Britaniya mətbuatı: Sağlamlığınız çarpayıda necə yatmağınızdan asılıdır

British press

"The Guardian" yazır ki, Donald Trump-ın Ağ Evə keçidi prosesi onun baş milli təhlükəsizlik müşavirinin qəfil gedişi və üç övladının və xüsusilə də kürəkənin vəzifələrin bölüşdürülməsində iştirakının yaratdığı narazılığa görə əngəllənib.

Keçmiş respublikaçı konqresmen Mike Rogers Trump-ın keçid komandasını gözlənilmədən və heç bir izahat vermədən tərk edib, lakin xəbərlərdən birinə görə o, Trump-ın "Stalinsayağı repressiyasının" qurbanı olub.

Rogers vaxtilə Konqresin kəşfiyyat komitəsinə sədrlik edib, keçmiş hərbçi və FTB-nin xüsusi agentidir.

"The Guardian" yazır ki, Rogers-in Trump komandasından getməsi bu komandanın üzləşdiyi çox ciddi problemlərdən xəbər verir. Ötən həftə Trump öz komandasının başçısı Chris Christie-ni cənab Pence-lə əvəz edib.

Komandaya yaxın mənbələr burada çəkişmə və didişmə atmosferinin hökm sürdüyünü xəbər verirlər.

Məqalədə deyilir seçki kampaniyası zamanı Trump-ı lağa qoymuş bəzi respublikaçılar indi ona yaxınlaşmaq istəsələr də, keçid komandasından sərt cavab alırlar. Bush-un vaxtında Dövlət Departamentində yüksək vəzifə tutmuş Eliot Cohen belələrindən biri olub.

O belə bir tvit yazıb: "Trump-ın keçid komandası əlaqə saxlayandan sonra əvvəlki çağırışımı geri götürürəm. Onlar əsəbi və lovğadırlar…"Uşaqlar SİZ UDUZMUSUNUZ" deyib adamı rədd edirlər".

Bundan bir neçə gün əvvəl Cohen respublikaçıların Trump-a şübhə ilə yanaşan xarici siyasət kadrlarını Trump-ı dəstəkləməyə çağırmışdı.

Fotonun müəllifi Reuters
Image caption Associated Press xəbər verir ki, fikir ixtilafına görə Trump-ın komandası Ağ Evlə təhvil təslimə başalaya bilmir.

Bu arada Dövlət Departamenti və Pentaqon Trump komandasının onlarla hələ ki, əlaqəyə girmədiyini bildiriblər.

Trump-ın uşaqlarının vəzifə bölgüsündə iştirakına dair şayiələr də dolaşır. Oğul Donald, Eric, İvanka və onun əri Jared Kushner yüksək vəzifələr tutmaq üçün xüsusi xidmətlərdə yoxlamadan keçməlidirlər. "The Guardian" yazır ki, Christie və Rogers-in məhz bu məsələyə görə komandanı tərk etdikləri bildirilir.

Associated Press xəbər verir ki, fikir ixtilafına görə Trump-ın komandası Ağ Evlə təhvil təslimə başalaya bilmir.

Trump-ın komandasında yeganə qaradərili olmalı Ben Carson da ona təklif edilən səhiyyə naziri vəzifəsindən imtina edib. Belə görünür ki, o, daha böyük vəzifə gözləyirmiş.

"The New York Times" yazır ki, keçmiş New York meri və Trump-ın dostu Rudy Giuliani heç bir xarici siyasət təcrübəsi olmamasına baxmayaraq dövlət katibi vəzifəsini gözləməkdədir.

Lakin siyais fiqurlar 72 yaşlı keçmiş meri "Amerikanın düşmənləri" ilə biznes əlaqələrində ittiham edirlər.

Onun İranın terrorda ittiham edilən dissident qrupu və şübhəli əlaqələrə malik hüquq firması ilə işlədiyi xəbər verilir. Səddam Hüseyn, Venesuelanın dövlət neft şirkəti və terrorçu Əbu Nidal bu firmanın müştəriləri olublar. Bütün bunlar Giuliani-nin Senatda təsdiqi üçün ciddi maneə yarada bilər.

Xəbər verilir ki, Trump-ın biznesini onun uşaqları davam etdirəcəklər, lakin bu Amerika qanunlarına görə maraqların toqquşması deməkdir.

Bəzi məlumatlara görə Trump-ın uşaqları artıq onun prezident kimi adından istifadə edərək kommersiya mənfəətləri götürməyə başlayıblar.

Ağ Evin keçmiş mətbuat katibi Ari Fleischer xəbərdarlıq edib: "Pulsuz məsləhət verirəm: Bunu dayandırın. Bunu etməyin. Prezidentlik ailə biznesindən böyükdür. Bunu dayandırın".

Trump-ın ifrat sağ təmayüllü Breitbart News şəbəkəsinin rəhbəri Bannon-u özünün baş strateqi təyin etməsi konqresmenlər tərəfindən ciddi tənqid edilir.

Onlar Trump-ı ağdərili irqçiyə vəzifə verməkdə ittiham edirlər.

"Sədaqətsizlər üçün tanışlıq saytına" haker hücumu

"The Telegraph" qəzeti yazır ki, əsasən ailə sədaqətsizlərinə məşuq və ya məşuqə tapmaq üzrə ixtisaslaşmış AdultFriendFinder tanışlıq saytına haker hücumu nəticəsində milyonlarla istifadəçinin şəxsi məlumatları internetə sızıb..

Məqalədə deyilir ki, bunların arasında minlərlə hökumət email ünvanı və əlaqə telefonu da var.

Ümumilikdə saytdan 339 milyon email ünvanı sızıb.

Özünü dünyanın ən böyük seks şəbəkələlərindən biri kimi təqdim edən AdultFriendFinder saytının 40 milyondan çox fəal istifadəçisi var.

Britaniyaya aid 5,2 milyon məlumatdan 7-si hökumətə aid email ünvanıdır.

İnternet sızmalarını monitorinq edən Leaked Source saytı bildirib ki, bunlardan ikisinin saxta hesab olduğu şübhəsizdir.

Məsələn camerond@parliament.uk və barack.obama@whitehouse.gov. ünvanlarının qondarma olduğu müəyyən edilib.

Ötən oktyabrda baş versə də üstü indi açılan haker hücumu nəticəsində 412 milyon insana aid fərdi informasiyanın sirri açılıb.

"The Telegraph" yazır ki, AdultFriendFinder saytından başqa ona bağlı bir neçə video seks saytlarından 73 milyon istifadəçinin şəxsi məlumatları oğurlanıb.

Ötən il başqa bir "sədaqətsizlər" saytı olan Ashley Madison-a haker hücumu zamanı sızmış 37 milyon hesabdan 92-si Britaniya Müdafiə Nazirliyinə, 124 isə hökumətə aid imiş.

Fotonun müəllifi Dimitrios Kambouris/Getty Images
Image caption Məqalədə deyilir ki, ömrümüzün üçdə birinin yuxuda keçdiyini nəzərə alaraq, biz yataqda hansı formada uzandığımıza diqqət yetirməliyik.

Sağlamlığınız çarpayıda necə yatmağınızdan asılıdır

"The İndependent" yazır ki, boyun ağrısı və yuxu apnoesindən (yuxuda boğulma), tənəffüs dövranının pozulmasından tutmuş gecə vahimələrinədək bir çox sağlamlıq problemlərinin səbəbi insanların hansı pozada yatmasıdır.

Məqalədə deyilir ki, ömrümüzün üçdə birinin yuxuda keçdiyini nəzərə alaraq, biz yataqda hansı formada uzandığımıza diqqət yetirməliyik.

"The İndpendent" bu barədə elmin nə dediyindən yazıb.

Arxası üstə və ya ağzıyuxarı yatanlar

Arxası üstdə yatmaq boyun, baş və onurğanızın sabit vəziyyəti üçün yaxşıdır.

Lakin bu cür yatış xoruldamaya və yuxu boğulmasına da səbəb ola bilər. Əgər mədə turşuluğunuz yüksəkdirsə bu şəkildə yatmaq qətiyyən yaramaz.

Əgər başqa cür yata bilmirsinizsə, onda yumşaq balış alın ki, başınız nəfəs almağınıza kömək etsin.

Böyrü üstdə yatanlar

Belə yatış boyun ağrısının, xoruldamanın qarşısını alırsa da, ayaq və qol ətraflarınızdakı sinirlərin sıxılmasına səbəb ola bilər. Xüsusilə də yatarkən qollarınızı başınızın üzərində saxlayırsınızsa…

Ekspertlər bundansa balışı ayaqlarınızın arasına qoymağı məsləhət görürlər. Bu zaman bir ayayağın yükü o biri ayağın üstünə düşmür.

Ağzıüstdə və ya ağzı aşağı yatanlar

Ekspertlər bunu ən ziyanlı yatış forması hesab edirlər. Bu halda da qarın və ayaqların sinirlərinə əlavə güc düşür.

Belə yatanlarda uzun müddətdə xroniki boyun ağrıları yarana bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş