Britaniya mətbuatı: Erdoğan “Atatürkün qəzeti” üzərinə hücuma keçib

British press

""Hər gün Türkiyədən daha bir pis xəbər gəlir". "Financial Times" qəzetinin müxbiri Alev Scott yazır ki, bu sözlər onun İstanbulda yaşayan rəfiqəsinə aiddir.

Müxbir "Erdoğan azad mətbuatın tabutuna son mismarı vurur" adlı məqaləsində yazır: İyul ayında baş tutmamış hərbi çevriliş cəhdindən bəri artıq aylardır ki, türklər insan və vətəndaş haqlarının kütləvi pozulmasını yaşayırlar.

"Lakin bazar ertəsi baş vermiş hadisə əvvəlkilərdən fərqli idi" - yazır Scott.

Məqalədə deyilir ki, həmin səhər sübh çağı Türkiyənin ən qədim və ən uca səsli qəzeti Cumhuriyet üçün işləyən bir neçə jurnalist evlərində həbs edilib. Onlara qarşı "terrora dəstək" ittihamı irəli sürülüb. Daha beş jurnalistin həbsi üçün order verilib.

"Biz buna təəccüblənməməliyik, - yazır "Türk oyanışı" kitabının müəllifi Alev Scott, - Prezident Recep Tayyip Erdoğanın hökuməti son bir neçə ayda davam edən siyasi repressiyalarının əsnasında 185 media qurumunu bağlayıb və 100-dən çox jurnalisti həbs edib..."

Jurnalist yazır ki, illər boyu hökuməti tənqid etdiyinə görə Cumhuriyetin bir gün atəş xəttinə düşəcəyi qaçılmaz idi.

Amma buna baxmayaraq iyul ayından bəri mətbuat azadlığının aşılanması dövründə, əslində 2013-cü ildə baş vermiş Gezi Park etirazlarından bəri bu xəbərin emosional zərbəsi qədər güclü zərbə olmayıb.

Məqalədə deyilir ki, bu qəzetin Türkiyə üçün sosial əhəmiyyəti ölçüyəgəlməzdir.

1924-cü ildə Mustafa Kemal Atatürkün rəhbərliyi altında nəşrə başlamış qəzetin adı - "respublikadır".

Az qala yüz ilə yaxın bir dövrdə qəzet respublikanın dünyəvi dəyərlərini təmsil edib.

Bu qəzetin əsasən sol təmayüllü oxucu kütləsi özünü, getdikcə daha avtoritar olan islamçı Ədalət və İnkişaf Partiyasının hakimiyyəti altında mövcudluğunu dayandırmış Türkiyə modeli ilə bağlayır.

Scott yazır ki, bu qəzet çətin indiki siyasi və maliyyə şəraitində çox yaşasın.

Artıq neçə aylardır ki, heç bir şirkət cəsarət edib öz reklamını bu qəzetin səhifələrində dərc etdirmir.

Fotonun müəllifi AFP
Image caption Cumhuriyet qəzetinin sabiq redaktoru Can Dündar mühacirətdə yaşayır.

"Mən altı ay bundan əvvəl qəzetin keçmiş redaktoru Can Dündardan müsahibə alanda o demişdi ki, bu qəzet yüksək ruh və adrenalinin üstündə dərc olunur, - yazır jurnalist, - O mənə bildirmişdi ki, o və həmkarları demək olar maaş almırlar. "Bu qəzet respublikanın özü qədər qocadır, - demişdi Dündar, onu bağlamaq asan olmayacaq".

İndi Dündar "dövlət sirlərini" yaydığına görə 5 il müddətinə azadlıqdan məhrum edildikdən sonra sürgündə, ondan sonrakı redaktor isə həbsxanadadır.

Scott yazır ki, qəzetin bazar ertəsi sayının birinci səhifəsində "Biz təslim olmayacağıq" yazılsa da, çox güman ki Cumhuriyet də terrorizmdə ittiham edilmiş başqa nəşrlərin və agentliklərin taleyini yaşayacaq.

Ən kədərlisi isə budur ki, vaxtilə Cumhuriyet cənab Erdoğanla onun indiki qanlı düşməni Fethullah Gülen arasındakı ittifaqın ən kəskin tənqidçisi olub.

"Başqa vaxt olsaydı Cumhuriyeti gülençi şəbəkə ilə bağlamaq çox gülünc səslənərdi" - yazır Alev Scott.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyədə ötən iyulda baş vermis uğursuz çevriliş cəhdinin ardınca 35 min nəfər həbs edilib və daha 100 min nəfər işindən qovulub.

Jurnalistin fikrincə Türkiyədə müxalif mətbuatın başına gələnlər belə bir acı həqiqəti də əks etdirir ki, hətta demokratik yolla seçilmiş hökumətin də davranışı demokratik olmaya da bilər, ələlxüsus da seçicilərə yalnız hökumətin nəzarətində olan qəzetlər və xəbər agentliklərinin süzgəcindən keçən məlumatlar verilirsə.

Alev Scott yazır ki, Erdoğan populyardır. Onun partiyasına ötən noyabrda səslərin 49 faizi verilib. Lakin populyar hakimiyyət qanunun aliliyi olmadan tiranlığa çevrilir. Bu gün Türkiyədə sözün həqiqi mənasında qanunun hakimiyyəti yoxdur.

"Cumhuriyet qəzetinin gözlənilən süqutu köhnə dostun ölümü kimidir" - yazır jurnalist.

"Məhdud ölüm cəzası" necə olur?

"The İndependent" qəzeti də Türkiyədən söz açır. Məqalədə deyilir ki, Türkiyənin baş naziri Binali Yıldırım ölkədə ölüm cəzasının "məhdud tədbir" kimi bərpasının mümkün olduğunu bildirib.

Baş nazirin sözlərinə görə bunun üçün siyasi partiyalar arasında razılaşma əldə olunmalıdır.

"Əgər ən yüksək cəza barəsində razılaşma əldə edilsə, onda bu cəzadan məhdud tədbir kimi istifadə oluna bilər - deyib baş nazir, - Lakin biz xalqın tələblərini eşitməməzliyə vurmayacağıq".

Binali Yıldırım hakim AKP-dən olan millət vəkillərinin qarşısında çıxış edirdi.

"The İndependent" yazır ki, Türkiyədə 1984-cü ildən bu yana ölüm cəzası icra edilməyib və ölkə 2002-ci ildə Avropa İttifaqına üzvlük danışqılarına hazırlıq çərçivəsində bu cəza növünü rəsmən ləğv edib.

Bu arada Almaniya və Avropa İttifaqına üzv olan ölkələr qəti şəkildə bildiriblər ki, Türkiyədə ölüm cəzasının bərpası Ankaranın Avropa İttifaqına üzv olmaq ambisiyalarının sonu olacaq.

Üç gün bundan əvvəl prezident Recep Tayyip Erdoğan demişdi ki, parlamentdə ölüm cəzasının bərpası məsələsinə baxılmasını rica edəcək.

O əmin olduğunu bildirmişdi ki, hökumətin təklifi ilə veriləcək belə bir qanun layihəsi parlament səsverməsindən keçəcək. Erdoğan demişdi ki, belə bir hal baş verərsə, o, həmin qanuna dərhal imza atacaq.

Türkiyədə ötən iyulda baş vermis uğursuz çevriliş cəhdinin ardınca 35 min nəfər həbs edilib və daha 100 min nəfər işindən qovulub.

Fotonun müəllifi AFP
Image caption Türkiyənin baş naziri Binali Yıldırım ölkədə ölüm cəzasının "məhdud tədbir" kimi bərpasının mümkün olduğunu bildirib.

Bu adamların əksəriyyəti ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin təşkilatı ilə əlaqədə olmaqda ittiham edilirlər.

Baş nazir Binali Yıldırım əmin etməyə çalışıb ki, ölüm cəzası bərpa olunarsa, çevriliş cəhdində iştiraka görə həbs edilənlərin heç birinə şamil edilməyəcək.

Başqa sözlərlərlə qanundan retrospektiv şəkildə istifadə olunmayacaq.

Binali Yıldırım habelə daha 15 media qurumunun bağlanması ilə əlaqədar Qərbin tənqidlərini də cavabsız buraxmayıb.

O deyib ki, bu media qurumları terrorçu təşkilatlar və Fethullah Gülenlə bağlı olduqlarına görə qapadılıb.

Xəbər verilir ki, Türkiyədə müxalifyönlü Cumhuriyet qəzetinin azı 13 əməkdaşı saxlanıb.

Cənab Yıldırım deyib ki, Türkiyə "mətbuat azadlığını sonadək qoruyacaq" və Avropa İttifaqının ona dərs deməsinə ehtiyac yoxdur.

Tosqun kişilər qadınlar üçün cazibəlidirmi?

"The Telegraph" yazır ki, tosqun və bəstəboy atalar daha çox yaşayır, qarşı cinsi daha çox cəzb edir və öz genlərini daha mütənasib bədənli rəqiblərindən daha yaxşı ötürürlər.

Əslində gözləmək olardlı ki, atalıq dövründən sonra testosteronun azalması ilə bağlı şişmanlaşan şəxslər "əsl kişilik idealına" uyğun olmasınlar, amma bu xüsusiyyətlər kişilərdə ömrü uzadır və immun sistemini gücləndirir.

Belə bir nəticəyə Yale Universitetindıən antropologiya professoru Richard Bribiescas gəlib.

Fotonun müəllifi PAUL ELLIS/AFP/Getty Images
Image caption "The Telegraph" qəzetindəki məqalədə deyilir ki, tosqun və bəstəboy atalar daha çox yaşayır

Alim bildirir ki, belə tosqun bədənli kişiləri nadir hallarda infarkt vurur və onlar prostat vəzinin xərçənginə demək olar, tutulmurlar.

2008-ci ildə aparılmış tədiqiqat göstərib ki, metbolizmi yüksək olan, yəni bədən tənasüblərini qoruyub saxlayan kişilərin ölmə ehtimalı şişmanlaşan həmcinslərindən 50 faiz yüksəkdir.

"Maçoluq kişiləri xəstə edir" - deyir professor Bribiescas.

Onun sözlərinə görə Hollywood adətən pis adamları vurub yıxan əsl kişi obrazlarını boylu-buxunlu və mütanasib bədənli təsvir edir.

Professor deyir ki, kişilər ümumən qadınlardan daha iri və daha güclü olsalar da onların əhəmiyyətli dərəcədə zəifliyi də var.

"Biz qadınlarla müqayisədə infeksiya və xəstəliklərə daha çətinliklə üstün gəlirik və sadəcə, özümüzə baxmırıq. Bu isə kişilərin sürətlə qocalmasını şərtləndirir" - deyir alim.

Professor Bribiescas iddia edir ki, ataların daha şişman olması onları, qadınların dalınca qaçmaqdansa vaxtlarının çoxunu uşaqlara həsr etməyə sövq edir.

Alim bunu da iddia edir ki, piylilik də qadınları daha çox cəlb edir.

Ahıl yaşlarında ata olanlardan biri də məşhur aktyor Robert De Nirodur. Onun övladı dünyaya gələndə 68 yaşı vardı. Müğənni Rod Stewart səkkizinci övladı olanda 66 yaşı haqlamışdı.

"Kişi hormonu testosteronun bədəndə azalmasının effektlərindən biri də əzələ kütləsinin azalması və piy kütləsinin artmasıdır" - yazır professor özünün "Kişilər necə yaşlanır? Təkamül kişi sağlamlığı və ölümü haqda nə deyir?" adlı kitabında.

O yazır ki, bədənin şişmanlaması bədən sahibini daha rahat şalvarlar almağa sövq edir və ümumilikdə onun xəstəliklərə müqavimətini artırır.

Lakin "Telegraph" yazır ki, Cambridge Universitetinin ötən il apardığı araşdırma bu deyilənlərin tam əksini göstərib.

Tədqiqat müəlliflərinin fikrincə qadınlar öz uşaqlarına ata seçərkən "uzaq məsafə qaçışçılarını" seçirlər.

Belələrində piylənmə getmir, seksual həvəsləri və sperm sayı daha yüksək olur.

Bu barədə daha geniş