Almaniya kəşfiyyatından xəbərdarlıq: Rusiya seçkilərə “müdaxilə edə bilər”

Angela Merkel (sağda) və Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri Bruno Kahl. Fotonun müəllifi AP
Image caption Öz vəzifəsində az qala 5 aydır ki, işləyən Bruno Kahl (solda) bu müddət ərzində çox nadir hallarda ictimai açıqlama verib.

Almaniya xarici kəşfiyyat qurumunun rəhbəri deyib ki, Rusiya gələn il keçiriləcək seçkilərə kiberhücumlar vasitəsilə müdaxilə edə bilər.

Bruno Kahl-ın sözlərinə görə onun başçılıq etdiyi qurum "siyasi qeyri-müəyyənliyin" yaradılmasından başqa məqsəd daşımayan internet həmlələrindən agahdır.

"Avropa və xüsusilə də Almaniya belə müdaxilə cəhdlərinin mərkəzindədir", - Almania rəsmisi Sueddeutsche Zeitung qəzetinə bildirib.

Rusiya və Rusiya ilə bağlı haker qrupları vaxtaşırı kiberhücumların həyata keçirilməsində təqsirləndirilirlər.

2017-ci ilin payızında keçiriləcək federal seçkilərin dəqiq günü hələ ki, təyin edilməyib. Lakin hazırkı kansler Angela Merkel öz namizədliyini dördüncü müddətə irəli sürəcəyini bildirib.

İlin əvvəlində Almaniyanın daxili kəşfiyyat idarəsi parlamentin kompüter sisteminə müdaxilədə Rusiya dövlətilə əlaqəli olduğu güman edilən Fancy Bear qrupunu təqsirləndirmişdi.

Ehtimallara görə bu qrup, həmçinin xanım Merkelin mənsub olduğu hakim Xristian Demokratik İttifaqı partiyasını da hədəfləyib.

Oktyabr ayında ABŞ Moskvanı siyasi qurumların hücumu vasitəsilə seçki prosesinə müdaxilədə ittiham etmişdi. Rusiya belə ittihamları daima rədd edib.

"Bunun dövlət orqanına aid olduğunu demək texniki baxımdan çətindir. Lakin dövlətin ən azı dözümlü olması və bunu arzu etməsinə dair bəzi dəlillər var", - Almaniya kəşfiyyatının nümayəndəsi deyib.

Öz vəzifəsində az qala 5 aydır ki, işləyən cənab Kahl bu müddət ərzində çox nadir hallarda ictimai açıqlama ilə çıxış edib.

Onun müsahibəsindən bir gün əvvəl, haker tərəfindən törədildiyi güman edilən haker hücumu, Deutsche Telekom şirkətinin bir milyona yaxın müştərisini genişzolaqlı internet bağlantısından məhrum etmişdi.

Bu barədə daha geniş