İD münaqişəsi: Suriyada türk əsgərlər həlak olub

Türkiyə qoşunları, tankları və artilleriyası 3 aydır ki İD-ə qarşı döyüşən qiyamçıları dəstəkləyir Fotonun müəllifi Reuters
Image caption Türkiyə qoşunları, tankları və artilleriyası 3 aydır ki İD-ə qarşı döyüşən qiyamçıları dəstəkləyir

Suriyanın şimalında hücum nəticəsində üç türkiyəli əsgər ölüb və 10-u yaralanıb.

Əsgərlər cümə axşamı günü sübh tezdən Suriya hökümətinin hava hücumu zamanı və Türkiyənin dəstəklədiyi qrupların özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı hücuma keçərkən öldürülüb, Türkiyə hərbiyyəsi bildirir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu ölümlərin səbəbinin çərşənbə axşamı İD-in həyata keçirdiyi canlı bomba hücumunun olduğunu deyir.

Suriya Ordusu məsələ ilə bağlı şərh verməyib.

İlk dəfədir ki Suriyada Türkiyə əsgərlərinin hökümət qüvvələri tərəfindən hədəfləndiyi deyilir. Dəməşq bundan əvvəl Türkiyə qoşunlarının müharibəyə qoşulmasını "Suriyanın suverenliyinin kobud şəkildə pozulması" adlandırıb.

Türkiyə təxminən 3 ay əvvəl Fərat Qalxanı adlanan əməliyyat çərçivəsində İD döyüşçülərini sərhədlərindən uzaqlaşdırmağa çalışır.

Türk Ordusunun bəyanatında deyilir ki, hadisə Suriyanın şimalında təxminən saat 03.30-da (Bakı vaxtilə 04.30) "Suriya rejiminin qoşunlarının həyata keçirdiyi kimi qiymətləndirilən" hücumun nəticəsində baş verib.

Fotonun müəllifi AP
Image caption Yaralı əsgərlər Türkiyənin cənubundakı xəstəxanalara aparılıb

Anadolu agentliyi hadisənin əl-Bab yaxınlığında baş verdiyini deyir.

Hadisə nəticəsində ölənlər və yaralananlar, o cümlədən ağır vəziyyətdə olan bir nəfər Türkiyənin cənubundakı Kilis və Qaziantepdəki xəstəxanalara göndərilib.

Suriya İnsan Haqları Müşahidə qrupu isə cümə axşamı Türkiyə hərbiyyəsinin bəyanatına irad tuturaq bildirib ki, əsgərlər çərşənbə günü əl-Bab şəhərinin şimal-şərqində yerləşən Vəqqa kəndi yaxınlığında İD-in canlı bombasının partlaması nəticəsində ölüb.

Fotonun müəllifi IS
Image caption İD əı-Bab yaxınlığında olan partlayışın fotosunu çap edib

Bununla da Fərat qalxanı başladıqdan bəri ümumilikdə 15 Türkiyə əsgəri həyatını itirib, AFP bildirir.

Bu barədə daha geniş