Britaniya mətbuatı: Amerikanın dünya liderliyi qurtarır?

British press

"The Telegraph" yazır ki, 2-ci Dünya Müharibəsindən sonra dünyada sülh və firavanlığı təmin edən "Pax Americana", yəni Amerika nizamı, qloballaşma, Çinin yüksəlişi və Rusiya revanşizminin təsiri altında çətinliklərlə üzləşib.

Məqalədə deyilir ki, Donald Trump-ın seçilməsi, Britaniyada Brexit və Avropa boyunca yüksələn populizm ümumiyyətlə Qərb dünyasının başı üzərinə qeyri-müəyyənlik gətirib.

"The Telegraph" ABŞ-da tanınmış politoloq Ian Bremmer-lə söhbət edib. Bu həmin Bremmerdir ki, G7, G8, G20 və sairin analogoiyası ilə G-Sıfır, yəni konkret lideri olmayan dünya terminini yaradıb.

Bremmer "bütün bunlardan nə qədər narahat olmalıyıq" sualına, "beynəlxalq miqyasda çox narahat olmalıyıq" cavabını verir.

Politoloq deyir ki, superdövlət olmağın belə bir xüsusiyyəti də var ki, başqalarının sənə edə bilmədiyini özün edirsən.

"The Telegraph" yazır ki, ABŞ daha əvvəllər malik olduğu nüfuza malik deyil və üstəlik də Amerika seçicisi Trump-a səs verməklə ölkəsinin "dünya jandarmı", dünya ticarətinin memarı və qlobal dəyərlərin müdafiəçisi olmasını istəmədiyini bildirib.

"Problem də budur ki, bu rolu başqa heç bir dövlət oynaya bilməz. Yəni amerikalılar bu işi görməsələr, başqa heç kim görməyəcək. Ən böyük kinayə budur ki, dünyanın ümumi vəziyyəti indi hər zaman olduğundan daha yaxşıdır. 1990-cı ildən bəri biz 1, 3 milyard insanı kəskin yoxsulluğun girdabından çıxarmışıq!" - deyib Bremmer.

Prezident Barack Obamanın irsi barədə suala cavab verərkən Bremmer deyib ki, Obamanın xarici siyasətdəki irsi elə indidən çat verir.

"Avropa ilə Ticarət Müqaviləsi bağlanmayıb, Paris sazişi onsuz da artıq gecikmişdi, ruslarla münasibətləri yenidən işə salmaq siyasəti onun ən böyük uğursuzluqlarından biridir. İndi Trump bu sazişi ləğv etmək və ruslarla dost olmaq istəyir" - deyib alim.

Fotonun müəllifi AFP
Image caption Trump-ın prezidentliyi dövründə Nato daha da zəifləyəcək, "The Telegraph" qəzetindəki məqalədə deyilir.

Bremmer bildirir ki, Obama-nın prezidentliyi dövründə ABŞ-ın Avropa ilə münasibətləri son 70 ildə ən aşağı həddinə çatmışdı.

Politoloq deyir ki, bircə İranla saziş ayrıca qeyd olunmalıdır. Trump bunu ləğv etmək istəsə də, ABŞ-ın müttəfiqləri, yeri gəlmişkən elə ruslar buna imkan verməyəcəklər.

Şimal alyansına gəlincə isə, deyir politoloq, o da artıq son illərdə xeyli zəİfləmişdi və belə görünür, Trump-ın dövründə lap zəifləyəcək.

Bremmer bu qənaətdədir kii, hətta Fransada Le Pen-in qələbəsi də Avropa İttifaqını dağıtmayacaq, lakin onun supermilli dövlət olmaq ambisiyasına son qoyacaq.

Politoloq deyib ki, bütün dünya boyunca qloballığın təcəssümü olan BMT-nin rolu daha da zəifləyə bilər. Söhbət ilk öncə Trump-ın prezidentliyi dövründə BMT-nin büdcə ixtisarı ilə üzləşə biləcəyindən gedir.

Məqalədə deyilir ki, dünya ticarəti daha da parçalanacaq, ABŞ-ın müttəfiqləri yaxın 4-8 ildə ondan uzaqlaşmağa başlayacaqlar.

"Biz artıq müşahidə edirik ki, Çin hazırda real pul və qlobal strategiyanın sükanı arxasında dayanmağa başlayıb" - deyib Bremmer.

"Çin tezliklə dünyanın ən böyük iqtisadiyyatı olacaq, amma o eyni zamanda avtoritardır və dövlət kapitalistidir. Bu, misli görünməmiş vəziyyətdir. Bu, azad bazarın sonu... qarışıq qlobal iqtisadiyyatın başlanğıcıdır" - deyib politoloq.

Baba Trump fərari çıxdı?

"The Guardian" yazır ki, bir tarixçi ABŞ prezidenti seçilmiş Donald Trump-ın babasının Almaniyadan qovulmasını və ona bir daha həmin ölkəyə qayıtmamaq əmrinin verilməsini təsdiqləyən sənədləri aşkar edib.

Məqalədə deyilir ki, Friedrich Trump barədə 1905-ci ildə verilmiş fərmanda ondan Bavariya krallığını səkkiz həftə ərzində tərk etmək tələb olunub. Buna səbəb Trump-ın babasının əsgərlikdən yayınması və ABŞ-a gedərkən hakimiyyət orqanlarını xəbərdar etməməsi olub.

Friedrich Trump Amerikaya 1885-ci ildə mühacirət etmişdi.

Reynland-Pfaltsdan olan tarixçi Roland Paul sözü gedən sənədi arxivdən tapıb və bu barədə Bild qəzetinə müsahibə verib.

O deyib ki, ABŞ-a 1885-ci ildə yerli hökumətə bildiriş vermədən mühacirət etmiş Friedrich Trump sonradan Almaniyaya qayıtmaq istəyəndə onun bu ricası rədd edilib, çünki o hərbi mükəlləfiyyətini yerinə yetirməkdən yayınmışdı.

Fərman "Amerika vətəndaşı və pensiyaçısı Friedrich Trump-a ərazini ən geci mayın 1-dək tərk etməyi əmr edir və elan edir ki, əks halda o deportasiya ediləcək.

Trump-ın babası hazırda Reynland-Pfalts adlanan torpaqdakı Kalştadt şəhərində 1869-cu ildə doğulmuşdu. Onun 16 yaşında ikən ABŞ-a mühacirətinə səbəb yoxsulluqdan yaxa qurtarmaq istəyi idi.

Bu həmin vaxtlar idi ki, Amerikada "qızıl qızdırması" zəmanəsi idi. Friedrich Trump Alyaskada qızıl axtaranlar üçün yeməkxana və hətta bəzi iddialara görə fahişəxana düzəltmişdi.

Onun haqqını çox vaxt qızıl ərintiləri və külçələri ilə ödəyirdilər, o isə bunları artıq New York-a köçmüş və orada mülkiyyət dəllalığı edən bacılarına göndərirdi.

Lakin 1901-ci ildə Kalştadt şəhərinə qayıdan Friedrich burada Elisabeth Christ adlı qıza vurulur və onunla evlənir. Lakin daha sonra Elisabeth Almaniya üçün xiffət çəkəndə hakimiyyət ər-arvadın qayıtmasına icazə vermir.

1905-ci il fevralın 27-də qərardan yazdığı apellyasiya ərizəsində Trump şahzadə Luitpold-a "çox sevilən, nəcib, müdrik və ədalətli padşah" sözləri ilə müraciət edib.

Bu tərifli sözlərə baxmayaraq şahzadə ərizəni rədd edir və baba Trump qızı ilə birlikdə 1905-ci ilin 1 mayında Almaniyanı tərk edib buxar gəmisi ilə New York şəhərinə yola düşür.

Bu vaxt Elizabeth üç ay idi ki, Donald Trump-ın atası Fredə hamilə idi.

İndi əhalisi 1200 nəfər olan Kalştadt şəhərinin sakinləri zarafat edirlər ki, Donald Trump-ın ABŞ prezidenti seçilməsinə görə təqsir onun babasını vətəndan qovmuş Almaniya hakimiyyətinin üzərinə düşür.

"The Guardian" yazır ki, həmyerliləri Donald Trumpla fəxr eləmir və onun öz həmvətənləri saymırlar.

Sevgi niyə hələ uğurlu nikah deyildir?

Fotonun müəllifi Thinkstock
Image caption Nikahların 42 faizinin boşanma ilə nəticələndiyini nəzərə alsaq, deməliyik ki, adamların əksəriyyəti ən mühüm qərarın qəbulunda səhvə yol verirlər, "The İndependent" yazır.

"The İndependent" yazır ki, evlənənlərin əksəriyyəti özlərinə belə bir sual verirlər: Görəsən seçimləri düzgündürmü? Bu sualı evlənəndən sonra verənlər də az deyil.

Bütün həyatını bir nəfərlə keçirmək qərarı asan qəbul olunmur və hamı arzu edir ki, bu məsələdə səhvə yol verməsin.

Lakin nikahların 42 faizinin boşanma ilə nəticələndiyini nəzərə alsaq, deməliyik ki, adamların əksəriyyəti ən mühüm qərarın qəbulunda səhvə yol verirlər.

"The İndependent" yazır ki, həmin adamlar maarifləndirmə məqsədilə Reddit saytında müzakirələr aparır və evlənmək qərarı verərkən buraxılan əsas səhvlərdən söz açırlar.

Bu müzakirələrdən çıxan nəticəyə görə ən böyük səhv "sevgi və yalnız sevgiyə görə" evlənməkdir.

Məhəbbət hər şeyi həll edir desək də, nikah hər şeydən əvvəl biznesdir.

"Evliliyin 90 faizi heç də kef deyil. Bu, işləri, maliyyələri əlaqələndirmək, uşaqların qayğısını çəkmək, işləməkdir. Evlilik iki sevgili arasındsa olan münasibətdən daha çox, iki biznes partnyorunun münasibətlərini xatırladır" - deyilir bir qeyddə.

İkinci böyük səhv tanışlıq anketində bütün qrafalara quş qoyan adamı seçməkdir. Adamlar anketdə "ən uyğun" əvəzinə, "ən gözəl, ən ağıllı və ya ən istedadlı" yazırlar.

Başqa bir istifadəçi yazır: "Şəxslə yox, peşə ilə - yəni vəkil, həkim, pilot, sahibkar və sairlə evlənmək lazımdır".

Bizə çoxdan bəri belə bir "hikmət" məlumdur ki, guya əksliklər bir-birini cəlb edir. Yəni evlənənlərin xasiyyətlərində nə qədər çox fərq olsa, ailə bir o qədər möhkəm olar.

"Bu tamamilə yanlış yanaşmadır" deyilir məqalədə.

"Bəzi əksliklər bir yerdə tuta bilər, amma ən möhkəm nikahlar xasiyyətləri mümkün qədər oxşar insanlar arasında bağlanır" - yazır başqa bir qadın istifadəçi.

Bir böyük yanlışlıq da budur ki, biz həyat yoldaşımızın xasiyyətini sonradan dəyişəcəyimizə inanırıq.

"Mən eşitmişəm ki, kişilər evlənərkən seçdikləri qadınların dəyişməz qalacağına inanırlarsa, qadınlar da kişilərə ərə gedərkən onların xasiyyətlərini dəyişəcəklərinə inanırlar. Bu ağılla evlənmə fəlakətə gedən yoldur" - yazır başqa bir istifadəçi.

"The İndependent" sonda yazır ki, sevgini lap bu qədər də hörmətsiz eləmək olmaz və bir istifadəçi elə bu fikri formulə edib: "Ürəyinizin çağırışı ilə hərəkət edin, amma əmin olun ki, beyniniz də işləyir".