Britaniya mətbuatı: Mosulda “icbari saqqalları qırxırlar"

British press

OPEC "neft yuxusundan" ayılmaq istəmir

"The Telegraph" qəzetində Ambrose Evans-Pritchard yazır ki, neft ixrac edən ölkələrin OPEC qrupu neftə tələbatın qarşıdan gələn 25 ildə də azalmayacağına inandığını bəyan edib.

Körfəz ölkələrinin rəhbərlik etdiyi kartelin təxminləri belə bir gözlənti üzərində qurulub ki, Paris iqlim razılaşması iflasa uğrayacaq.

Beləliklə kartel sürətlə inkişaf edən texnologiyalar və bazarı genişlənən elektrik avtomovillərini görməməzliyə vurmaq qərarına gəlib.

OPEC-in "2016: Dünya Neftinə Baxış" hesabatında iddia edilir ki, neftə olan tələbat Çin, Hindistan və başqa inkişaf etməkdə olan ölkələrə görə günə 16 milyon barrel artaraq 2040-cı ilədək günə 109 milyon barrelə çatacaq.

"The Telegraph" yazır ki, OPEC qarşıdan gələn onillikdə öz hasilatını günə 12 milyon barrel artırmağa ümid edir. Hesabatda deyilir ki, bu müddətdə qeyri-OPEC ölkələrində hasilat tədricən azalmağa başlayacaq.

Ambrose Evans-Pritchard yazır ki, OPEC gələcəyə baxışlarında hələ də ABŞ neftinin sərfəli olmayacağı və Rusiya neftinin isə tükənməyə başlayacağı vaxtlara ümid edir.

Məqalədə deyilir ki, 2040-cı ildə neftin bir barreli indiki pulla yalnız 92 dollara qalxacaq.

"The Telegraph" yazır ki, OPEC-in bu proqramı heç şübhəsiz iri neft şirkətlərinin neftin gələcəyi barədə bədbin proqnozlarına cavab kimi hazırlanlb.

Məsələn ötən həftə Shell şirkəti bildirib ki, xam neftə qlobal tələbat 5 il müddətində kəlləçarxa çatacaq və bundan sonra azalmağa başlayacaq. Shell bunu sıfır emissiyalı və yüksək qənaətli avtomobillərin yaranması ilə əsaslandırır.

Məqalədə deyilir ki, Almaniya parlamentinə daxil partiyalar 2030-cu ilədək benzin və dizellə işləyən avtomobillərin satışını qadağan edəcək qanun layihəsinin hazırlanmasına başlayıblar. Ölkənin Volkswagen, Mercedes və BMW avtomobilqayırma nəhəngləri elektrik maşınları bazarını tutmaq üçün indidən yarışa giriblər.

OPEC-in proqramında isə deyilir ki, o iqlim sazişini salamlayır, lakin onun işləməyəcəyinə inanır.

OPEC güman edir ki, 2040-cı ildə dünyanın enerji tələbatının 77 faizini mədən yanacağı təşkil edəcək. OPEC düşünür ki, alternativ enerji mənbələri - Günəş, külək və geotermal enerji növləri tələbatın yalnız 5 faizinə cavab verəcək.

Kartel bu qənaətdədir ki, Paris razılaşmasına görə kömür bazarın bir hissəsini itirəcək, lakin qaz və neftin bazarı bugünkü qədər - yəni 52, 7 faiz qalacaq.

"The Telegraph" yazır ki, neftin əvvəlki mötəbərliyində qalacağının təxmin edilməsi neft ölkələri üçün böyük qumar riskidir.

İngiltərə Bankının rəhbəri Mark Carney bu yaxınlarda etdiyi çıxışında deyib ki, enerji sektorunda böyük "texnoloji inqilab" baş verəcək və bu, bazardakı bütün "köhnə nizamı" süpürüb bir tərəfə atacaq. Artıq indinin özündə dünyanın dörd kömür nəhəngindən üçü müflis olub və əgər enerji şirkətləri yeni şəraitin tələblərinə uyğun dəyişməsələr daha bir dərin qlobal böhrana səbəb olacaqlar.

"The Telegraph" yazır ki, görünür son iki ilin ağrılı məşəqqəti OPEC üzvləri üçün dərs olmayıb. Səudiyyə Ərəbistanının bazarı ucuz neftlə doldurmaqla ABŞ neftini bazardan çıxarmaq cəhdləri iflasa uğrayıb. Plan baş tutmayıb. Əvvəlki illərdə olduğu kimi ucuz neft daha baha qiymətlərlə nəticələnməyib. Neft istehsal edən ölkələr dərin büdcə problemləri ilə üzləşiblər.

Fotonun müəllifi THOMAS COEX/AFP/Getty Images
Image caption Bloomberg New Energy Finance şirkətinin rəhbəri Michael Liebreich deyib ki, OPEC-in reallıqları görməməsi artıq məsuliyyətsizliyə çevrilir.

OPEC ABŞ-ın şist neftinin gələcəyini də düzgün proqnozlaşdıra bilməyib. Səudiyyə Ərəbistanı ümid edib ki, Amerika neftinin yüksək maya dəyəri onun sərfəliliyinin üstündən xətt çəkəcək. Amma belə olmayıb. Şist neftçiləri texnologiyalarını sürətlə inkişaf etdiriblər və bu isə maya dəyəri azaltmaqda davam edir.

OPEC öz səhvlərini birdən-birə başa düşüb və anlayıb ki, neftin qiyməti bir barrel üçün 65 dollara 2021-ci ildək qalxmayacaq.

"The Telegraph" yazır ki, OPEC hesabatına "ən pis ssenarini" - 2010-ci ilədək neftə tələbatın günə cəmi 5 milyon barrel artacağı variantı da daxil edib. Lakin hətta bu proqnoz da yalnız Çin və Hinsdistanın neftə tələbatının artacağına hesablanıb.

Bloomberg New Energy Finance şirkətinin rəhbəri Michael Liebreich deyib ki, OPEC-in reallıqları görməməsi artıq məsuliyyətsizliyə çevrilir.

Saqqalın qırxılması - azadlıq rəmzi

"The Guardian" yazır ki, İraqın Mosul şəhərindəki mülkilər son iki ili İslam Dövləti və ya İŞİD adlnanan təşkilatın hakimiyyəti altında ölüm qorxusu içində yaşayıblar.

Məqalədə deyilir ki, İŞİD Mosul şəhərində İslamla bağladığı bir sıra absurd qaydalar tətbiq edib. Cihadçılar dinc əhaliyə futbola baxmağı, üstündə emblemlər olan köynəklər geyinməyi qadağan ediblər. Kişilər üçünsə saqqal saxlamaq qanun mərtəbəsinə qaldırılıb.

"Mən onların qaydalarına əməl etməyə məcbur idim, - deyib 20 yaşlı Mosul sakini Mahmud Sabah, - Mən saqqal saxlayırdım. Amma saqqalla heç vaxt selfie çəkməmişəm. O vaxtın xatirələrini silmək istəyirəm".

"The Guardian" yazır ki, İraqın təhlükəsizlik qüvvələri Mosulun içərilərinə doğru yürüyərək İŞİD cihadçılarının müqavimətini yardığı bir vaxtda, mülkilər müvəqqəti köçkünlər üçün əvvəlcədən hazırlanmış düşərgələrə qaçıb gəlirlər.

Məqalədə deyilir ki, düşərgələrə pənah gətirən kişilərin əksəriyyərti üçün azadlıq pırtlaşıq və səliqəsiz saqqalarından izal olmaq deməkdir.

Köçkünlərin bu ehtiyacını təmin etmək üçün İraq Kürdüstanının Ərbil şəhərindən olan dörd dəllək Hassanşama düşərgəsinə gəlib. Onların səfərini kürdlərin Rudaw media qrupu təşkil edib.

"Mən bura könüllü kimi gəlmişəm - deyib 25 yaşlı bərbər Dyar Stayl, - Mosulda saqqal qırxmaq qanunsuz idi, amma biz bura kömək etməyə gəlmişik".

Mosuldan ötən gecə qaça bilmiş Hani Mahmud Amin isə deyir ki, saqqalını qırxdırmaq onun üçün azadlığın rəmzidir.

Fotonun müəllifi AFP
Image caption Mosul şəhərini ələ keçirməyə yönəlmiş hərbi əməliyyat üç həftədir ki, davam edir.

"İŞİD bizim həyatımızı alt-üst edib. Mən bu saqqala nifrət edirəm" - deyib Amin. Mosulun Səddam rayonundan iki gecə əvvəl qaçıb gəlmiş Maysar Jasim isə deyib ki, David Beckham-a bənzəmək istəyir.

Onun əyinində Potruqaliyanın futbol ulduzu Cristiano Ronaldonun adı var. Amma maykasının emblemini cihadçılar qopardıblar.

Məqalədə deyilir ki, əlbəttə İŞİD-in nəzarətində olan ərazilərin azad edilməsinin əhəmiyyəti saqqalların qırxılmasından qat-qat çoxdur, çünki azadlıq həm də qorxusuz həyatı geri qaytarıb.

"Mən nə qədər xoşbəxt olduğumu ifadə edə bilmirəm, - deyib Sabah, - İraq ordusu gələndə mən bütün əsgərləri qucaqlamaq istəyirdim".

"The Guardian" yazır ki, çoxları üçün icbari saqqaldan xilas olmaq normal həyata qayıtmağın simvoludur.

Qadınlar təravətli üz dərisi üçün nə yeməlidirlər?

"The İndependent" qadınlara təbiətin solduğu qış aylarında üzün təravətini saxlamağın sirlətrini açıb. Məqalədə deyilir ki, quruducu istilik sistemi və şaxtalı küləklər mövsümündə üz dərisinin təravəti qəbul etdiyiniz qidalardan çox asılıdır.

Ekspertlər bildirirlər ki, bəzi yeməklər losyon və kremlərdən daha səmərəli təsirə malikdir. Məşhur gözəllik eksperti Liz Earle deyir ki, üz dərisi ilə bağlı narahatlıqdan yalnız düzgün yemək və içməklə xilas olmaq olar.

Söhbət üz dərisini təmizləyən qidalardan gedir. Ekspert deyir ki, mənzillərdəki qızdırıcılar üz dərisini qurudur və bu da öz növbəsində qırışların artmasına rəvac verir. Xanım Earle məsləhət görür ki, üz qurumasının qarşısını zeytun, raps və kətan kimi bitki yağlarının qəbulu ilə alasınız.

Bunları şirələrə və ya suplara qatmaqla qəbul etmək mümkündür. Ekspert şəkərin qəbulunu azaltmağı və tərkibində qələvi olan qidaların qəbulunu artırmağı məsləhət görür. Bunlar qulançar (asparaqus), kərəviz, giləmeyvələr, qreypfrut, limon və lumudur. Ekspertin fikrincə bunlar alın hissəni təravətli saxlayır.

Xanım Earle qeyd edir ki, üz dərisinin təravətini saxlamaq üçün günə azı litr yarım su içmək zəruridir. Suyun qəbulu gözün altındakı dairəvi hissədə kisələrin əmələ gəlməməsi üçün lazımdır.

"Göz torbaları" kimi tanınan bu xoşagəlməz şişkinliyi kalium və maqneziumla zəngin tərəvəzlər - qara kələm, kale (kələm növü), qabaq, şirin kartof, sitrus meyvələri və papaya yeməklə ləğv etmək olar, deyib ekspert.

Ümumilikdə üzün şişkinliyini razyana, kərəviz, xiyar, kasnı azalda bilər. Earle deyir ki, onun sevimli nahar yeməyi hisə verilmiş skumbriya balığı ilə razyana toxumu və qırmızı turp salatıdır.

Ekspert bildirir ki, qabıq qoyan quru üz dərisi skumbriya, siyənək, sardina, qızıl balıq və tuna kimi yağlı balıqları yeməyinizi tələb edir. Earle deyir ki, balıqdan xoşunuz gəlmirsə onu kətan və raps yağı ilə əvəz edin.

Bu barədə daha geniş