Fransada 'fövqəladə vəziyyət uzadıla bilər"

A La Bonne Biere kafesinin qarşısında qurbanların xatirəsinə lövhə asılıb Fotonun müəllifi Reuters
Image caption A La Bonne Biere kafesinin qarşısında qurbanların xatirəsinə lövhə asılıb

Fransada ötən il hücumlardan sonra tətbiq edilmiş fövqəladə vəziyyət uzadıla bilər, baş nazir Manuel Valls BBC-ə deyib.

O "demokratiyanı qorumaq üçün" bu tədbirə ehtiyac olduğunu söyləyib.

Cənab Valls Parisdə 130 nəfərin ölümünə səbəb olmuş islamçı qiyamçıların hücumlarının ildönümündə nitq söyləyib.

Prezident Francois Hollande Paris hücumları qurbanlarının xatirəsinə həsr olunmuş lövhələrin açılış mərasimlərində iştirak edib.

Cənan Hollande və Paris meri Fransa Stadionundan (State de France) Bataclan konsert zalına qədər hücum edilmiş altı məkanı ziyarət edərək qurbanları anıblar.

Cənab Hollande diqqətin siyasətə deyil, qurbanların anılmasına yönəlməsi üçün məkanlarda çıxış etməyib.

Fotonun müəllifi Reuters
Image caption Prezident Francois Hollande və Paris meri Anne Hidalgo qurbanları yad edib
Fotonun müəllifi Reuters
Image caption Prezident Hollande və Saint-Denis meri Didier Paillard Fransa Stadionunun qarşısındakı lövhənin açılış mərasimində iştirak edib

Şənbə günü Bataclan konsert zalı britaniyalı müğənni Sting-in səhnəsi ilə yenidən açılıb.

Müğənni aralarında hücumdan sağ çıxanların da olduğu auditoriyaya söyləyib ki, ölənləri yad etmək və həyatı qeyd etmək lazımdır.

Konsertdən öncə özünü İslam Dövləti (İD) adlandıran qrupun cihadçıları tərəfindən öldürülən qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

2015-ci il noyabrın 13-də bir qrup cihadçı Fransa Stadionu və bir neçə restorana hücumlar təşkil edib.

Bataclan hücum ən ölümcülü idi. Burada üç cihadçı 90 nəfəri öldürüb.