Daha az ev tapşırığı edən finlandiyalı şagirdlər niyə daha uğurlu olurlar?

ev tapşırığı üstündə mübahisə Fotonun müəllifi Thinkstock
Image caption Ev tapşırığı bəzən valideynlər üçün mübahisə mənbəyidir, amma Finlandiyada yox.

Finlandiyalı şagirdlər məktəbdə az vaxt keçirirlər, daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Bunun sirri nədir?

Bu sualın cavabı axşamlar məktəbli uşaqları ilə ev tapşırığı üstündə mübahisə edən valideynləri daha çox maraqlandıra bilər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədqiqat mərkəzi bildirir ki, Finlandiya məktəbliləri hər hansı digər OECD ölkəsində olduğundan daha az dərs keçir və ev tapşırığı alır.

Yay tətili daha uzundur

Məktəblərlə valideynlər arasında mübahisə mövzularından biri də yay tətillərinin uzunluğudur.

Fotonun müəllifi Thinkstock
Image caption Finlandiyada təhsil sistemi yüksək nəticə verir, amma şagirdlər məktəbdə daha az zaman keçirir

İngiltərə və Uelsdə uşaqlar iyulun ortalarına qədər məktəbə gedirlər. Finlandiyada isə mayın sonunda başlayan tətil 10 - 11 həftə çəkir.

Bundan başqa, finlərin uşaqları nəzəri olaraq yeddi yaşına çatmamış məktəbə getməli deyillər. Hərçənd, onların çoxu bu yaşa qədər artıq məktəbə gedir.

Beynəlxalq Piza imtahanlarına gəlincə Finlandiya oxu üzrə altıncı, Britaniya isə 23-cü yeri tutur. Riyaziyyat üzrə isə Finlandiya 12-ci, Britaniya isə 26-cıdır.

OECD-nin başqa bir beynəlxalq reytinq cədvəlinə görə Finlandiya ötən il riyaziyyat və dəqiq elmlər üzrə altıncı yeri tutmuşdu.

Yaxşı, bəs nə baş verir? Necə olur ki, finlər oxumağa gec başlayırlar, daha az dərs oxuyurlar, bununla yanaşı hamını qabaqlayırlar?

Gələn il Finlandiya müstəqilliyinin yüzüncü ildönümünü qeyd edir. Bu münasibətlə ölkə öz məktəbləri ilə bağlı müsbət təcrübəni başqa ölkələrlə bölüşmək qərarına gəlib.

"HundrEd" adlanan bu layihənin rəhbəri Saku Tuominen deyir ki, valideynlər uşaqlarının məktəbdə çox vaxt keçirməsini o qədər də istəmirlər.

Onun sözlərinə görə valideynlər ailəyə uyğunlaşdırılmış təhsil arzusundadırlar.


Müəllimlərə hörmət

Ev tapşırıqları Britaniyada məktəblərindəkindən daha azdır. Üstəlik, əlavə özəl hazırlıq anlayışı da yoxdur.

Cənab Tuominen deyir ki, Finlandiyanın təhsil sistemində əsas konsepsiya etibardır.

Valideynlər məktəblərin düzgün qərarlar verdiyinə və dərs günü ərzində uşaqlara yaxşı təhsil verdiyinə inanırlar. Məktəblərsə öz müəllimlərinin keyfiyyətinə etibar edirlər.

Fotonun müəllifi Thinkstock
Image caption Finlandiya 1970-ci illərdən bəri təhsilin keyfiyyətini yüksəltməyə başlayıb

Finlandiyada müəllimlik yüksək statuslu peşədir. Müəllimlərə böyük peşəkar muxtariyyət verilib.

Cənab Tuominen deyir ki, bu, İngiltərədəki sistemdən fərqli fəlsəfədir. O hesab edir ki, İngiltərədəki sistem test siyahıları, reytinq cədvəlləri, hədəflər və ictimai cavabdehlik üzərində qurulub.

İngilis təhsil sistemindəki imtahanların sayını isə o, "quyruğun iti bulaması" adlandırır. (Bu ifadə əhəmiyyətsiz bir şeyin vəziyyəti idarə etməsini bildirir.)

Əlbəttə, biz rahat və arxayın fin yanaşmasının irəliyə aparan üsul olduğunu düşünə bilərik. Ancaq bununla yanaşı biz Sinqapur və Cənubi Koreya kimi uğurlu təhsil sisteminə malik ölkələrə də baxa bilərik.

Onların da uşaqları Britaniya məktəblilərindən yaxşı nəticələr göstərirlər. Ancaq onların mədəni yanaşması kökündən fərqlidir. Onların yanaşması uzun tədris saatlarına və amansız təzyiqə köklənib.

"Uzunmüddətli planlama"

Sual yaranır ki, bəlkə məktəblər gələcək nəsli formalaşdırmaqdansa sadəcə mövcud olan cəmiyyəti əks etdirir?

Finlandiyaya gəlincə, cənab Tuominen deyir ki, fin məktəb sistemi xidmət etdiyi cəmiyyətin ayrılmaz parçasıdır.

Onun sözlərinə görə, bu, "ictimai birliyə malik", bərabərhüquqlu və səmərəli cəmiyyətdir və özünə uyğun davamlı etibarlı məktəb sistemi var.

Deyilənlərdən elə çıxa bilər ki, ölkələr ömürlük yaratdıqları məktəb sistemləri ilə yaşamağa məhkumdurlar.

Ancaq, qeyd etməliyik ki, Finlandiyanın bu uğurunda qaçılmaz bir şey yoxdur.

Bu sistem 1970-ci və 80-ci illərdə həyata keçirilmiş islahatların nəticəsidir. Bu islahatlar adi məktəb sistemini dünya liderinə çevirdi.

Britaniyanın Milli Baş Müəllimlər Assosiasiyasının lideri Russell Hobby hesab edir ki, bu "sabitlik" fin təhsil sistemini fərqləndirən əsas cəhətdir.

"Finlandiyada təhsil siyasətinə uzunmüddətli yanaşma var. Yəni planlar uzun müddət ərzində dəyişdirilmir. Bu isə onlara işləmək imkanı verir," - o deyir.

Onun fikrincə İngiltərədə bunun tam əksidir: "Hökumət dayanmadan [təhsil] siyasətini qurdalayır və diqqətini daha çox struktura yönəldir. Yəni, məsələn, dəlillərə fokuslanmaqdansa məktəblərə və akademiyalara fokuslanır."

Fotonun müəllifi iStock
Image caption İyunun əvvəlindən Finlandiyada yay tətilidir

Britaniyada tədris saatlarının azaldılması əlamətləri gözə dəymir.

İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya tədris günlərinin sayına görə artıq OECD ölkələri arasında orta göstəricidən yuxarıda dayanırlar.

Üstəlik, İngiltərədə bu ilin büdcəsində orta məktəblərdə əlavə tədris günləri üçün vəsait nəzərdə tutulub.

İngiltərədə şagirdlərin il ərzində aldıqları dərs saatları finlandiyalı şagirdlərin əlavə dərs saatlarından 150 saat çoxdur.

Ev tapşırığı işə yarayır

OECD-nin təhsil direktoru Andreas Schleicherin sözlərinə görə əlavə tədris saatları daha yaxşı nəticələrə yol açır.

"Siz dəqiq elmləri həftədə bircə saat artıq tədris edəndə orta balları yüksəldiyini görürsünüz," - o deyir.

"Ancaq bu demək deyil ki, qiymətləri yüksəltmək kifayətdir. Çünki Finlandiya kimi ölkələr daha az tədris saatı ərzində daha böyük dəyər ortaya qoyurlar," - Schleicher deyir.

Kəmiyyət və keyfiyyət arasındakı bu tarazlaşdırma daha bir sual doğurur:

Məktəblərdə dərs saatları daha az, tətillərsə daha uzun olsaydı bunun işləyən valideynlərə və uşaqlara qulluğun dəyərinə hansı təsiri olardı?

Məsələnin ev tapşırığı tərəfi də bir o qədər sadə deyil.

Ev tapşırığı finlərə lazım olmasa da, aparılan tədqiqatlar onun müsbət fərq yaratdığnı göstərir.

Britaniyanın Təhsil İnstitutundan professor Susan Hallamın sözlərinə görə ev tapşırığının şagirdlərin uğur qazanmasında həqiqətən də ciddi rol oynadığını göstərən "güclü dəlillər" var.

"Bu barədə söhbət belə ola bilməz," - o deyir.

Britaniyanın Təhsil Departamentinin apardığı araşdırma nəticəsində məlum olub ki, hər axşam evdə iki-üç saat ev tapşırığı edən şagirdlər imtahanlarda heç ev tapşırığı etməyən şagirdlərə nisbətən 10 dəfə daha yaxşı nəticə göstərirlər.

Ona görə də, axşamlar uşaqlarımızla ev tapşırığı üstündə apardığımız mübahisələrə qayıtsaq yaxşıdır.