Britaniya mətbuatı: Gec ana olanlar yaşlı vaxtlarında daha yaxşı qavramaya malik olurlar

etiraz Fotonun müəllifi OZAN KOSE
Image caption Yeni qanun layihəsinə etiraz edənlər İstanbulun mərkəzində "Zorlama bəşəriyyətə qarşı cinayətdir" şüarı ilə mitinq keçiriblər.

Türkiyədə "zorlama icazəsi verən qanun" tənqid edilir

"The Telegraph" yazır ki, Türkiyədə zorladıqları qızlarla evlənən kişilərin məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanun layihəsi ictimaiyyətin geniş hiddətinə səbəb olub.

Müxalifət, məşhurlar və hətta Erdoğanın öz qızının müavin olduğu təşkilatlardan biri hökumətin belə bir qanunu qəbul etmək niyyətindən dərin narahatlıqlarını ifadə ediblər.

Lakin hökumət israr edir ki, bu qanun uşaqlarla nikahların qarşısını almaq məqsədi güdür və tənqidlər xoş niyyəti təhrif edir.

Bu qanun layihəsi ötən cümə axşamı günü parlamentdə birinci oxunuşda bəyənilib və yaxın günlərdə qəbul edilməsi gözlənilir.

"The Telegraph" yazır ki, qəbul edildiyi təqdirdə bu qanuna müvafiq olaraq 3 minədək "cinsi təcavüzkar" həbsxanalardan azad ediləcək.

Məqalədə deyilir ki, Türkiyədə yetkinlik yaşı 18 olsa da, azyaşlıların nikahı geniş yayılıb.

Qəzet yazır ki, bu qanuna etiraz edənlər İstanbulun mərkəzində "Zorlama bəşəriyyətə qarşı cinayətdir" şüarı ilə mitinq keçiriblər.

Bu qanun layihəsini parlamentə hakim AKP partiyası təqdim edib.

Müxalifətdən olan millət vəkilləri bu qanunu pisləyərək bildiriblər ki, o qızların istəmədikləri adamlara zorla ərə verilməsinə geniş imkan yaradacaq.

Twitterdə bu qanun layihəsinə #TecavuzMesrulastirilamaz — "zorlama legitimləşdirilməməlidir" heşteqi ilə etiraz kampaniyası aparılır.

CHP-dən ona millətvəkili Ömer Suha Aldan deyib ki, bu qanun 50-60 yaşında kişilərin 11 yaşında qızı zorlayıb sonra onunla evləməsinə və qızı bədbəxt etməsinə imkan açacaq.

Millət vəkili deyib ki, bu, qız uşaqlarını "ömürlük məhbəsə" atmaq kimidir.

Facebook saxta məlumatlara qarşı sistem yaradır

Fotonun müəllifi Reuters
Image caption Zuckerberg deyib ki, o "dezinformasiya" məsələsinə çox ciddi yanaşır.

"The Guardian" yazır ki, prezident Barack Obamanın iradından sonra Facebook şirkətinin rəhbəri Mark Zuckerberg bu sosial şəbəkədə saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün tədbirlər görüləcəyini bəyan edib.

Zuckerberg deyib ki, o "dezinformasiya" məsələsinə çox ciddi yanaşır.

O bildirib ki, Facebook indiyədək hansı informasiyanın xalis, hansının saxta olmasını şəbəkə icmasının öz öhdəsinə buraxıb.

"Facebook-dakı saxta informasiyalar barədə icma üzvlərinin məlumat verməsi sistemi indiyədək yaxşı işləyib", - deyib Zuckerberg.

O deyib ki, ötən ay Facebook kuratorlardan ibarət qrup yaradıb və onlar şəbəkədə yayılan xəbərlərin trendinqini araşdırıblar. Buna baxmayaraq Facebook xəbərləri senzura etməkdə günahlandırılıb. Məsələn Vyetnam müharibəsinə aid fotoşəklin bloklanması zamanı olduğu kimi.

Məhz buna görə də Zuckerberg deyib ki, xəbərlərin tənzimlənməsi mürəkkəb məsələdir.

"Biz şəxsən özümüz həqiqətin hakimi olmaq istəmirik və əksinə icmamımıza və müstəqil üçüncü tərəflərə etibar edirik" - Facebook-un sahibi deyib.

O "etibarlı faktyoxlayan təşkilatlara" bu işdə Facebook-a kömək göstərmələri üçün müraciət edib.

Zuckerberg təfərrüatlarına varmadan deyib ki, Facebook xəbərlərin saxta olduğunu aşkar edib işarələyən texniki sistem tətbiq edəcək.

Bundan əlavə şəbəkədəki bəzi materialların üzərində xəbərdarlıq işarələri görünəcək.

Zuckerberg habelə deyib ki, Facebook onu 11 sentyabr hücumları, Michel Obama və başqa hadisə və şəxslər barədə qəsd nəzəriyyələri ilə bağlayan materialların təkzibi üçün linklər verəcək.

"The Guardian" yazır ki, dezinformasiya probleminə son vaxtlar həm hazırkı ABŞ prezidenti Barack Obama, həm də prezident seçilmiş Donald Trump toxunublar, hərçənd onların yanaşması bir-birinə daban-dabana zidd olub.

Obama deyib ki, saxta məlumatlar xəbər qurumlarına və təsisatlara böyük təhlükə törədir.

"Əgər biz faktlara, nəinki doğru, nəyinsə yalan olduğuna, ciddi arqumentlərlə təbliğatın fərqinə ciddi yanaşmasaq, onda problemlərimiz yaranacaq. Əgər biz fərq qoymadan hər şeyi eyni qiymətləndirsək, onda nəyi qorumalı olduğumuzu bilməyəcəyik. Nəyin uğrunda mübarizə aparmalı olduğumuzu da bilməyəcəyik. Onda bizim demokratik azadlıqlar və azad bazar iqtisadiyyatı sahəsində əldə etdiklərimiz...itirilə bilər" - Barack Obama bildirib.

"The Guardian" yazır ki, bu arada Donald Trump Breitbart News internet saytının rəhbəri Steve Bannon-u özünün baş strateqi təyin edib. Bu saytda isə tez-tez çaşdırıcı informasiyalar, iqrçi və seksist təmayüllü yazırlar dərc edilir.

Bundan bir həftə əvvəl Zuckerberg Facebook-u ABŞ seçkisi günündə saxta informasiyalarla ictimaiyyəti azdırmaqda və az qala Trump-ın qələbəsində ittiham edənlərin iddialarını rədd etmişdi.

Gec doğanlar daha ağıllı olurlar?

Fotonun müəllifi Ian Waldie

"The Independent" yazır ki, dünyaya daha gec övlad gətirən qadınlar qocalıqda daha güclü qavramaya malik olurlar.

Yeni araşdırma göstərib ki, uşağa qalmamaq üçün 10 il və ya daha uzun müddətdə hormonal kontraseptivlər qəbul etmiş qadınların qavraması daha kəsərli olur. Alimlər eyni sözü menstruasiyaları 13 yaşından tez başlamış qadınlara da aid edirlər.

Bu da bəlli olub ki, övladını dünyaya 35 yaşından sonra gətirən qadınlar həm də daha yaxşı söz yaddaşına malik olurlar. Yenicə aparılmış tədqiqatın nəticələrinə görə ilk hamiləlikləri 24 yaşından sonraya təsadüf edən qadınlarda icra funksiyası daha yaxşı inkişaf etmiş olur. Başqa sözlərlə belə qadınlar daha diqqətli olur və problemli vəziyyətlərdən daha yaxşı çıxırlar.

"The İndependent" yazır ki, nəticələri "Journal of the American Geriatrics Society" məcmuəsində dərc olunmuş tədqiqat son hamiləliklə menopauzadan sonrakı dövrdə qavrama funksiyası arasında əlaqəni öyrənən ilk araşdırmadır.

Cənubi California Universitetinin Keck Tibb Məktəbinin professoru Roksana Kərim deyir ki, qadınlara bir qayda olaraq son hamiləliyi 35 yaşından əvvəl məsləhət görürlər, lakin digər tərəfdən gec hamiləliklə qocalıqda daha yaxşı zehni qabiliyyət arasında real əlaqə olduğu üzə çıxıb.

Belə nəticəyə gəlinməsi üçün aparılan təcrübədə yaşı 60-ı keçmiş 830 qadın iştirak edib. Onların analıq yaşı qeyd olunmaqla onlara müxtəlif testlər veriblər.

Elmi dildə deyilsə, məlum olub ki, ostrogen və progesterone adlı hormonların təsirinə daha uzun müddətdə məruz qalmış qadınlarda post-menopauza dövründə əqli tənəzzülün sürəti yavaşımış olur.

Eyni nəticəni ilk aybaşısı daha erkən yaşda başlamış qadınlar da göstəriblər. Doktor Kərim deyib ki, buna səbəb belə qadınların daha uzun müddətdə qadınlıq hormonu yaratmasıdır.

Alimlərin gəldiyi daha bir nəticə budur ki, uzun müddətdə hamiləliyə qarşı preparatlardan istifadə etmiş qadınlarda da ahıl yaşlarda qavrama qabiliyyəti daha yaxşı vəziyyətdə olur.

Maraqlıdır ki, uşağı 9 aydan əvvəl doğmuş qadınların da sonrakı yaş dövründə daha iti zehinə malik olduqları kəşf edilib.

Araşdırmanın müəllilərindən Wendy Mack deyib ki, natamam hamiləliyin zehni qabiliyyəti yaxşılaşdırması qəribə tapıntıdır.

O bunu da əlavə edib ki, təcrübə guya hamiləlik zamanı yaddaşın zəiflədiyi barədə əvvəlki nəticələri rədd edir.

Əlaqəli mövzular