Britaniya mətbuatı: "California ABŞ-dan ayrılmaq istəyir" və başqa vahiməli qəzet başlıqları

Donald Trump Fotonun müəllifi MANDEL NGAN

Trump-ın Ağ Ev komandası kim olacaq?

"Financial Times" yazır ki, ABŞ prezidentliyinə seçilmiş respublikaçı Donald Trump-ın Ağ Ev komandasında kimlərin olacağı barədə müzakirələr əslində bir müddət əvvəl başlanmışdı.

Məqalədə deyilir ki, cənab Trump seçki kampaniyası boyunca Wall Street-i və böyük biznesləri tənqid atəşinə tutsa da, belə görünür, o Ağ Ev komandasına mühafizəkar maliyyə və biznes fiqurlarını cəlb edəcək.

Adı çəlkilənlərdən biri də Goldman Sachs bankının keçmiş icraçı direktoru Steve Mnuchin-dir. Onu mümkün maliyyə naziri kimi görənlər də var.

Mühafizəkar sütunyazarı, Reagan administrasiyasında çalışmış və bir vaxtlar Bear Stearns firmasında işləmiş Lawrence Kudlow da Trump kampaniyasında iqtisadi məsələlərlə məşğul olub.

Kampaniya komandasının başqa bir üzvü, Heritage fondunun iqtisadçısı Steve Moore isə cənab Trump-ın vergilərlə bağlı proqramını hazırlayıb.

"Mən Wall Street-dəki ən ağıllı adamları tanıyıram. Mən qiymətini artıqlaması ilə almış və qiymətini almamış oğlanları yaxşı tanıyıram…" - demişdi Trump iyun ayında etdiyi çıxışlardan birində.

O vaxt o General Electric şirkətinin keçmiş direktoru Jack Welch, KKR maliyyə firmasının təsisçisi Henry Kravis və "mənim dostum" milyarder Carl Icahn kimi "oğlanları" işə cəlb etməyin lazım olduğunu söyləmişdi.

Trump-ın iqtisadiyyat və ticarət siyasəti üzrə müşaviri Dan Dimicco isə Nucor poladəritmə şirkətinin keçmiş başçısı kimi çalışıb.

Bəzi təhlilçilər düşünürlər ki, Trump habelə 18 aylıq kampaniyası zamanı hücum etdiyi respublikaçıları da vəzifələrə gətirəcək.

Dimicco deyib ki, cənab Trump ölkə üçün işləmək istəyənləri başına yığacaq.

"Financial Times" yazır ki, bununla da Trump vəzifəli respublikaçıların onun rəhbərlik bacarığına şübhələrini dağıtmaq istəyir.

Təhlilçilər düşünürlər ki, Trump xarici siyasət və müdafiə sahəsində də belə barışdırıcı mövqe tutacaq.

Məsələn, milli təhlükəsizlik məsələlərində onun üz tutduğu adamlardan biri də Rusiya hökumətinin nəzarətində olan Russia Today şəbəkəsinin müntəzəm təhlilçisi, Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri Michael Flynn-dir.

Onun başqa bir seçimi olan Keith Kellogg isə 2003-cü il müdaxiləsindən sonra İraqın keçid hökumətinin müşaviri olub.

Trump-ın müşavirləri arasında Yaxın Şərq üzrə təhlilçi Walid Phares də var. O bir vaxtlar, 1980-ci illərdə Livanın vətəndaş müharibəsində silahlı xristian qruplaşması ilə əlaqələrinə görə qalmaqala səbəb olmuşdu.

Trump-ın açıq və ən uca səsli müdafiəçilərindən biri olmuş keçmiş New York meri Rudy Giuliani-nin adı tez-tez mümkün baş prokuror kimi çəkilir.

"Financial Times" yazır ki, daha dərin sual bu namizədlərlə Trump-ın hansı siyasətləri yürüdəcəyi və bu siyasətlərin respublikaçıların yanaşmasına nə qədər yaxın olacağıdır.

Məqalədə deyilir ki, Trump-ın seçki xəritəsinin genişliyinə baxmayaraq onun kampaniya vədlərindən bəziləri Respublika Partiyasının siyasəti ilə kəllə-kəlləyə gələ bilər.

Böyük bizneslər üçün vergi ixtisarları bir çox respublikaçlların ürəyindən olsa da, onun azad ticarətə vəd etdiyi məhdudiyyətlər ciddi narahatlığa yol açır.

Çin və Meksikaya qoyulacaq vergi tarifləri ABŞ büdcəsi üçün ciddi problemlər yarada bilər.

"Financial Times" yazır ki, Donald Trump-ın respublikaçıları birləşdirmək naminə, özünün müəyyən vədlərindən nə dərəcədə geri çəkilə biləcəyi daha bir mürəkkəb sualdır.

Cənab Moore deyib ki, vergi nəzarətinin ləğvi və vergi islahatları administrasiyanın ilk növbədə atacağı addımlar olacaq.

Moore deyib ki, vergi planı Donald Trump-ın iqtisadi gündəliyinin özəyini təşkil edir.

"Lakin Tax Policy Center adlı müstəqil firmanın apardığı təhlil göstərib ki, Trump-ın vergi ixtisarları on il ərzində federal borcu 7, 2 trilyon dollara çatdıra bilər" - yazır "Financial Times".

İndi də Calexit?

"The İndependent" yazır ki, Birləşmiş Ştatların ən böyük əhaliyə malik ştatı və dünyanın 6-cı böyük iqtisadiyyatı olan California səslərin 61 faizini Hillary Clinton-a vermişdi.

Məqalədə deyilir ki, "elə buna görə də Donald Trump qalib olduqdan sonra kaliforniyalılar yeganə çarəni müstəqillik elan etməkdə görürlər".

Qəzet yazır ki, səsvermə nəticələri barədə xəbərlər gəldikcə Tvitterdə #Calexit heşteqi trendləməyə başlayıb.

"Qərb sahilinin demokratları bununla da ştatın ABŞ-dan ayrılması çağırışına başlayıblar. Onlar paytaxt Sacramento-da etiraz nümayişi planlaşdırırlar. Bu arada ştatın iki deputatı "biz indi özümüzü yad ölkədə qərib kimi hiss edirik" bəyanatı veriblər" - "The İndependent" yazır.

Məqalədə deyilir ki, bundan əvvəl Texas da daxil bir neçə ştatda uğursuz müstəqillik hərəkatları olub.

California-nın separatçı hərəkatı "Yes California" adlanır və bu qrup 2018-ci il seçkilərində müstəqillik referendumunun keçirilməsinə can atır. Qrup bəyan edib ki, California-nın müstəqil respublikaya çevrilməsini istəyir.

"The İndependent" yazır ki, kaliforniyalılar əvvəlcə özlərinin müstəqillik modelini Catalonia variantı üzərində qurmuşdular, lakin indi Brexit-in uğurundan ürəkləniblər.

Separatçı hərəkata Silicon Vadisinin investorlarından Şervin Pişevar da qoşulub. O deyib ki, California-nın müstəqil respublika olmaq üçün kampaniyasını maliyyələşdirməyə hazırdır.

"Lakin kaliforniyalılar qəzəb və həyəcanın içində unudublar ki, California ABŞ-dan qopsa seçki kollegiyasının həmişə demokratlara qismət olan 55 səsini də özü ilə aparacaq" - "The İndependent" yazır.

Çox söz deyən sərlövhələr…

Fotonun müəllifi Ben Pruchnie

ABŞ-da prezident seçkisinin sürpriz nəticəsindən adamlardan da çox şoka düşən mediadır və Britaniya qəzetlərinin elə başlıqları məqalələrdə yazıldığından az məna kəsb etmir.

"The Telegraph" seçkidə məğlub olmuş Hillary Clinton-un sözlərini özünün baş məqalələrinin sərlövhələrinə çıxarıb: "Biz hamımız bizə ağıl dərsi vermiş Trump-a minnətdar olmalıyıq".

"Həyəcanlı Hillary Clinton əri Bill-ə təşəkkür edib: "Sən ən çətin məqamda mənə arxa oldun".

"The Telegraph" qəzetinin məşhur redaktorlarından biri olan Ambrose Evans-Pritchard məqaləsini belə adlandırıb: "Trump elə həkimin buyurduğu dərmandır, amma əvvəlcə bu dünyanı vurub dağıtmasa".

Qəzetin Trump-ın bioqrafiyasına həsr edilmiş məqaləsinin sərlövhəsində deyilir ki, 45-ci prezident hələ dünyaya gəlməzdən onun ailəsində pul, hakimiyyət və qadın düşkünlüyü cövlan edirmiş.

"Amerika cəhənnəmin özü qədər divanədir və o Trump-ın adını çığırır" - deyilir Fraser Nelson-un məqaləsinə verilmiş başlıqda.

Britaniya qəzetləri Trump soyadının hərfi mənasından da istifadə ediblər. İngiliscə trump sözünün mənası "kozır kart", yəni bütün kartları vuran kart deməkdir.

"Necə oldu ki, qadın cinsinə nifrət Trump-ın vuran kartı oldu?" - deyə sual edir öz məqaləsinə verdiyi sərlövhədə "The Telegraph" qəzetinin xanım yazarı Allisson Pearson.

"Prezident Trump-ın gündəliyi: O Meksika hasarını tikəcəkmi, müsəlmanları qovacaqmı, rəqibini damlayacaqmı?" - deyə sual olunur başqa bir sərlövhədə.

Təhlilçi Allister Heath-in məqaləsinin başlığında oxuyuruq: "Trump ticarətdə vəd etdiklərini eləsə, hamımızı iqtisadi fəlakət gözləyir".

"The Telegraph" təzə birinci ledinin bəyaz donda çəkilmiş fotosunun altından belə bir sərövhə verib: "Şalvar geyinmək qurtardı". Yəqin ki, bundan əvvəlki birinci ledilərin şalvar geyinmələrinə işarə edilib.

Britaniyanın keçmiş xarici işlər naziri William Hague məqaləsinə daha peşəkar başlıq verib: "Çin, Rusiya və İŞİD yenicə seçilmiş prezident Donald Trump-ın gündəliyinin başında olmalıdır".

Juliet Samuel-in yazdığı məqalə "Donald Trump-ın irqçilyi Amerika demokratiyasını üzüntüyə məruz qoyacaq" adlanır.

"Hillary Clinton bəlalı namizəd idi və onun namizədliyini verməkdə demokratların inadı tarixə düşəcək" - deyilir başqa bir təhlil məqaləsinin başlığında.

"Proqnozlar niyə səhv çıxdı? Çünki bizim öyrəncəli olduğumuz siyasət dünyası daha yoxdur" - yazıb Harry de Quetteville.

"The Telegraph" qəzetinin daha bir başlığı rəy sorğularına həsr olunub: "Trump-ın qələbəsindən sonra rəy sorğuları Michelle Obama-nın 2020-ci il seçkisi üçün ən populyar namizəd olduğunu göstərib".