Britaniya mətbuatı: Özbəkistanda "Kərimovun siyasi məhbusu" 23 ildən sonra azadlığa çıxıb

İslam Karimov Fotonun müəllifi AFP
Image caption 20 ilini həbsxanada keçirmiş özbək siyasətçi sabiq prezident İslam Kərimovun vəfatından dərhal sonra azadlığa buraxılıb

The Guardian" yazır ki, ömrünün 20 ildən çoxunu həbsxanada keçirmiş özbək siyasətçi prezident İslam Kərimovun vəfatından dərhal sonra azadlığa buraxılıb.

Məqalədə deyilir ki, Samandar Kukanov 1993-cü ildə mənimsəmə ittihamı ilə məhkum edilsə də, onun həbsxanaya atılmasının əsas səbəbi avtoritar prezidentə qarşı çıxması idi.

23 il həbs yatmış Kukanovun indi 72 yaşı var. O həbs edilərkən Özbəkistanın millət vəkili idi və indi isə dünyanın ən uzun həbsxana cəzası çəkən siyasi məhbusu olub.

"The Guardian" yazır ki, Kukanovun azadlığa çıxmasını onun oğlu Sardorla telefon söhbətindən sonra kinorejissor Umida Axmedova təsdiq edib.

Daşkənddə mənzillənmiş insan haqları qrupu bildirir ki, Kukanovun məhbusluq müddəti ən azı bir dəfə uzadılmışdı. Son dəfə isə ötən oktyabrda onun həbs cəzasını daha üç il uzatmışdılar.

Kukanovun azadlığa buraxılması qərarını ölkənin keçid pezidenti Şavkat Mirziyoyevlə bağlayırlar.

Mirziyoyev Kərimovun 27 illik hakimiyyəti dövründə 13 il onun baş naziri vəzifəsini icra edib.

New York-da mənzillənmiş Human Rights Watch insan haqları təşkilatının Mərkəzi Asiya kuratoru Steve Swerdlow deyib ki, Kukanovun azadlığa buraxılmasında ABŞ hökuməti də daxil beynəlxalq diplomatik icmanın Özbəkistan hökumətinə birbaşa müraciəti əsas rol oynayıb.

Swerdlow deyib ki, əgər Şavkat Mirziyoyev doğrudan da bütün dünyaya öz hakimiyyətinin rejimin yaxşılaşdırılmasına xidmət edəcəyini göstərməkdə ciddidirsə, o daha çox siyasi dustağı həbsxanalardan azad etməli olacaq.

"The Guardian" yazır ki, insan haqlarını kobud surətdə pozan İslam Kərimov ölkəsinin Əfqanıstanla həmsərhəd olmasından Qərb və Rusiya ilə münasibətlərdə təzyiq vasitəsi kimi istifadə edirdi.

Məqalədə xatırladılır ki, əhalisi 32 milyon nəfər olan bu müsəlman ölkəsi pamblq, qızıl və qazla zəngindir.

Trump-ın oğlu moskvapərəst Suriya müxalifətçisi ilə görüşüb

Fotonun müəllifi Pool
Image caption Donald Trump-ın oğlu Suriya münaqişəsinin həlli üçün Rusiya ilə əməkdaşlıq barədə Parisdə danışıqlar aparıb

"The İndependent" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump-ın böyük oğlu Suriya münaqişəsinin həlli üçün Rusiya ilə əməkdaşlıq barədə Parisdə danışıqlar aparıb.

Məqalədə deyilir ki, bu xəbər bir tərəfdən Trump-ın Rusiya ilə yaxınlaşmaya meylli olduğunu bir daha təsdiq edir, digər tərəfdən isə onun ailə üzvlərinin administrasiyanın tərkibində olacağından xəbər verir.

Atasının adını daşıyan 38 yaşlı oğul Donald Trump analitik mərkəz təsisçisi Fabien Baussart və onun arvadı Randa Kassisin qatıldığı danışıqlarda iştirak edib.

The Wall Street Journal qəzeti yazır ki, xanım Kassis Suriya müxalifətinin Kreml tərəfindən dəstəklənən qruplaşmasının liderlərindəndir.

Məqalədə deyilir ki, ABŞ Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan müxalifət qruplarını dəstəkləyir, lakin bəzi xəbərlərə görə xanım Kassisin qrupu Əsəd rejimi ilə əməkdaşlıqda keçid hökumətinin təşkilinə tərəfdardır.

"Rusiya Suriya naminə bu ölkəni xilas etmək üçün hərbi müdaxilə edib, Kassis bu həftə Əl-Cəzirə telekanalına deyib, - Problem budur ki, siz rusları tanımırsınız və rusları başa düşmürsünüz…Siz Rusiyanı müxalifətin əleyhinə olmaqda ittiham edirsiniz, amma rusları başa düşmək lazımdır".

"The İndependent" yazır ki, bu görüş oktyabrın 11-də Paris Ritz otelində keçirilib.

Bundan başqa xanım Kassis bir Moskva qəzetinə müsahibəsində deyib: "Biz realist olmalıyıq. Suriya torpağında indi kim var? Nə ABŞ var, nə də Fransa. Rusiyasız biz Suriyada heç bir münaqişə həllinə nail ola bilmərik".

Prezident seçilmiş Trump-ın oğlu barədə isə Kassis deyib ki, "o çox praqmatik və konstruktivdir".

Bu həftə ata Donald Trump New York Times qəzetinin müxbirlərinə deyib ki, o "Suriyada davam edən divanəliyin" dayandırılmasını istəyir.

Rusiya barədə suala cavab verərkən isə o bildirib ki, "ruslarla yola getməyi çox istərdi və düşünür ki ruslar da bizimlə yola getmək istərdilər. Bizim maraqlarımız qarşılıqlıdır".

Paris görüşü barədə özünün Facebook səhifəsində yazan xanm Kassis bildirib ki, "Trump-ın qələbəsi Rusiya və ABŞ-a Suriya məsələsində razılığa gəlmək imkanı verəcək".

"The İndependent" yazır ki, Donald Trump başqa bir qohumuna - kürəkəni Jared Kushner-ə də siyasətdə geniş meydan vermək niyyətindədir.

Kushner-in gələcək administrasiyada rolu barədə New York Times müxbirlərinin sualına cavab verən Trump deyib ki, kürəkəni İsrail və fələstinlilər arasında sülh əldə edilməsinə yardım göstərə bilər.

Çində "kriminalları üzdən tanıyan cihaz" yaradılıb

"The Telegraph" yazır ki, Çində Şanxay Universitetinin yaratadığı süni zəka maşını 186 fotodan kriminalları sifət quruluşlarına görə düzgün aşkar edib.

Adamları ağız, göz və burnuna görə müəyyən edən cihaz hər 10 dəfədən 9-da kriminalları düzgün tapa bilib.

"The Telegraph" yazır ki, bu xəbər kriminalların xüsusi üz quruluşuna malik olmaları barədə debatları yenidən qızışdıra bilər.

Məqalədə deyilir ki, bu cihazdan istifadə ziddiyyət yaradacaq, lakin Çində Mao zəmanəsindən indiyədək az qala bütün vətəndaşlar barədə "danqan" adlanan məxfi məlumatlar saxlanır. Bu məlumatlara vətəndaşların sağlamlığı barədə həkim qeydləri və hətta məktəbdə aldıqları qiymətlər də daxildir.

Bu "suni zəka cihazını" təlimləndirmək üçün araşdırmaçılar Şiaolin Vu və Ksi Janq 1670 çinlinin üz cizgilərini öyrəniblər. Bunların tən yarısı kriminallar olub.

Şəkillər pasportlardan götürülmüşdü və buna görə də 18-55 yaşları arasında olan adamlar neytral pozada idilər və üzləri qırxılmış vəziyyətdə idi.

Sistemi sazladıqdan sonra iki alim əlavə olaraq 186 nəfərin fotolarını yoxlayıblar və maşına kriminal və qeyri-kriminalları müəyyən etmək komandası veriblər.

Təcrübənin nəticəsindən çıxış edən alimlər deyiblər ki, nə qədər ziddiyyətli sayılsa da, belə görünür cinayət törətmiş insanlar müəyyən üz cizgilərinə malik olurlar.

Araşdırmaçılar bunu da vurğulayıblar ki, qanunpərəst vətəndaşların üz cizgiləri bir-birindən az fərqlənsə də, kriminalların görünüşündə ən müxtəlif fərqlər aşkar olunur.

"The Telegraph" yazır ki, bu maşınların geniş tətbiq olunması üçün onların müxtəlif irq, cins və üz ifadəsi fərqlərini tanıması lazımdır.

Bu ilin əvvəllərində Pekin ölkənin ən böyük müdafiə sənayesi podratçısı Electronics Technology Group şirkətinə süni zəka maşınlarının yaradılması üçün dövlət sifarişi verib.

Bu sistem təhlükəsizlik kameralarına baxarkən adamların hərəkətindən kimin terrorçu akt törətməyə hazırlaşdığını müəyyən etməlidir.

Əlaqəli mövzular