Hillary Clinton və ABŞ seçkiləri: Niyə alınmadı?

Clinton Fotonun müəllifi AP

Şübhəsiz Amerika tarixində ən fövqəladə sayıla biləcək bu seçki siyasi isteblişmentə qarşı qiyam da adlandırıla bilər.

Bu mənada siyasi isteblişmenti Hillary Clinton qədər təmsil edən çox az adam var. Bu seçki kampaniyasında o, milyonlarla qəzəbli seçici üçün sınıq Amerika siyasətinin simasına çevrilmişdi.

Donald Trump isə kifayət qədər ştatda kifayət qədər seçicini inandıra bilib ki, bu sınığı o düzəldə bilər. Milyarder özünü tam işin içində olan birisinə qarşı çıxan tam yad birisi kimi təqdim edə bilmişdi. Clinton bu vəziyyətdə status-quo idi.

Hillary Clinton daim iddia edirdi ki, o, işə ən uyğun namizəddir. O daim öz xasiyyətnaməsini - birinci ledi, ABŞ senatoru və dövlət katibi kimi təcrübələrini qabardırdı.

Lakin bu cəhənnəm qədər divanə seçkidə o qədər hiddət və narazılıq vardı ki, həmin o təcrübəyə Donald Trump-ın tərəfdarları mənfi bir şey kimi baxırdılar. Mənim bu kampaniya ərzində danışdığım çox sayda insan, Ağ Evdə karyeralı siyasətçi yox, biznesmen görmək istəyirdi. Onların Washington-na nifrətləri bu qədər aşkardı.

Clinton-a nifrət çox idi. Bu qəzəb onların damarlarına işləmişdi. Mən Tennessee ştatında nəzakətli bir orta yaşlı xanımla söhbətimi yaxşı xatırlayıram. Söz Hillary Clinton-dan düşən kimi onun nəzakətindən əsər-əlamət də qalmamışdı.

Fotonun müəllifi SPENCER PLATT
Image caption Barack Obama Hillary Clinton-un təcrübəsini tərifləyirdi, lakin bir çox seçiciləri rəncidə edən də elə bu idi.

Barack Obama Hillary Clinton-un təcrübəsini tərifləyirdi, lakin bir çox seçiciləri rəncidə edən də elə bu idi.

Hillary Clinton-un əvvəllər də etimad problemi olub və buna görə də email qalmaqalı bu qədər böyüyə bilmişdi. Onu "şərq sahilinin fəhlə sinfinə rişxəndlə baxan rahibəsi" kimi görürdülər.

Clinton-ların Ağ Evi tərk edəndən bəri topladıqları sərvət də ona kömək edə bilmədi. Keçmiş birinci cütə "limuzin liberalları yox, Learjet liberalları" kimi baxırdılar. Maraqlıdır ki, Clinton-ların sərvətindən xoşlanmayan fəhlə sinfi milyarder mülkiyyət maqnatına səs verdi.

Kişilərdən milyonlarla çox qadının səs verdiyi bir ölkədə cinsiyyəti ona böyük üstünlük verməli idi. Lakin onun hələ Bernie Sanders-ə qarşı praymerilərində xüsusilə də gənc qadınların ürəklərinə yol tapa bilmədiyi bəlli olmuşdu.

Fotonun müəllifi AFP
Image caption Donald Trump bütün amerikalıların prezidenti olacağını deyir.

Çox sayda qadın ona ürək qızdıra bilmirdi. Bəziləri onun birinci ledi olduğu vaxtlarda evdə xörək bişirmək istəməməsi barədə dediklərini mənfi bir hal kimi xatırlayırdılar. Donald Trump onun ərinin sədaqətsizliyinə özünün səbəb olmasından və Bill Clinton-un sataşdığı qadınlara hücum etməsindən danışanda bir çoxları razılıq əlaməti olaraq başlarını yırğalayırdılar.

Heç şübhəsiz burada, qədim, hələ də ölüb getməyən seksizm də rol oynamışdı. Bir çox kişi seçicilər üçün qadın prezident qeyri-məqbul idi.

Amerikalıların ən çox dəyişiklik gözlədikləri bir vaxtda Clinton onlara artıq mövcud olanı təklif edirdi. Hər hansı partiya üçün üç dalbadal seçkini udmaq çətindir. Demokratlar bunu 1940-ci ildən bəri bacarmayıblar.

Hillary Clinton anadangəlmə kampaniyaçı deyildi. Onun çıxışları çox vaxt süst və robotsayağı olurdu. Onun şüarları bəzi qulaqlarda qeyri-səmimi və qondarma səslənirdi. Üstəlik email qalmaqalının təkrar ortalığa gəlməsi aranı qarışdırmışdı. Bu isə o demək idi ki, o kampaniyanı müdafiə mövqeyində bitiriməli idi.

Fotonun müəllifi Getty Images
Image caption Seçki şüarı səssiz əksəriyyətin Trump tərəfində olduğunu bildirir.

O özünün Amerikaya baxışını daim incəliklə izah etməyə çalışırdı. Amma "Birlikdə güclüyük" şüarı heç vaxt "Amerikanı yenidən qüdrətli edək" şüarı qədər qulaqlara yatmırdı. Əlbəttə, Clinton kampaniyası onlarca mümkün şüarı götür-qoy etmişdi, amma elə bunun özü də namizədin mesaj vermək çətinliyini göstərirdi.

Onun kampaniyası taktiki səhvlərə də yol vermişdi. O öz vaxtını və resurslarını North Carolina və Ohio kimi udulmasına ehtiyac olmayan ştatlara həsr etmişdi, halbuki bütün vaxtını son altı seçkidə demokratlara səs vermiş məşhur "mavi ştatlar divarına" sərf etməliydi.

Cənab Trump isə ağdərili fəhlə sinfinin dəstəyi ilə 1984-cü ildən bəri respublikaçılara qismət olmayan Pennsylvania və Wisconsin-də qələbə çalmaqla həmin o mavi divarı uçura bilmişdi.

Bu təkcə Hillary Clinton-dan imtina deyildi, həm də ölkənin yarısı tərəfindən Barack Obama Amerikasından imtina idi. Amma bu artıq başqa bir günün mövzusudur.

Bu barədə daha geniş