Britaniya mətbuatı: Bəşəriyyət bircə ildə planetdən yox ola bilər

Britaniya mətbuatı

Brexit-dən sonra Trump, indi isə Le Pen?

"The Telegraph" yazır ki, Fransa da Amerikadan nümunə götürərək seçkilərdə Milli Cəbhə Partiyasının lideri, ifrat sağçı və millətçi Marine Le Pen-ə səs verə bilər.

Qəzet Fransanın aparıcı filosoflarından birinə istinadən yazır ki, buna səbəb adamların siyasətçilərin yalan ya doğru dediyinin fərqində olmamasıdır.

Son rəy sorğuları göstərir ki, xanım Le Pen baharda keçiriləcək prezident seçkisinin birinci turunda qalib gələ bilər, beləki o hazırda ən yaxın rəqibi olan respublikaçı namizəd Sarkozy-dən 20 xal irəlidədir.

İkinci turda isə sağ-mərkəzçi namizəd Alain Juppe böyük bir ehtimalla onu məğulb edəcək.

Bir vaxtlar Fransanın yaşayan dahi filosofu sayılan Bernard-Henri Levy deyib ki, bu seçki rəy sorğularının doğrulmadığı növbəti hadisə ola bilər.

"Əgər Trump mümkündürsə, hər şey mümkündür, - deyib cənab Levy "The Telegraph" qəzetinə, - İnnən belə daha heç nə ağlasığmaz deyil".

O deyib ki, Le Pen-ə gəldikdə, onun qələbəsi mümkündür, çünki insanlar siyasətə maraqlarını itiriblər, əvəzində ümidlərini şəxsiyyətlərə bağlayıblar.

"Adamlar siyasətə getdikcə daha az qulaq asırlar və bəzən belə bir təsəvvür yaranır ki, onların namizədlərin yalan ya doğru söyləməsi veclərinə deyil" - deyib filosof.

Professor deyib ki, indi adamları həqiqətdən daha çox namizədin teatral qabiliyyəti cəlb edir.

"Biz də bilirik ki, hər bir faşist bunu çox yaxşı bacarır" - deyib cənab Levy.

Cənab Levy deyib ki, Amerikada Trump-ın seçilməsinin özü Avropada populizmin baş alıb getməsindən qaynaqlanıb.

O deyir ki, qlobal populizm teatrında üç böyük çevriliş baş verib, Le Penin yüksəlişi, Silvio Berlusconinin hakimiyyəti və Brexit.

Alim bildirib ki, ola da bilsin bu seçkidə namizəd olan Nicolas Sarkozy xanım Le Penin siyasətlərini oğurlasın və əsas partiyalardan əl üzənləri cəlb etsin.

"Nicolas Sarkozy öz siyasətlərini Le Peninkinə uyğun olaraq bəsitləşdirə və ya sadəcə bu ideyaları "oğurlaya" bilər. Amma fərq bundadır ki, həmin siyasətlərə Sarkozy-nin özü də inanmayacaq". - deyib Levy.

Alim bildirir ki, Sarkozy bunu bacarsa, onda qələbə şansı olacaq və maraqlısı da budur ki, o, Le Penin qarşısını ala biləcək.

Fransa seçkilərində qalib gələcəyi gözlənilən Alain Juppé-yə isə professor məsləhət görür ki, rəy sorğularına çox da inanmasın.

Sorğular deyə bilər ki, o irəlidədir, amma əslində belə olmaz, - deyib filosof.

"Rəy sorğuları daha düz çıxmır. Onlar İngiltərədə, ABŞ-da düz çıxmadı, Juppe məsələsində də düz çıxmaya bilər" - deyib alim.

21-ci əsrin istənilən ilində insan planetdən yox ola bilər

Fotonun müəllifi Mark Kolbe/ Getty

Fəlsəfədən fərqli olaraq daha dəqiq elm olan riyaziyyatın professoru isə deyib ki, bəşəriyyətin 1 ildə Yer üzündən silinməsi şansı indi 1-in 500-ə nisbəti qədərdir.

"The İndependnt"-in yazdığına görə Barselona Kosmos Elmləri İnstitutundan riyaziyyat professoru doktor Fergus Simpson deyib ki, qlobal fəlakətin 21-ci əsrin istənilən ilində baş verməsi şansı 0, 2 faizdir.

Bu hesablama Axirət Arqumenti deyilən riyazi metoda söykənir. Bu metod əsasında riyaziyyatçılar artıq indiyədək planetdə doğulanların sayına görə onların gələcəkdə potensial sayını hesablayırlar.

Alimin "Axirət gəlirmi?" məqaləsi Cornell Universitetinin internet resursunda dərc edilib.

O yazır ki, Leicester City futbol klubunun Premyer Liqa çempionu olması çox nadir hadisə sayılırdı, amma baş verdi və diqqətdən kənarda qalmamalıdır.

Doktor Simpsonun hesablamalarına görə indiyədək dünyaya 100 milyard insan gəlib-gedib və insan cinsi yox olanadək elə bu qədər də adam doğulacaq.

Perofessor yazır ki, bəşəriyyətin 21-ci əsrdən salamat çıxmaması şansı 13 faizdir.

"The İndependent" yazır ki, bu, bundan əvvəl Britaniyanın kral astronomu lord Martin Rees-in gəldiyi nəticədən daha nikbindir.

O özünün 2003-cü ildə yazdığı "Son saatımız" kitabında insan övladının 2100-cü ilədək Yer üzündən silinməsi şansının 50 faiz olduğunu iddia etmişdi.

Lakin doktor Simpson deyir ki, 13 faizin özünü də kiçik rəqəm saymaq sadəlövh, məsuliyyətsiz və təhlükəli mövqe olardı.

Alim deyib ki, dünyanın 8 ölkəsində nüvə silahı varsa və bunlardan birinin başçısı öz ailəsinin üzvlərini edam edibsə, onda hər şey ola bilər.

Onun fikrincə buna görə də planetin bütün mümkün xilas tədbirlərinə təcili qaydada başlanmalıdır.

Lakin insan özünün ömür müddətini uzatmağa qabil olubsa, bunun da öhdəsindən gələ bilər, - deyib professor.

Doktor Simpsondan əvvəl də bir çox alimlər qlobal istiləşməni dünyanın axırı kimi qiymətləndirirdilər.

Science Advances jurnalında dərc edilmiş məqalədə deyilir ki, insan əgər qazıntı yanacağını indiki miqdarda işlətməkdə davam etsə, onda elə bu nəslin ömrü ərzində Yer planetinin temperaturu 7 dərəcə arta bilər.

Alimlər inanırlar ki, istilikxana emissiyalarının yaratdığı təhlükə əvvəllər düşünüldüyündən qat-qat realdır.

Yaşayan Planet adlı (A Living Planet) hesabatda deyilir ki, 2020-ci ildək dünya boyunca məməlilərin, quşların, balıq və sürünənlərin populyasiyasi 60 faiz azalacaq.

Canlı aləmin azalması hazırda normal həddən 100 dəfə daha sürətlə gedir.

"Bu məndə bir balaca ruh düşkünklüyü yaradır" - deyib Simpson Sun qəzetinə.

"Mən kəskin şəkildə əminəm ki, mövcudluq sona məhkumdur" - deyib alim.

Əlaqəli mövzular