələrinə minlərlə əsgər yerləşdirib.

Litvanın Müdafiə Nazirliyindən Karolis Aleksa CNN telekanalına deyib ki, bu hazırlıq Rusiyaya bir mesaj olmalıdır.

"Ruslar bilməlidirlər ki, biz hazırıq və bizim başımıza ukraynalıların başına gətirlənləri açmaq mümkün olmayacaq" - rəsmi deyib.

O bildirib ki, Litvanın ərazisinə soxulan hər bir qüvvə bilməlidir ki, ciddi müqavimətlə üzləşəcək.

"The Telegraph" qəzeti huşsuzluğun aradan qaldırılması üçün 6 məsləhət verib.

Fotonun müəllifi Ulet Ifansasti
Image caption İnsanların huşsuzluğunun artması onların smartfonlar və internetdən çox istifadə etməsi ilə əlaqəlidir

Paddy Magrane-nin yazdığı məqalədə deyilir ki, son vaxtlarda insanların unutqanlığı artıb.

Əslində unutqanlıq kimi əsas sindromu olan dementiya xəstəliyi də yüksəlişdədir.

Lakin müəllifin fikrincə, unutqanlığın çarəsi var və bunu bilmək üçün ekspertlərə qulaq asmaq lazımdır.

Çünki heç də bütün unutqanlıqlar dementiya xəstəliyi ilə bağlı deyil.

Məqalədə deyilir ki, 2015-ci ilin oktybarında Leicester şəhərindəki De Montfort Universitetində aparılmış araşdırmadan məlum olub ki, insanların huşsuzluğunun artması onların smartfonlar və internetdən çox istifadə etməsi ilə bağlıdır.

Bu araşdırmadan həm də bəlli olub ki, unutqanlıqdan daha çox qadınlar əziyyət çəkirlər.

Bəs necə olur ki, biz evdən çıxarkən lazımi əşyaları götürməyi, telefon nömrələrini və yaxınlarımızın ad günlərini unuduruq?!

Alimlərin fikrincə kompüter və smartfonlardan istifadə bizim beynizimizdə "kəpənək" effekti yaradır. Biz Google-a o qədər arxayınıq ki, daha beynimizə nəyisə yadda saxlamaq üçün zəhmət vermirik.

Peşə neyroterapevti Yvonne Spijkerman deyir ki, belə bir həqiqət mövcuddur: Beynimizdən istifadə etmiriksə, onu itiririk.

Başqa sözlərlə biz Google-a arxayın oluruqsa, deməli beynimizin yaddaş funksiyasını söndürürük.

Yvonne yaddaşın yaxşılaşdırılması üçün 6 sadə fənd təklif edir:

  • Edəcəyiniz işi kağız üzərində yazın və ucadan özünüzə deyin

Nəyisə yazdıqda beynin yaddaş mexanizmi işə düşür. Bu üsulla siz unutqanlığınızı 50 faiz azalda bilərsiniz. Nəyisə mahnı oxuya-oxuya yadda saxlaya bilərsiniz. Çünki beynin mahnıları yadda saxlayan hissəsi onun başqa nahiyəsində yerləşir.

  • Bir-bir yadda saxlayın

Biz bəzən əlimizdəki telefonda mətn yaza-yaza uşaqları məktəbə aparırıq. Bu zaman bir neçə informasiyalar bir-birinə qarışır. Belə olduqda nələrisə unutmaq asandır. Odur ki, görəcəyiniz işləri bir-bir yadda saxlayın.

  • Vizual "şparqalkalar"

İndi bir çoxlarımızın mətbəxlərində yazı taxtaları və ya divar təqvimləri var. Mühüm tarixləri və bu tarixlərdə görüləcək işləri bunların üzərində qeyd etmək olar. Göz qabağında olan bu "şparqalkalar" beynin köməyinə yetir. Biz bu qeydləri gördükdə beyin hər dəfə təkrar proqramlanır.

  • Beyninizi məşq etdirin

Bu geniş məlumdur ki, krossvordlar və Sudoku beynin məşqinə kömək edir. Amma Yvonne deyir ki, nəbadə bu işləri telefonunuzda görəsiniz. "Yazmaq beyin üçün çap etməkdən daha faydalıdır" - alim deyir.

  • Beyninizin boz maddəsini stimullaşdırın

Maraqlı həmsöhbətlərlə müzakirələr, muzey və qalereyalara baş çəkilməsi də beyni oyandırır. Beyini darıxdırıcı həyat qədər "söndürən" heç nə yoxdur.

  • İdman edin

Bəli, idman qan-damar sisteminə və deməli beynin qidalanmasına müsbət təsir edir. İdman əvəzinə qaçmaq, gəzmək, bağda-bostanda işləmək də olar. Bütün bunlar beyninizi oksigenlə təchiz edəcək.

Bunları edin, bir də görəcəksiniz ki, unutqanlığın özünü unutmusunuz...