Mətbuat icmalı: Mikayıl Cabbarov: "İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"

Fotonun müəllifi Scott Olson

"Azərbaycan": Tərtərdə ötən illə müqayisədə 2,4 dəfə çox pambıq tədarük olunub

Tərtər rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda cari ilin məhsulu üçün 1035 hektar sahədə pambıq becərilib və hazırda tarlalarda məhsul yığımı davam edir.

Məlumata görə, torpaq mülkiyyətçiləri bu günə qədər 2031,3 ton məhsul toplayıblar. "Ötən ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 88,2 faiz, məhsul isə 1199,3 ton və ya 2,4 dəfə çoxdur. Yığılan pambıq "MKT İstehsalat Kommersiya" MMC və "CTS Aqro" MMC-yə təhvil verilir," - məlumatda deyilir.

"Xalq qəzeti": Mərkəzi Bank: Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4,3 dəfə üstələyib

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

""APA-Economics" Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən məlumat verir ki, bu ilin 9 ayının sonuna strateji valyuta ehtiyatları 38,5 milyard ABŞ dolları təşkil edərək 29 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4,3 dəfə üstələyib.

Məlumata əsasən, strateji valyuta ehtiyatlarının həcmi cari ilin yekunu üzrə gözlənilən ÜDM-in həcmini üstələyir," deyə qəzet yazır.

report.az: "Coca-Cola" Azərbaycan Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Fotonun müəllifi Justin Sullivan

"Azərbaycan "Coca-cola" Bottlers Limited" MMC Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

"Coca-Cola" qərarların ləğv edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə iddianı təmin etməyib. Qərardan narazı qalan "Azərbaycan "Coca-cola" Bottlers Limited" MMC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacağı bildirilir.

report.az: Mikayıl Cabbarov: "İxtiraçılıq sahəsinin inkişafına diqqət artırılmalıdır"

Təhsil naziri Mikayıl Cabbarov "Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib:

"Bugünkü şəraitdə ixtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqət artırılmalıdır".

Nazir qeyd edib ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: "Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər".

M.Cabbarov həmçinin bildirib ki, istənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir.

Əlaqəli mövzular