Yerevanda Halloween: gənclərin sevimlisi, kilsənin narazılığı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yerevanda Halloween: gənclərin sevimlisi, kilsənin narazılığı

“Qərb kökləri” olan Valentin və Halloween kimi bayramların populyarlaşması Ermənistan Apostol Kilsəsinin narazılığını doğursa da, Ermənistan gəncləri bu günləri hər il qeyd edirlər.

Bu il də oktyabrın 31-i gecəsini yüzlərlə oğlan və qızlar kabus, əcinnə, zombi və başqa dəhşətli kino qəhrəmanları görkəmində paytaxtın mərkəzi meydanında keçirir.

Erməni Kilsəsinin bəzi nümayəndələri gənclərin , necə deyərlər, ana kilsədən, öz dini köklərindən uzaqlaşması ehtimalından ehtiyatlanır.

Müqəddəs İoann kilsəsinin baş keşişi Şmavon Ğevondyan Erməni Apostol Kilsəsinin gənclərin “Halloween həvəsinə” mənfi münasibət bəslədiyini bildirir.

“Bizim kilsə belə bayram tanımır, çünki, o bütün övliyaların bayramı adlansa da, onda zərrə qədər də xristianlıq yoxdur”, - iyerey Ğevondyan jurnalistlərə deyib.

“Bayram şadlıq və xeyirxahlıq gətirməli, insanın qəlbini oxşamalıdır. Bu isə, əksinə, hirs dolu və vahiməli sifətlidir”, - o deyib.

Lakin bu gün Ermənistan paytaxtının mərkəzi meydanına toplaşan maskarad geyimli gənclər BBC müxbiri Aleksey Manvelyana deyiblər ki, bu günü onlar “sadəcə şənlənmək üçün daha bir imkan” kimi nəzərdən keçirirlər.

Gənclərin çoxu gəzintidən sonra şənliklərini ətrafdakı kafelərdə davam edirlər.

Yaxınlıqda yerləşən kafe və restoranlar da bu günə aidiyyatı olan atributla bəzənib. Bəzi mağazalarda Halloween-ə aid suvenir və digər əşyalar almaq olar.