Britaniya mətbuatı: Qərb şirkətləri Tehrana hələ də ehtiyatla yanaşır

Britaniya mətbuatı

Bir qadın Birləşmiş Krallığın Avropa İttfaqından çıxmasını necə əngəlləyir?

"The Telegraph" yazır ki, "Britaniya ali məhkəməsi 17 milyon britaniyalının Avropa İttifaqından çıxmaq barədə iradəsini parlamentin müzakirəsinə verən hökm çıxarıb".

Daha dəqiq deyilsə, ali məhkəmənin hakimləri bu qərara gəliblər ki, referendumda Britaniyanın Avropa İttifaqından çıxması nəticəsi hasil olsa da, bu addım ölkə parlamentinin müzakirəsinə verilmədən atıla bilməz.

Məqalədə deyilir ki, avropapərəst millət vəkilləri məhkəmənin bu qərarından Brexit-i ləğv etmək və ya heç olmasa baş nazir Theresa May-i ittifaqdan çıxışın başlanğıcı olan 50-ci maddəni işə salmaq səlahiyyətindən məhrum etmək üçün faydalanmağa can atırlar.

Hələlik baş nazir istənilən təziyiqlərə sinə gərəcəyini vəd edib.

Lakin baş nazirin Mühafizəkar Partiyasından olan vəzifəli millət vəkilləri və lordlar düşünürlər ki, xanım May konstitusiya böhranı nəticəsində erkən seçki çağırmağa məcbur ola bilər.

Britaniyanın Avropa İttifaqından çıxmasının qatı tərəfdarı olan "The Telegraph" xatırladır ki, referendumda 17, 4 milyon nəfər Brexit-ə səs verib və bu, Britaniyanın tarixində xalqın verdiyi ən böyük mandatdır.

Buna baxmayaraq parlamentdəki millət vəkillərinin çoxluğu Britaniyanın ittifaqda qalmasına tərəfdardır.

Məhkəmənin qərarında isə deyilir ki, baş nazir yalnız əlahəzrətin mandatına malik olmaqla parlamentdən yan keçə bilməz.

İndi söhbət ondan gedir ki, parlament qanuna dəyişiklik etməklə Britaniyanın Avropa İttifaqından çıxmasını aylarla, bəlkə də illərlə ləngidə bilər.

Təhlilçilər bildirirlər ki, məhkəmənin qərarı Britaniyanın Avropa İttifaqından çıxmasını 2019-cu ilədək təxirə sala bilər.

Hazırda Britaniyanın Avropa İttifaqından çıxmasına qızğın tərəfdar olan millət vəkilləri ali məhkəməni və onun hakimlərini "xalqın iradəsinin üstündən xətt çəkmək cəhdində" ittiham edirlər. Onlar hətta iddia edirlər ki, hakimlərdən biri Britaniyanın Avropa İttifaqında qalmasını istəyən keçmi baş nazir Tony Blair-ə yaxındır.

"The Telegraph" xatırladır ki, Britaniyanın Avropa İttifaqından çıxması məsələsinin parlamentdə müzakirəsinə nail olunması üçün məhkəməyə varlı xeyriyyəçi qadın Gina Miller müraciət etmişdi.

Qərb şirkətləri Tehrana hələ də ehtiyatla yanaşır

Fotonun müəllifi ATTA KENARE/ Getty

"Financial Times" yazır ki, Tehranın üzərindəki Qərb sanksiyaları artıq ötən yanvarda qaldırılsa da, böyük enerji şirkətləri bu ölkədə iş görməyə hələlik can atmırlar.

Məqalədə deyilir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə dünyanın ikinci böyük qaz və dördüncü ən böyük neft ehtiyatına sahib Tehran növbəti beş ildə ölkənin enerji sektoruna 200 milyard dollar investisiya qoyulmasına çalışır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə İranın Cənubi Pars yatağında 51 trilyon kubmetr qaz ehtiyatı olduğu təxmin edilir.

"Financial Times" yazır ki, Körfəzdə yerləşən bu enerji ilə zəngin bölgədən istifadə edən Qətər dünyanın ən böyük maye qaz ixracatçısına çevrilib.

Lakin İran indiyədək beynəlxalq sanksiyalara görə istər Cənubi Pars, istərsə də Şimali Pars yataqlarını inkişaf etdirə bilməyib.

Total şirkəti burada özünün axtarış və hasilat fəaliyyətini 2010-cu ildə dayandırıb. Cənubi Pars yatağının bəzi sahələrində işləyən Statoil isə 2011-ci ildən bütün işləri dayandırıb.

Burada 19-cu sektor adlanan hissədə iki İran şirkəti çalışıb, lakin bu layihədəki işçilərin sayı hələ səkkiz ay əvvəl 11 min nəfər idisə, hazırda bu rəqəm 4 min nəfərə düşüb.

"Financial Times" yazır ki, sanksiyaların qaldırılması İran şirkətlərinə Qərb avadanlığının əldə olunması imkanı verib.

Lakin bütün bunlara baxmayaraq bir vaxtlar burada işləmiş xarici şirkətlər qayıtmağa tələsmirlər.

"Financial Times" yazır ki, Avropa şirkətləri İranda tammiqyaslı işə başlanmasına ehtiyatla yanaşırlar.

Məqalədə deyilir ki, neft qiymətlərinin aşağı olması, habelə İranın ətrafındakı siyasi risklər və qeyri-müəyyənliklər Qərb şirkətlərini İran məsələsində ehtiyatlı mövqe tutmağa sövq edir.

Buna baxmayaraq, bəzi şirkətlərin İranla iş görməyə həvəsli olduğunu göstərən əlamətlər də var. Məsələn BP sanksiyalar qaldırlandan sonra bu ay İrandan ixrac olunan neftin bir hissəsini alıb.

BP-nin icraçı direktoru Bob Dudley deyib ki, "bu, İranla iş görməyin necə olduğunun sınaqdan çıxarılması üçün yaxşı imkan olub".

Lakin o xəbərdarlıq edib ki, ABŞ sanksiyaları hələ də Avropa şirkətlərinin İranla iş görməsinə mane olur və avropalılar bu mənəda son dərəcə ehtiyatlı olmalıdırlar.

"Financial Times" yazır ki, Qərb şirkətləri İranla iş görmək istəsələr də, bu ölkədən daha aydın şərtlər və daha çox güzəştlərin əldə edilməsinə çalışırlar.

Məsələ burasındadır ki, İranın Qərb şirkətləri ilə Avropa üçün güzəştli şərtlər içərisində işləməsinə ölkənin mühafizəkar qüvvələri mane olurlar.

Qərb şirkətləri isə bildirirlər ki, onlar İranla köhnə müqavilələr əsasında işləmək istəmirlər.

İtaliyanın Eni şirkəti bildirib ki, o hələ də İran tərəfininin qaz və neft sənayesi üçün kontraktlarının hansı çərçivədə olacağını gözləyir.

İranın Dövlət Neft Şirkəti ilə niyyət protokolu imzalamış Total da İran tərəfinin müqavilə şərtlərinin necə olacağının intizarındadır.

Buna baxmayaraq Total bildirib ki, İran tərəfinin aydın şərtlərini görməyincə heç bir investiya yatırmayacaq.

Misirin pulu da "üzən məzənnəyə" buraxıldı

"The Guardian" yazır ki, Misir özünün milli valyutasının dəyərinin 48 faizini ləğv edib, başqa sözlərlə onu "üzən məzənnəyə" buraxıb.

Məqalədə deyilir ki, bu, ölkənin Beynəlxalq Valyuta Fondundan qarşıdan gələn üç ildə 12 milyard dollar kredirt almasının əsas şərti idi.

Beləliklə indi 1 dollar 13 Misir funt sterlinqinə bərabərdir. İndiyədək 1 dollar 9 Misir funtu idi.

Beləliklə Misirin son onilliklərdəki tarixində ilk dəfə olaraq ölkənin milli valyutasının dəyərini bazar alqı-satqısı müəyən edəcək.

"The Guardian" yazır ki, bu tədbirin ölkədəki əmtəə qiymətlərini qaldıracağı və prezident Abdel Fattah əl-Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır.

2014-cü ildə prezident kürsüsünə əyləşən general əl-Sisi deyib ki, o yoxsulları inflyasiyadan qorumaq üçün əlindən gələni edıcık.

Onun göstərişi ilə yoxsul ailələrə şəkər və düyü kimi gündəlik tələbat mallarının yarı qiymətə satılması təmin edilməlidir.

Ölkənin ən böyük maqnatlarından Naguib Sawiris Tvitter hesabından yazıb ki, Misir milli valyutasının "üzən məzənnəyə" buraxılması əla addım olub.

Beynəlxaql Valyuta Fondunun Misirin üzərinə qoyduğu şərtlərdən biri də yanacağa dövlət subsidiyalarının dayandırılmasıdır.

Hökumət artıq indidən kartoçkalarla alınan şəkərin qiymətini 40 faiz qaldırıb.

Əhalini sakitləşdirməyə çalışan hökumət elan edib ki, ayrı-ayrı fərd və şirkətlərin bank əmanətləri qorunub saxlanacaq.

Banklara hər gün axşam saat 9-dək xarici valyutanın alqı-satqısına icazə veriləcək.

Əlaqəli mövzular