Britaniya mətbuatı: ABŞ məscidlərinə "sizinlə haqq-hesab vaxtıdır" məktubları gəlib

Fotonun müəllifi Courtesy
Image caption Şuranın icraçı direktoru Hüsam Ayluş deyir ki, Trump "irqçiliyi normal bir şeyə çevirib".

"The Independent" yazır ki, California-da bir neçə məscid müsəlmanlara qarşı soyqırım törədiləcəyinə dair təhdidli məktublar alandan sonra ABŞ-da vətəndaş haqları qrupları Amerika məscidlərinin daha sərt mühafizəsinə çağırıblar.

Amerika-İslami Münasibətlər Şurasının məlumatına görə (Council on American-Islamic Relations -CAIR) məkrublar Long Beach-dəki İslam Mərkəzinə, Claremont İslam Mərkəzinə, şuranın Los Angeles-dəki filialına və San Jose-dəki Evergreen İslami Mərkəzinə göndərilib.

Əllə yazılmış məktublar "Şeytanın övladlarına" müraciəti ilə başlayır və prezident seçilmiş Donald Trump-a dəstək ifadə edir. Məktublarda müsəlmanlar "rəzil və iyrənc insanlar" adlandırılır.

"Sizinlə haqq-hesab günü gəlib çatdı. İndi şəhərin yeni şerifi var - Donald Trump. O Amerikanı təmizləyəcək və onu yenidən parladacaq. Və o bu işə siz müsəlmanlardan başlayacaq" - deyilir məktubda.

Yalnız "düz yolun amerikalıları" sözləri ilə imzalanmış məktublarda deyilir ki, "Trump sizin başınıza Hitlerin yəhudiləin başına gətirdiyini gətirəcək".

CAIR bildirir ki, Trump-ın seçki qələbəsi elan ediləndən bəri ABŞ-da nifrət zəminli cianyətlərin sayı kəskin artıb.

Şuranın icraçı direktoru Hüsam Ayluş deyib ki, onlar başqalarının nümunə götürəcəyindən ehtiyat edərək bu söhbətləri heç açıb-ağartmaq da istəmirdilər, lakin sonradan eyni məzmunlu məktubların bir çox müsəlman ocaqlarına göndərilməsi onları bəyanat verməyə məcbur edib.

Aylus "Los Angeles Times" qəzetinə müsahibəsində Trump-ı öz tərəfdarları arasında antimüsəlman hissləri qızışdırmaqda ittiham edib.

"Mən demirəm ki, irqçiləri Trump yaradıb, - deyib Ayluş, - Lakin o bunu normal bir şeyə çevirib".

O Trump-ı özünü bütün amerikalıların prezidenti kimi aparmağa çağırıb.

Vətəndaş təşkilatlarının məlumatına görə ABŞ-da 9 noyabrdan bəri azı 701 nifrət zəminli cinayət qeydə alınıb.

Bu hadisələrdən biri zamanı bir qadına deyilib: "Tüpürüm sənə, iyrənc qancıq. Səndən Afrika iyi gəlir".

FTB-nin məlumatına görə 2015-ci ildə antimüsəlman motivli 257 cinayət qeydə alınmışdı, halbuki 11 sentyabr hadisələrindən sonra, 2001-ci ildə bu rəqəm 297 idi.

San Jose Polis İdarəsi bildirib ki, sözü gedən məktublarla əlaqədar cinayət axtarışına başlanıb.

Qadınlara ər yumruğunun izini gizlətmək üçün makiaj

"The Guardian" yazır ki, Mərakeşdə dövlət televiziyası ərləri tərəfindən kötəklənmiş qadınlara üz-gözlərindəki zorakılıq izlərini kosmetika ilə ört-basdır etməyi öyrədən proqram yayınlayıb.

2M telekanalında yayınlanan gündəlik Səbahiyyat proqramında vizajist gülüb danışa-danışa qadınlara üz-gözlərindəki yumruq qançırlarını kosmetika ilə gizlətməyi öyrədirdi.

"Biz ümid edirik ki, sizə öyrətdiyimiz bu gözəllik fəndləri sizə gündəlik həyatınızı sürməkdə kömək edəcək" - deyirdi gülərüz aparıcı.

"The Guardian" yazır ki, bu proqram efirə 23 noyabrda - Qadınlara Qarşı Zorakılığın Ləğvi Günü ərəfəsində yayınlanıb.

Məqalədə deyilir ki, verilişə sərt reaksiya dərhal qeydə alınıb. Minlərlə qadının imzaladığı petisiya telekanala təqdim edilib.

Qadınlar üzrxahlıq və telekanala qarşı sanksiyalar tələb edirdilər.

Hətta tamaşaçılardan bir kişi bu proqrama baxanda nitqinin tutulduğunu deyib.

Telekanal sözü gedən verilişi internet saytından çıxartsa da, verilişin seqmenti Tvitterdə dövr edirdi.

Özünün Facebook səhifəsində telekanal bildirib ki, "bu süjet tamamilə yanlış redaksiya qərarının nəticəsində efirə verilib".

İnsanın kefini yeməklə açan aplikasiya da çıxdı…

Fotonun müəllifi JOEL SAGET

"The Telegraph" qəzetinin elm məsələləri üzrə redaktoru Sarah Knapton yazır ki, Oxford Universitetinin alimləri "insanın üz ifadələrindən onun əhvalını müəyyən edib kef duruldan və narahatlıığı dağıdan qidalar təklif edən" yeni aplikasiya icad ediblər.

Eksperimental alim, professor Charles Spence və "Just Eat" iaşə xidməti firması birlikdə insan əhvalının "xəritələnməsi" texnologiyasını sınaqdan keçiriblər. Bu texnologiya bu ilin sonlarınadək kütləvi istismara veriləcək.

Yeni aplikasiya büzülmüş dodaqlar və məyus gözlər kimi əlamətləri insanın özündən daha yaxşı sezməlidir.

"Çox vaxt adamlar əhvallarının necə olduğu barədə danışmırlar və ya danışmaq istəmirlər. Axı belə də olur ki, kefimiz yoxdur, amma niyəsini bilmirik - deyib alim.

Onun sözlərinə görə bizim əhvalımız dad və iybilmə qabiliyyətimizi əhəmiyyətli dərəcədə təsirləndirir və əgər belədirsə, müəyyən qidalar bu əhvalmızı düzəldə bilər.

Professor deyib ki, əhvalımız və emosiyalarımız dadbilmə qabiliyyətimizi təsirləndirir və buna görə də ovqatımız təlx olanda yemək belə istəmirik. Bunun səbəbi odur ki, adamın kefi olmayanda yemək də ləzzət eləmir.

Professor Spence deyir ki, elm məhz bu məqamda köməyimizə yetişə bilər.

Yeni aplikasiya insanın qəzəb, iyrənmə, qorxu, təəccüb, kədər və sevinc kimi duyğularına uyğun olan menyu təklif edəcək.

Məsələn əsəbiləşmiş adamın sakitləşdirici qidalar, yəni tərkibində maqnezium olan qoz və şokolad kimi qidaları qəbul etməsində fayda ola bilər.

Əksinə son dərəcə həyəcanlı vəziyyətdə olan adamlara qanda şəkərin miqdarını tənzimləyən qidalar, məsələn kəpəkli bulkalar və ya tərkibində paxlalar olan piroqlar təklif edilə bilər.

Dietoloq Ruth Tongue isə deyir ki, qəbul etdiyimiz qidalar bizim nəinki nə yediyimizi, həm də necə həzm etməyimizi təsirləndirir.

Əlaqəli mövzular