Britaniya mətbuatı: Simonyan niyə Moskva küçələrində ABŞ bayrağını dalğalandırmaq istəyib?

Donald Trump Fotonun müəllifi Jessica Kourkounis

Trump 3 milyon adamı deportasiya edəcəyini təsdiqləyib

"The Telegraph" yazır ki, Donald Trump prezidet kimi ilk sərəncamının cinayət məsuliyyəti olan 3 milyon qanunsuz miqrantın deportasiyası olacağını bəyan edib.

Məqalədə deyilir ki, onun bu bəyanatı prezident seçilmiş Trump-la onun namizədliyini qəbul etməkdən dəfələrlə imtina etmiş spiker Paul Ryan arasında təfriqəyə səbəb olub.

Bundan əvvəl cənab Ryan adamları sakitləşdirərək bildirmişdi ki, cənab Trump-ın administrasiyası deportasiyalarla yox, sərhədlərin möhkəmləndirilməsi ilə məşğul olacaq.

Lakin spikerin bu sakitləşdirici bəyanatından bir neçə dəqiqə sonra CBS cənab Trump-la müsahibəni efirə verib. Bu müsahibədə Trump 3 milyon miqrantı dərhal deportasiya edəcəyini bildirir.

O deyib ki, o cinayət məsuliyyəti olmuş şəxsləri, narkotik alverçilərini və sair qanunsuz adamları ölkədən dərhal çıxaracaq və yaxud həbsxanaya salacaq və belələrinin 2 milyon və ya bəlkə də 3 milyon olduğunu düşünür.

Trump deyib ki, sərhədlərin toxunlamazlığı təmin edildikdən sonra miqrasiya rəsmiləri yerdə qalan qanunsuz miqrantların məsələsinə baxmalı olacaqlar.

Bu müsahibədə cənab Trump Meksika ilə ABŞ arasındakı sərhəd boyunca vəd etdiyi divarın da tikiləcəyini deyib, hərçənd bildirib ki, bu divar yox, əslində dəmir çəpər olacaq.

"Bəzi yerlərdə divar olacaq, mən bu işi bilirəm. Bunun adına tikinti deyirlər" - deyib Trump.

O öz sözünün qüvvəsi kimi Macarıstanı misal gətirib: "Macarıstan səmərələri çəpər çəkib onu mühafizə edəndən sonra ölkəyə gələn miqrantların sayı 99 faiz azalıb. Biz bilirik ki, bunu etmək olar. Dünya boyunca müxtəlif ölkələr bu işi görüblər".

"The Telegraph" yazır ki, Ryan-la sözünün bu cür toqquşması, çox güman Trump administrasiyasının ilk başağrısı olacaq.

Trump bir neçə nüfuzlu respublikaçını, o cümlədən, onu kampaniyası boyunca rədd edən, lakin sonra zəng vurub təbrik edən keçmiş prezident George Bush-u kobud şəkildə lağa qoyub.

"The İndependent" yazır ki, Trump ümumən 11 milyon adamı deportasiya edəcəyini deyib.

Məqalədə deyilir ki, Meksika ilə ABŞ sərhədi California və Texas boyunca 3200 kilometrə bərabərdir.

Moskva "düşmənsiz qalıb"

Fotonun müəllifi Twitter

"The Guardian" yazır ki, ABŞ seçkisinə 2 gün qalanda Rusiyanın dövlət Rossiya 24 kanalı saat və dəqiqələri saymağa başlamışdı.

Məqalədə deyilir ki, Moskva heç Rusiya seçkiləri keçiriləndə belə canfəşanlıq etmirdi.

"Lakin Vladimir Putin və Donald Trump arasında bütün qarşılıqlı heyranlıq ifadəsinə baxmayaraq, ABŞ seçkisindən sonra Rusiyada yaranmış əhval-ruhiyyəni "eyforiya" yox, "çaşqınlıq" kimi qiymətləndirmək olar", yazır "The Guardian".

Bəzi rəsmilərin Trump-ın qələbə xəbərinə reaksiyası sevincli olub. Dövlət Duması nəticənin elan edilməsini ayaq üstündə alqışlayıb. Omsk vilayətinin qubernatoru Viktor Nazarov bəyan edib ki, Vladimir Putinin Vahid Rusiya partiyası Birləşmiş Ştatlarda təntənə çalıb.

Russia Today təbliğat telekanalının baş redaktoru Marqaita Simonyan isə deyib ki, onun Moskva boyunca avtomobil sürüb pəncərəsindən Amerika bayrağı dalğalandırmağı gəlir.

Bununla belə, "The Guardian" yazır ki, daha yüksək vəzifəli rəsmilər xəbəri ehtiyatla qarşılayıblar. Baş nazir Dmitri Medvedev deyib ki, Rusiyanın Trump-ın seçkisindən daha vacib probelmləri var. Xarici işlər naziri Sergey Lavrov isə insanları Trump-ın ritorikasını unudub əməllərini gözləməyə çağırıb.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, hələlik Trump-ın prezident seçilməsinin Rusiya-ABŞ münasibətlərini yaxşılaşdıracağını söyləmək çox tezdir.

"The Guardian" qəzetinin yazdığına görə kim nə deyirsə desin, Rusiya Hillary Clinton-un qələbə xəbərinə daha hazırlıqlı idi.

Məqalədə deyilir ki, bu, ABŞ-ın ənənəvi xarici siyasətinin davam etdiriləcəyinin işarəsi olardı. Rusiya sistemi məhz Amerika ilə opponentlik siyasəti üstündə qərar tutub.

"The Guardian" yazır ki, Trump-a göstərilən ictimai rəğbətə baxmayaraq Rusiyanın dövlət təbliğat maşını onun qələbəsini gözləmirdi.

ABŞ-da seçki məntəqələri təzə açılanda Margarita Simonyan tvit yazmışdı: "Rahat uyu, demokratiya!"

"Amerika sisteminə inanmaq olmaz" təbliğatını Rusiya mediası 2012-ci ildə Putin üçüncü dəfə prezident olandan bəri istehsal edir.

Rusiya təbliğatı daim vurğulayırdı ki, ABŞ Liviya və Suriyanı xaosa düçar edib və Rusiyanın da eyni vəziyyətə düşməsini istəyir.

Təbliğat deyirdi ki, Putin belə vəziyyətin öhdəsindən gələ biləcək və Rusiyanı fəlakətdən xilas edə biləcək yeganə şəxsdir.

Rusiya ABŞ-ı həm də Ukraynada Avromaydan yaratmaqda, Rusiyadakı müxalif elementlərə rejissorluq etməkdə, Avropanı Moskva üzərinə sanksiyalar qoymağa məcbur etməkdə ittiham edirdi.

"The Guardian" yazır ki, "Amerika düşməninin obrazı" rusiyalıların gündəlik həyatlarına daxil olmuşdu.

Bir neçə il bundan əvvəl avtomobillərdə "Obama ipləmədir" nakleykalarını görmək olardı, bir sıra kafelərdə isə "Obama-nın daxil olması qadağandır" kimi lövhələr asılmışdı.

Clinton-un qələbəsi bütün bu sentimentin bundan sonra da davam etməsini təmin edərdi.

"The Guardian" yazır ki, Rusiya millət vəkilləri Trump-ın qələbəsini ayaq üstündə sürəkli alqışlayanda başa düşmürdülər ki, onların öz sisteminin sonu çatıb. Çünki bu sistem bundan sonra Amerikanın daha düşmən olmadığını elan etməli olacaq.

Burada başqa bir problem də var, yazır qəzet, Putin özünü daim qlobal neokonservatizmin carçısı kimi təqdim edirdi, indi, Brexit və Trump-dan sonra bunu etmək asan olmayacaq.

"Kremlin Trump-a qalib yox, məğlub kimi ehtiyacı vardı" - yazıb "The Guardian"

Trump-ın qələbəsinə görə Facebook ittiham edilir

Fotonun müəllifi Getty Images

Mark Zuckerberg deyib ki, Trump-ın qələbəsinə görə Facebook-u ittiham etmək "axmaqlıqdır", yazır "The İndependent".

Amerikada seçkilər başa çatdıqdan sonra bir çoxları deyiblər ki, Trump-ın qələbəsində mühüm rolu Facebook oynayıb.

"The İdependent" qəzetinin yazdığına görə əksər amerikalılar deyirlər ki, onların əsas informasiya mənbəyi Facebook olub, bu platformada isə uydurma və şişirdilmiş xəbərlər geniş yayılır.

Məsələn seçkiyə bir neçə fün qalmış Facebook-da geniş paylaşılan bir məqalədə deyilirdi ki, "Hillary Clintonun emaillərini sızdırmış FTB agentinin meyiti tapılıb və onun intihar etdiyi güman edilir.

Bu məqalə guya Denver Post qəzetindən götürülmüşdü. Guya Denver Post da məqalənin başlığını Denver Guardian adlı qəzetdən götürmüşdü.

Amma məsələ burasında idi ki, nə heç bir agentin meyiti tapılmamışdı, nə də, ən başlıcası Denver Post adında qəzet var idi bu dünyada.

İndi isə Facebook-un yaradıcısı Mark Zuckerberg rəsmən bəyan etməyə məcbur olub ki, onun sosial mediası seçki nəticələrinə heç bir təsir etməyib.

O bildirib ki, saxta məlumatlar Facebook-dakı xəbərlərin kiçicik hissəsini təşkil edir və Facebook-u Trump-ın qələbəsinə görə ittiham etmək "axmaqlıqdır".

"Seçicilər öz həyat təcrübələrinə əsaslanaraq səs verirlər" - deyib Zuckerberg.

Bununla belə o, bəzi adamların Facebook-dakı yanlış xəbələrri oxuyaraq səs verməsini də istisna etməyib.