Britaniya mətbuatı: Qaçmaq hamını arıqlatmır, amma ətiri göbəyinizə vurun…

Britaniya mətbuatı

Obama: Mənim xətrimi istəyirsinizsə…

"Financial Times" yazır ki, prezident Barack Obama Hillary Clinton-u dəstəkləmələri üçün qaradərili seçicilərə təcili müraciət edib.

O xəbərdarlıq edib ki, bu seçkidə Hillary Clinton qalib gəlməsə, onun bir prezident kimi son səkkiz ildə qaradərili əhali üçün qazandığı nailiyyətlər itə bilər.

Qəzet rəy sorğularına əsasən yazır ki, qaradərili elektoratın fəallığı Barack Obama-nın seçilməsi zamanı olduğundan çox aşağıdır.

Məhz buna görə də cənab Obama xəbərdarlıq edib ki, Donald Trump prezident seçilərsə, onun qaradərili əhali üçün həyata keçirdiyi islahatlar geri döndərilə bilər.

Məqalədə deyilir ki, Hillary Clinton qarşıdan gələn seçkidə özünün əsas ümidlərini qaradərili və ispandilli elektoratın səslərinə bağlayıb.

Obama elektorata müraciətində deyib ki, son hesablamalara görə ispandilli elektoratın Clinton-a dəstəyi yüksəlib, lakin qaradərili seçicilərin dəstəyi arzu olunan səviyyədə deyil.

Cənab Obama bu müraciəti qaradərili dinləyicilər arasında populyar olan Tom Joyner Morning Show radio proqranmında edib.

Fotonun müəllifi Sara D. Davis/ Getty
Image caption Barack Obama deyib ki, əgər qaradərili icma onun xətrini həqiqətən də istəyirsə, Trump-ın onun siyasi irsinin üstündən xətt çəkməsinə yol verməməlidir

"The New York Times" qəzetinin yazdığına görə Florida ştatında qaradərili seçicilər arasında erkən səsvermə dörd il bundan əvvəllə müqayisədə 10 faiz azalıb.

Amerika qanunları seçicilərə seçkiyə bir qədər qalmış vaxtından əvvəl səs vermək hüququ tanıyır və bu proses "erkən səsvermə" adlanır.

Məqalədə deyilir ki, Florida ştatı bu seçkinin müqəddəratında əsas rol oynayacaq və Clinton-un burada qalib gəlməsi Trump-ın Ağ Evə gedən bütün yollarını bağlayacaq.

Daha bir mühüm ştatda, Şimali Carolina-da qaradərililər arasında erkən səsvermə 2012-ci illə müqayisədə 16 faiz azalıb.

Bu ştat da xanım Clinton-un qələbəsi üçün xüsusi önəm daşıyır.

Prezident Obama deyib ki, onun qulağına çatan məlumatlara görə Donald Trump seçkidə qalib gələrsə, onun Ağ Evdə ilk həftələrdə gördüyü əsas iş Obama islahatlarının üstündən xətt çəkmək olacaq.

Burada söhbət əsasən də Barack Obama-nın ədliyyə sisteminə etdiyi dəyişikliklərdən gedir. Bu dəyişikliklər ədliyyə sistemində qaradərililərə qarşı diskriminasiyaya, qaradərili şəxslərin lüzumsuz həbslərinə və üstlərinin axtarılmasına son qoymaq məqsədi güdür.

Barack Obama deyib ki, əgər qaradərili icma onun xətrini həqiqətən də istəyirsə, Trump-ın onun siyasi irsinin üstündən xətt çəkməsinə yol verməməlidir.

"Mən bilirəm ki, indi bəziləri bərbərxanada və ya gözəllik salonlarında oturub deyirlər ki, "biz Barack-ı çox sevirik, Michel-i xüsusilə çox sevirik. O seçiləndə həyəcanlı idik, amma indi o qədər də həyəcanlı deyilik və sair". Bilirsiniz nə var? Mən istəyirəm ki, hamı başa düşsün. Bizim etdiyimiz nə varsa hamısının taleyi bütün bunları mənim kimi düşünən birisinə təhvil verə bilməyimdən asılıdır" - deyib prezident.

"Financial Times" yazır ki, cənab Trump habelə Barack Obamanın həyata keçirdiyi səhiyyə sığortası sistemini də ləğv edə bilər.

Təhlilçilər bildirirlər ki, qaradərili elektoratın və ya Latın amerikalılarının dəstək verməməsi Hillary Clinton üçün vahiməli yuxudur.

Qaçmaq niyə hamını arıqlatmır?

"The Guardian" soruşur: "Adamlar niyə qaçırlar? Bu sual psixoloqlardan tutmuş fizioloqlara qədər bütün alimləri valeh edib".

Məqalədə deyilir ki, 2014-cü ildə Böyük Britaniyada 10 milyon qaçışçının arasında keçirilmiş sorğuya alınan əsas cavablar " sağlamlıq üçün", "stresdən xilas olmaq üçün" və "yarış üçün" olub.

Lakin Avropa boyunca 3500 həvəskar qaçışçının arasında aparılmış sorğuda respondentlərin 40 faizi "arıqlamaq üçün" cavabını veriblər.

Amma burası da var ki, adamların bir çoxu artıq çəkidən xilas olmaq üçün qaçsa da, qaçış bu məqsədə bir çox hallarda qulluq edə bilmir.

Nəzəri baxımdan hər şey çox sadədir. 450 qram çəkidən xilas olmaq üçün 3500 kalori itirmək lazımdır. Bu 56 kilometr qaçış deməkdir. Odur ki, məsələ düşünüldüyü qədər də sadə deyil.

"The Guardian" yazır ki, burada insanın təkamül nəticəsində əldə etdiyi bioloji xüsusiyyət maneəyə çevrilir. Başqa sözlərlə, nə qədər çox idman edirsinizsə, orqanizm bir o qədər itirdiyini bərpa etməyə çalışır. Bu insan orqanizmindəki təbii mexanizmdir və onun aclıqdan ölməməsi üçün təşəkkül tapıb.

Arizona Universitetinin idman elmi professoru Glenn Gaesser deyir ki, insan bədəni çəkini kamil tənzimləyən mexanizmə malikdir.

Onun sözlərinə görə bizim bədənimizin özünün daxili çəki itirmə limiti var. Ona görə də bizim çəkimiz, iraq olsun, həyat tərzini pozan ciddi dəyişiklik, məsələn faciə və xəstəlik olmasa, ildən-ilə adətən sabit qalır.

Alimlər deyirlər ki, idmanın ardınca orqanizmdə kiçik, lakin mühüm kompensasiya prosesləri gedir. Əsas etibarilə hüceyrə səviyyəsində, xüsusilə yatdığımız vaxt metabolik əmsal azalır. Bu isə o deməkdir ki, idman hərəkətləri nəticəsində çəkiniz azaldıqca və hər dəfə idman etdikcə kalorilərin "yandırılması" ləngləşir. Başqa sözlərlə, çəki atmaq və arıqlamaq idman etdikcə çətinləşir. Bu xüsusilə də idmanla yanaşı yeməyi azaldanlara aiddir.

Fotonun müəllifi Mark Kolbe/ Getty
Image caption Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdır

Üstəlik burada müəyyən psixoloji və davranış dəyişikliyi də baş verir ki, çəki azaltmağınıza mane olur. Ya şüurlu, ya da şüuraltı səviyyədə biz idman zamanı yandırdığımız kaloriləri şişirtməyə meyl edirik. Yəni belə düşünürük ki, bir xeyli çəki azaltmışıq və enerji, dəqiq deyilsə yemək qəbulunu çoxaldırıq.

Bu bir çox insanları heyrətə gətirən fenomendir. İdman edirik, amma çəki azalmır ki, azlamır. Doktor Gaesser deyir ki, nə işdirsə idman təmrinləri reklamlarına baxan şəxslər adətən yediklərindən artıq qida qəbul edirlər.

Bu ona görə baş verir ki, idman bizim yemək davranışımıza birbaşa təsir edir. Əgər idmanla müntəzəm məşğul olmaq uzun müddətdə nəhayət bizə iştahamızı qısmaq qabiliyyəti verirsə də, başlanğıcda və qısa müddətdə idman etdiyimizə görə beyin bizdən qida qəbulu şəklində kompensasiya və mükafat tələb edir.

İdman təmrinlərinə başladığımız ilk vaxtlarda daha yağlı və enerjili yeməklərə meylimiz də bununla əlaqədardır.

Alimlər bu fikirdədirlər ki, qaçmaqla arıqlaya bilməməyimizin əsas səbəbi qaçışdan sonra həyat sürətimizin azalmasıdır.

Professor Gaesser deyir ki, idman edən insanlar şüuraltı səviyyədə öz davranışlarını dəyişirlər.

Bir elmi araşdırmada deyilirdi ki, həftədə 3 və ya beş gün, hər gün 30-40 dəqiqə olmaqla qaçan adamlar günün qalan hissəsində sadəcə olaraq heç bir şey etmirlər. Məsələn, onlar idman etmədikləri vaxtlarda günə 7 min addım yeriyirdilərsə, idmana başladıqdan sonra bunu tərgidirlər.

Professor deyir ki, arıqlamaq üçün qaçanların çoxu bu tip adamlardır və arıqlaya bilməyənlər də elə onlardır.

Gaesser məsləhət görür ki, qaçmağa başlayan insanlar başqa fiziki fəaliyyətlərini azaltmamaq üçün özlərinə nəzarət etməlidirlər.

Professor deyir ki, adamlar belə bir həqiqəti başa düşməlidirlər: kalori qəbulunu üç dəfə azaltmağınız hələ çəkinizi üç dəfə azaltmaq imkanı deyildir.

Həmişə yadda saxlamaq lazımdır ki, hər bir insanın özünəməxsus metabolizmi və çəki atmaq hüdudu vardır.

Lakin bütün bu elmi mülahizələrə baxmayaraq Gaesser deyir ki, qaçmaq bütün hallarda artıq çəkini atmağın ən ağlabatan vasitəsi olaraq qalır, ən azı ona görə ki, qaçış zamanı bədənimizdəki müxtəlif qrupa daxil əzələlər hərəkətə gəlir.

Məsələn məlumdur ki, su ilə havanın temperatur fərqinə görə üzgüçülük arıqlamaq üün qaçmaq qədər effektli deyil.

Digər tərəfdən biz başqa idman növlərinin, məsələn xizək və ya velosiped sürməyin nə qədər kalori yandırdığını bilmirik, çünki bu sahədə dəqiq elmi araşdırmalar aparılmayıb.

Amma qaçışın yeriməkdən daha effektli olması elmsiz də şübhə doğurmur, çünki biz qaçdığımız zaman yeridiyimizdən daha çox enerji sərf edirik.

Ətiri qulağınıza yox, göbəyininizə vurun

"The İndependent" yazır ki, əksəriyyətimiz odekalon və ya ətirləri adətən boynumuza və ya biləklərimizə fışqırdırıq. Lakin ekspetlər deyirlər ki, sadəcə olaraq biz ən çox ətiryayan yerlərimizi tanımırıq.

Takasago ətir şirkətinin parfümçüsü Steven Claisse məsləhət görür ki, ətirdən bir qədər göbəyimizə damızdırmağımız daha məqsədəuyğundur.

Onun sözlərinə görə göbək bədənin mərkəzi nöqtəsi kimi daha çox istilik şüalandırır. Bu halda onun ətiri yayması da tamamilə təbiidir.

Ekspert deyir ki, əslində bədənin bütün istilik şüalandıran hissələri belədir.

Claisse həmçinin saçlara ətir vurmağı tövsiyə edir, çünki saçlar ətiri daha yaxşı saxlayır və siz hərəkət etdikcə ətrafa ətir yayırsınız.

Amma saçlara ətir vuranda "ağ eləmək" olmaz, çünki saçlarınızı quruda bilərsiniz.

Ekspertin daha bir tövsiyəsi budur ki, ətiri qulağınızın arxasına yox, yuxarı ucuna vurasınız.

Bu halda da ətir daha uzun müddətdə şüalanır.

İstilik şüalandıran başqa hissələr dizlərin arxası və dirsəklərdir.

Ekspert deyir ki, ayaqların arası da bu mənada əhəmiyyətlidir, ələlxüsus da qısa geyinmisinizsə…

Əslində ətir dabanda da yaxşı "işləyir". Dabanın ayaqqabı ilə sürtünməsi istilik şüalandırır.

Ətirlər yun paltarlarda da uzun müddət qalır.

Əlaqəli mövzular