Britaniya mətbuatı: “Ekstremist sünnilər” Trump-ın qələbəsinə niyə seviniblər?

British press

"The Guardian" yazır ki, cihadçılar Donald Trump-ın Amerika prezidentliyi uğrunda yarışda gözlənilməz qələbəsini alqışlayıblar. Onlar bəyan ediblər ki, onun prezident seçilməsi daha böyük təfriqə salacaq və Qərbin müsəlmanlara qarşı nifrət və iqrçiliyini daha da faş edəcək.

Məqalədə deyilir ki, ABŞ seçkisi nəticəsinin ekstermist islamçılar tərəfindən sevinclə qarşılanmasına səbəb, onların Trump-ın bölücü ritorikasının və müsəlmanların ABŞ-a gəlişinə qadağan qoyulmasına çağırışının radikalları gücləndirəcəyinə inanmasıdır.

"The Guardian" yazır ki, onların qənaətinə görə indi Qərbin müsəlmanlara düşmən oldğunu göstərmək daha asan olacaq.

Məqalədə deyilir ki, özünü İslam Dövləti adlandıran təşkilat çoxdan bəridir müsəlmanları Qərbdəki rahat həyatlarını qoyub cihada qoşulmağa çağırırdı. Onlar müsəlmanları "ya özlərinin nəzarətində olan ərazilərə gəlmək" və ya Qərbdə "zülm və şərəfsizliklə üzləşmək" arasında seçim etməyə çağırırdılar.

"Trump-ın qələbəsi sünnilərin qələbəsinə doğru addımdır" - deyib ABŞ-ın təxmininə görə əl-Qaidə ilə bağlı olduğu düşünülən və Suriyadakı radikallar arasında nüfuz sahibi sayılan Abdullah əl-Mühaysni.

"Biz uzun müddətdir sizə izah etmək istəyirdik ki, burada söhbət terrorçuluğa yox, sünniliyə qarşı mübarizədən gedir - yazıb Mühaysni bir neçə tvitdə, - Amerikanın strategiyası çox da dəyişməyəcək, indi artıq müharibə örtülü yox, açıq olacaq. Bu çox yaxşı bir şeydir".

Mühaysni yazır ki, Trump-ın qələbəsi "qanlı döyüşlərin və böyük xaosun bünövrəsini qoyacaq" və onun "opponentlərini hədəfləmək və əzmək" məramı Amerikada böyük parçalanmaya səbəb olacaq.

Əl-Qaidənin əsas intellektuallarından sayılan Əbu Məhəmməd əl-Məqdisi vaxtilə İŞİD-in banisi Əbu Müsab əl-Zərqavi ilə bir kamerada "yatıb". O deyib ki, Trump-ın seçilməsinin Amerikanı "xaraba" qoyacağına ümid edir.

"Trump əsl amerikalı mentalitetinin və onların müsəlmanlara və ərəblərə qarşı iqrçiliyinin təcəssümüdür, - deyib əl-Məqdisi, - O yalnız öz xələflərinin gizli saxladıqlarını açıb-tökür".

Sosial mediada və internet forumlarında cihadçıların söhbətlərini monitorinq edən Site Intelligence təşkilatının direktoru Rita Katz deyir ki, ekstremistlər Trump-ın seçilməsinin cihadçıların sıralarını möhkəmləndirəcəyinə və müsəlmalara qarşı nifrəti faş edəcəyinə çoxdan ümid edirdilər.

Katz tvitlərindən birində yazır: "Cihadçılar deyirdilər ki, onlar Clinton-un yox, Trump-ın qələbəsini istəyilər, çünki Trump amerikalıların yarısının düşündüyünü açıq deyir".

Fotonun müəllifi AP
Image caption "The İndependent" qəzetindəki məqalədə deyilir ki, Donald Trump-ın müsəlmanların ABŞ-a gəlməsini qadağan edəcəyi barədə planlarını açıqlayan bəyanat onun internet saytından çıxarılıb.

Əl-Qaidənin Suriyadakı keçmiş qanadı Cəbhət Fateh əş-Şam təşkilatı ilə bağlı Tvitter hesabını saxlayan Həmzə Kəribi deyib ki, Trump demokratiyanın iflasını sübut edib.

"Bu gündən belə bizim Qərbin qəsdlərini izah edən videolara ehtiyacımız olmayacaq, - yazır Kəribi, - Bizə ancaq Trump-ın dediklərini tvitləmək kifayət edəcək".

"Müsəlman qadağası" Trump-ın səhifəsindən silinib

"The İndependent" qəzetində dərc olunmuş məqalə isə göstərir ki, islamçı ekstremistlər, ola bilsin sevinməyə tələsiblər.

Məqalədə deyilir ki, Donald Trump-ın müsəlmanların ABŞ-a gəlməsini qadağan edəcəyi barədə planlarını açıqlayan bəyanat onun internet saytından çıxarılıb.

"The İndependent" yazır ki, milyonların milyarderə səs verdikləri saatlarda onun 2015-ci ilin dekabrına aid bəyanatı internet səhifəsindən müəmmalı şəkildə yoxa çıxıb.

İndi həmin səhifəyə daxil olduqda axtarış başqa bir səhifəyə yönəldilir. Orada isə Trump-ın kampaniyasına ianələr edilməsi rica olunur.

"The İndependent"in internet saxlanclarında apardığı araşdırma göstərir ki, sözü gedən bəyanat seçki günü - noyabrın 8-də səhər Trump-ın səhifəsində imiş. Lakin axşamdan xeyli keçmiş həmin səhifə artıq başqa bir səhifəyə yönəldirdi.

Məqalədə deyilir ki, Wayback Machine kimi internet saxlancları internet saytlarını vaxtaşırı dolaşaraq tapıntıların surətini çıxarır. Amma hətta bu proqram da bəyanatın hansı saatda çıxarıldığını müəyyən edə bilməyib.

Burası da var ki, sözü gedən axtarış aləti materialın çıxarıldığını məyyən edə bilib.

Cənab Trump 2015-ci ilin noyabrında Parisdə baş vermis terror hücumlarının ardınca bəyanat verərək müvəqqəti olaraq bütün müsəlmanların ABŞ-a girişinin qadağan edilməsinə çağırmışdı.

Trump bu çağırışına görə kəskin tənqid olunsa da, onun tərəfdarları qadağan təklifinə haqq qazandırırdılar.

Onlar deyirdilər ki, bu təklif müsəlmanlara qarşı ayrı-seçkilik yox, amerikalıların salamatlığı məqsədi ilə verilib.

Maraqlıdır ki, Trump-ın təklifini dəstəkləyən video və çıxışlar saytdakı yerində qalır.

"The İndependent" yazır ki, hələlik Trump-ın kampaniyasından bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Lakin qəzet yazır ki, bu, Trump-ın internet səhifəsindən ilk silgi deyil.

Məsələn Melania Trump-ın ali təhsili olmadığı barədə şayiələr çıxanda, onun bioqrafiyası saytdan çıxarılmışdı.

Həmin linkə daxil olanlar cənab Trump-ın qolf səhifəsinə yönləndirilirdilər.

Fotonun müəllifi AP
Image caption Alimlər deyiblər ki, yeni elmi tapıntı müəyyən yaş qrupları üçün pandemiyaların niyə təhlükəli olduğunu göstərib.

Qrip virusları adamı yaşından "tanıyırlar"

"The Telegraph" yazır ki, indiyədək heyvanlardan insana keçə bilən H5N1 ştamlı qripin virusuna qarşı az qala heç bir immunitet olmadığına inanılırdı.Lakin Arizona və California Universitetlərinin tədqiqatı göstərib ki, N5N1 virusuna yoluxan insanlardan müəyyən qruplarının bu virusa immunitetləri varmış.

Qripin H1 və H2 ştamları 1968-ci ilədək geniş yayılmışdı. Sonralar onları H3 ştammı üstələyib. Buna görə də həmin ildən bu yana doğulanlar H7N9 ştamlı virsulardan və bu növ quş qripindən immunitetə malikdirlər.

Alimlər deyiblər ki, bu tapıntı müəyyən yaş qrupları üçün pandemiyaların niyə təhlükəli olduğunu göstərib.

Arizona Universitetindən professor Michael Worobey deyib ki, məhz buna görə də H5 və H7 qripinə heç vaxt tutulmayanlar da müəyyən immunitetə malikdirlər.

Tədqiqatçıların fikrincə bu müdafiə sistemi ona görə işləyir ki, uşağa birinci qripin yoluxması ilə "immunoloji möhür" vurulur.

Alimlər bütün qrip virusu ştamlarını iki qrupa bölürlər. Deməli bütün insanların da iki növ "immunoloji möhürü" var.

Doktor Worobey inanır ki, bu, 1918-ci il epidemiyası zamanı niyə daha çox gənclərin ölməsinin səbəbini göstərir.

Alim deyir ki, həmin adamları H1 ştamlı virus öldürmüşdü, çünki onlar uşaqlıqda H3 virusuna yoluxmuşdular və H1 ştammından heç bir müdafiələri yox idi.

Doktor Worobey bildirib ki, növbəti böyük pandemiya da 1918-ci ilin pandemiyasına oxşar mexanizmlərlə yayılacaq.

Alimlərin gəldiyi nəticə budur ki, müəyyən yaş qrupları müəyyən qrip virusları qarşısında gücsüz ola bilərlər.

Beləliklə Worobey və həmkarları nəticəyə gəliblər ki, 1968-ci ildə və sonralar doğulmuş adamlar H7N9 - quş qripinə yoluxmağa meylli olmayacaqlar, çünki uşaqlıda ilk dəfə çox güman H3N2 virusuna yoluxublar. Bu iki virus isə eyni qrupa aiddir.

1968-ci ildən əvvəl doğulanlar isə başqa bir quş qripi virusu olan H5N1-ə qarşı daha yaxşı müdafiə olunublar.

Başqa sözlərlə qrip virusları iki qrupa bölünürlər və uşaqlıqda bu qriplərdən birini keçirmiş şəxslər digər virusa qarşı müdafiəsizdirlər.

Necə deyərlər hər şey doğum ilinə bağlıdır.

Elmi tapıntının praktik əhəmiyyəti budur ki, alimlər növbəti qrip epidemiyaları zamanı hansı yaş qruplarını qorumaq lazım gəldiyini əvvəlcədən biləcəklər.