Trump qalibdir: İlk beynəlxalq reaksiyalar

Donald Trump ABŞ prezident seçkilərinin qalibi elan olundu. O, Demokratların namizədi Hillary Clinton-a qalib gəlib. BBC dünya boyunca siyasi liderlərin reaksiyalarını öyrənib.

Fotonun müəllifi Michael Reaves/Getty
Image caption Donald Trump Amerikanın 45-ci prezidenti seçilib.

Azərbaycan

Azərabycan prezidenti İlham Əliyev ABŞ-ın prezidenti seçilməsi münasibəti ilə Donald Trump-ı təbrik edib.

"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir", təbrik məktubunda deyilir.

Cənab Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Rusiya

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti seçilmiş Donald Trump-a teleqram göndərərək onu təbrik edib, Rossiya 24 TV Kreml mətbuat xidmətinə istinadla xəbər verir.

Cənab Putin həmçinin ABŞ-Rusiya əlaqələrinin böhrandan çıxacağına ümidini ifadə edib və Moskva və Washington arasında dialoqun bərabərlik və qarşılıqlı hörmət əsasında hər iki ölkənin maraqlarına cavab verəcəyinə inandığını bildirib.

Türkiyə

Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Donald Trump-ı təbrik edib və deyib ki, Ankara ABŞ-la "inama əsaslanan münasibət və əməkdaşlığını" gücləndirəcək.

Ermənistan

Ermənistan prezidenti Serj Sarkisyan Donald Trump-ı ABŞ-ın prezidenti seçilməsi münasibətilə təbrik edib və Ermənistana dəstəyə görə ABŞ hökumətinə minnətdarlığını bildirib, Armenpress xəbər agentliyi bildirir.

"Bu gün, Ermənistanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ərəfəsində, ölkənizin göstərdiyi əhəmiyyətli dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu dəstək Ermənistanda demokratiya və iqtisadi inkişafın güclənməsinə yönəlib. Biz ABŞ-ın ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindəki iştirakını və rolunu yükəsk qiymətləndiririk", bildirilir.

Bəyanatda həmçinin deyilir: "Mən əminəm ki, prezidentliyiniz dövründə ABŞ-la Ermənistan arasındakı dost münasibətlər davam edəcək və daha da güclənərək müxtəlif sahələrdə nailiyyətlərin əldə olunmasına gətirəcək".

Kanada

Kanada baş naziri Justin Trudeau Trump-la yaxından əməkdaşlıq etmək istədiklərini bildirib.

"Kanada hökuməti adından Donald Trump-ı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edirəm", cənab Trudeau deyib.

"Kanadanın ABŞ-dan yaxın dostu, partnyoru və müttəfiqi yoxdur. Biz prezident Trump-la yaxından əməkdaşlıq etmək istəyirik..." bəyanatda deyilir.

Fransa

Fransanın ifrat sağçı Milli Cəbhə partiyasının lideri Marine Le Pen cənab Trump-ı təbrik edib: "ABŞ-ın yeni prezidenti Donald Trump-a və azad Amerika xalqına təbriklər!", o Twitter-də yazıb.

Onun atası, partiyanın yaradıcısı Jean-Marie Le Pen deyib: "Bu gün ABŞ, sabah Fransa", - o tvitləyib.

Malayziya

Malayziyanın Baş Naziri Najib Razak cənab Trump-ı təbrik edib və qələbənin ABŞ-ı xaricdəki müdaxilələrdə daha az iştirakını istəyən amerikalılara aid olduğunu deyib.

Cənab Nəcib deyib ki, Trump-ın prezidentliyi dövründə ölkəsinin ABŞ-la əməkdaşlığına ümid edir.

Onun ofisindən sözçü BBC-ə deyib ki, baş nazir və Donald Trump qolf dostlarıdır. Baş Nazirin ofisində, onun stuluna yaxın yerdə cənab Trumpla şəkli var. Trump ona bu sözlərlə imza atıb: "Mənim sevimli baş nazirimə".

Almaniya

Almaniya Müdafiə Naziri Ursula Von der Leyen Donald Trump-ın seçki qələbəsini "böyük şok" adlandırıb. "Cənab Trump biləcək ki, bu səsləri ona verməyiblər, establişmentin əleyhinə veriblər", xanım Von der Leyen deyib.

"Biz yalnız vakuum, admistrasiya dəyişikliyi mərhələsinə deyil, çox-çox suallar mərhələsinə daxil oluruq", o deyib.

Avropa

Avropa parlamenti prezident Martin Schulz deyib ki, Donald Trump-ın ABŞ prezidenti seçilməsi işləri Avropa İttifaqı üçün çətinləşdirəcək.

"Çox çətin olacaq, əvvəlki adminstrasiyalardan da çətin, amma o, azad seçilmiş prezidentdir", o Fransa radiosuna deyib.

Sinqapur

BBC müxbiri Liz Corbin Sinqapur hökumətinə müsahibə üçün müraciət edib və bu cavabı alıb: "İndi müsahibə verməyin bir xeyri yoxdur. Dünya boyunca hökumətlərə bu nəticəni düşünüb-daşınmaq üçün vaxt lazım olacaq".

Şri Lanka

Şri Lanka hökumətinin sözçüsü BBC-ə deyib ki, cənab Trump-ın qələbəsi dünyada sülh üçün yaxşı xəbərdir və "dünyanın işlərinə az qarışmaq deməkdir".

Bu barədə daha geniş