Özbəkistan-Türkiyə münasibətlərində istiləşmə baş verir

Erdoğan Fotonun müəllifi Reuters

Özbəkistan və Türkiyə siyasi fikir ayrılığına görə 10 illik soyuqluqdan sonra münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımlarını atmağa başlayıblar.

Bu yaxınlarda Özbəkistanın keçid lideri ilə görüşən prezident Recep Tayyip Erdoğan deyib ki, o iki ölkə arasındakı münasibətlərin "əbədi qardaşlığa layiq bir səviyyəyə" qaldırılmasını istəyir.

Öz növbəsində Şavkat Mirziyoyev deyib ki, onun ölkəsi Türkiyə ilə münasibətlərdə yeni fəsil açmağa hazırdır.

Keçmiş prezident İslam Karimov sentyabrda dünyasını dəyişəndən bəri Özbəkistanın yeni rəhbərliyi qonşulara doğru diplomatik reverenslar edir və belə görünür ki, bu işdə regionun sərhədləri ilə məhdudlaşmaq niyyətində deyil.

Nə baş verib?

Prezident Erdoğan Özbəkistana noyabrın 17-18-də səfər edib və bu Türkiyə liderinin Daşkəndə son 13 ildə ilk rəsmi səfəri olub.

Türkiyə lideri bildirib ki, özünün "strateji mövqeyinə" görə Özbəkistan regional sabitliyin qarantıdır.

"Bu yeni dövrdə biz bütün sahələrdə əlaqələrimizi yaxşılaşdırmaq naminə işləməliyik" - deyib Erdoğan.

"İndi dediklərimizi həyata keçirmək vaxtıdır. Bizim iki böyük xalqımız qardaşlığını bütün dünyaya əməkdaşlığımız vasitəsilə nümayiş etdirməlidir" - cavabında Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Mirziyoyev deyib.

Türkiyə prezidenti Mirziyoyevə dekabrın 4-də keçiriləcək prezident seçkisində uğur diləyib.

Erdoğan eyni zamanda Səmərqənd şəhərində İslam Karimovun məzarını yad edib.

Buna reaksiya necə olub?

Müşahidəçilər bildirirlər ki, münasibətlərin yaxşılaşdırılmasına maraq qarşılıqlı olsa da, bu iki ölkənin perspektivləri fərqlidir.

"Mən inanıram ki, bu səfər Özbəkistan üçün böyük diplomatik uğurdur, - Azadlıq Radiosunun Özbək xidmətinə qocaman jurnalist Şarof Ubaydullayev deyib. O Tükiyə ilə keçmişlərdə yaşanan gərginliyə görə sabiq prezident İslam Karimovu günahlandırıb və əksinə, Mirziyoyevin "öz xələfinin səhvlərini ustalıqla düzəltməsini" tərifləyib.

Moskvada mənzillənmiş Fergana xəbər agentliyinin redaktoru Danil Kislov hesab edir ki, Mirziyoyevin prezidentlik kampaniyası Erdoğanın səfərindən bəhrələnib.

"Daha çox xarici lider Özbəkistanın keçmiş prezidentinin məzarı qarşısında baş endirdikcə, onun uğurlu sələfi həm ölkə daxilində, həm də xaricdə daha çox xal toplayacaq" - Kislov deyib.

Türkiyə isə öz növbəsində bir sıra təhlilçilərin fikrincə, Mərkəzi Asiyadakı siyasi nüfuzunu artırmağa çalışır.

"Türkiyə başa düşür ki, Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyada iki əsas oyunçudur. Türkiyə Qazaxıstanla həm siyasi, həm də iqtisadi sahədə yaxşı münasibətlərə malikdir və indi Özbəkistanı yenidən öz siyasi maraqlarının dairəsinə qaytarmağa çalışır" - qazax təhlilçisi Dosım Satpayev "Nezavisimaya qazeta"ya deyib.

Keçmişlərdə iki ölkənin münasibətləri necə olub?

Fotonun müəllifi TCCB.GOV.TR
Image caption Erdoğan Səmərqənd şəhərində İslam Karimovun məzarını yad edib

Türkiyə 1991-ci ildə Özbəkistanın Sovet İttifaqından müstəqilliyini tanıyan ilk ölkə olub.

İki türkdilli ölkə arasında münasibətlər müstəqilliyin ilk illərində çiçəklənməkdəydi, çünki İslam Karimov Türkiyəyə müasir dünyəvilyin modeli və təbii müttəfiq kimi baxırdı.

Lakin Karimovun siyasi opponentləri Türkiyəyə qaçdıqdan və Ankara onları Daşkəndə təslim etməkdən yayındıqdan sonra iki ölkə arasında münasibətlərdə soyuqluq yaranıb. Karimov eyni zamanda Türkiyənin regiondakı iqtisadi-mədəni hegemonluğundan narahat idi.

2000-ci illərdən etibarən Özbəkistan hakimiyyəti türk məktəblərini və bizneslərini bağlamaqla və Türkiyədən olan onlarca sahibkarı həbs etməklə Ankaranın siyasi nüfuzunu cilovlamağa çalışıb. Bu həmin vaxtlar idi ki, Daşkənd ölkə televiziyalarında Türkiyə seriallarının nümayişinə qadağan qoymuşdu.

Perspektivlər nə ola bilər?

Özbəkistana səfərinin ardınca Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, Ankara Daşkənddən Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqini istəyir. Özbəkistan vətəndaşları Türkiyəyə vizasız səfər rejimindən artıq 2007-ci ildən faydalanırlar.

Mirziyoyev və Erdoğan "yeni fəsildən" danışsalar da, belə bir ehtiyatlanma mövcuddur ki, Türkiyədə sürgündə olan Özbəkistan müxalifət lideri Muhammad Salihin məsələsi ikitərəfli münasibətlərin inkişafına əngəl törədə bilər.

Lakin ABŞ-da yaşayan özbək siyasi mühacir Niqora Xidoyatova EurasiaNet.org saytına deyib ki, Solih artıq Özbəkistanı o qədər də narahat etmir. Belə bir hissiyyat yaradılır ki, Solih Özbəkistanın yox, şəxsən keçmiş prezidentin siyasi opponenti olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş