#100qadın: Qadın ərəb karikaturaçılar hakimiyyətlə mübarizə aparır

Doaa əl-Adl Fotonun müəllifi Doaa əl-Adl
Image caption Misirdən olan karikaturaçı Doaa əl-Adl, qadın özünüifadəsində karikaturaların necə böyük rol oynadığını göstərir

Bəzi ərəb ölkələrində qadınlar hələ də kişi yaxınlarından pasporta müraciət etmək, ailə qurmaq və ya ölkədən çıxmaq üçün icazə alır. Baxmayaraq ki, "kişi qəyyumluğu" təcrübəsi qanunla müəyyənləşdirilməyib, bir çox ailələrin gündəlik həyatında bu, öz əksini tapır.

100 Qadın seriyasının bir hissəsi olaraq BBC, Şimali Afrikadan üç qadın karıkaturaçıdan bu ənənənin, ölkələrindəki qadınların həyatına necə təsir etdiyini təsvir etməsini istəyib.

Misir

"Kişilərin qadınlar üzərindəki dominantlığı daha çox cavan gəlinlər üzərindədir," mükafat qazanmış misirli karikaturaçı Doaa el-Adl deyib.

"Varlı körfəz kişilərinin Misirin ucqar ərazilərində daha cavan və müvəqqəti gəlin axtarması adət halını alıb."

Fotonun müəllifi Doaa əl-Adl

Qadın sünnəti və cinsi zorakılıq kimi tabu mövzuları canlandıran siyasi karikaturaçı el-Adl, tez-tez mübahisələrlə qarşılaşır və hətta, kafir adı ilə ittiham olunub."Cavan gəlinlər" ifadəsi Misirdə rəsmi evlilik yaşına gələn - 18 yaş - amma ailələri tərəfindən qat-qat yaşlı xarici kişilərlə evləndirilən qızlar anlamına gəlir.

Bir çox hallarda kişilər bu anlaşmaya qısa-müddətli yanaşırlar və az sonra qızlar atırlar.

Əl-Adl paradoksal səslənsə də, deyir ki, prosesin qarşısının alınması üçün qanun qüvvəyə minsə də, bu daha geniş vüsət alıb.

Əgər xarici kişi özündən 25 il gənc bir qızla evlənmək istəyirsə, o, qızın ailəsinə 6000 ABŞ dolları dəyərində başlıq pulu verməlidir.

Məbləğ Körfəz ölkələrinin varlı kişiləri üçün kiçik olsa da, artan iqtisadi çətinliklərə qarşı kasıb misirli ailələrin əlindən tutur.

"Bu cəmiyyətlərdə kişilər, qızlarını satır demək olar," əl-Adl söyləyib. "Dövlət isə bunun qarşısını ala bilmədi."

BBC 100Qadın adına hər il dünyanın dörd bir yanından nüfuzlu və ruhlandırıcı qadınlar seçilərək layiq görülür. Biz onların həyatından sənədli filmlər, xəbərlər və müsahibələr hazırlayırıq və qadını diqqət mərkəzində saxlayan hekayələrə yer ayırırıq.

Biz SİZin də şərh, diqqət və ideyalarınızı gözləyirik. Bizi Facebook, Instagram, Pinterest, Snapchat və YouTube üzərindən izləyə bilərsiniz.

Sevdiyiniz postu və öz hekayənizi #100women #100qadın işarəsi altında bölüşün.

Tunis

"Mən ilk dəfə rəsm çəkməyə başlayanda anonim edirdim və hər kəs kişi olduğumu fikirləşirdi," tunisli karikaturaçı Nadia Khiari deyir.

"Onlar bir qadının nəinki yumor və sarkazm dolu obrazlar yaradacağını düşünür, heç rəsm çəkə biləcəyini ağıllarına gətirmirdilər."

Fotonun müəllifi NADIA KHIARI

Khiari Tunisli Willis-in (Willis from Tunis) yaradıcısıdır. O, burada inqilabdan sonrakı Tunis həyatında baş verən hadisələrə şərh verən pişiyin macəralarını çəkir.

Onun bu karikatura üçün seçdiyi mövzu - Willis-in də təsvir olunduğu - cinsi təcavüzə uğramış qızların onlara hücum edənlərlə evləndirilməsini təsvir edir. Beləliklə, ailələr cəmiyyət içində rüsvayçılıqdan qurtulmuş olurlar.

O, bu karikaturanı Tunis televiziyasında tok-şou aparıcısının mübahisəli fikirlər səsləndirməsindən sonra çəkib. Belə ki, aparıcı, illərcə üç kişi tərəfindən cinsi istismara məruz qalan cavan qızın hamilə qaldıqdan sonra, biri ilə evləndirilməsini təklif edib.

Khiari deyir ki, Ərəb yazı inqilabından sonra, ölkənin yeni konstitusiyasına cinsi bərabərlik barəsində 2014-cü ildə qanun əlavə olunsa da, bənzəri münasibətlər mövcuddur.

"Qadının bədəni onun ailəsinə məxsusdur. Xüsusilə də, cinsi təcavüzə məruz qaldıqdan sonra, qadının bədəni ailənin adına ləkə yaxılmasın deyə bir əhəmiyyət daşımır," o söyləyib.

"Tunis administrasiyası cinsi təcavüzü olduğu kimi görmür. Bu, ciddi cinayət kimi qəbul olunmur."

Mərakeş

Riham Elhour Mərakeş mətbuatında dərc olunan ilk qadın karikaturaçıdır.

O, 8 mart Beynəlxalq Qadınlar Günündə anadan olub və "feminist kimi doğulduğunu" bununla bağlayır.

15 il öncə UNESCO mükafatına layiq görüləndən sonra uşaqlıq hobbisi onun onun sənətinə çevrilib.

Fotonun müəllifi RIHAM ELHOUR

Bu karikaturası üçün seçdiyi mövzu xaricə səyahətlə bağlıdır. Burada həyat yoldaşlarını xaricə gəzməyə qoymayan mərakeşli kişilər təsvir olunub.

Mərakeşdə kişi qəyyumluğunu təsdiq edən qanunlar 2004 və 2014-cü il islahatlarında ləğv olunsa da, qadınlar hələ də övladlarını özləri ilə xaricə apara bilmək üçün ərlərindən rəsmi icazə almalıdırlar.

"Kişilər bundan qadınları idarə etmək üçün istifadə edir," Elhour bildirib.

Riham Elhour işlədiyi qəzetin hələ də yeganə qadın karikaturaçısıdır.

Amma o, rəsmləri ilə Mərakeş qadının kənardan görünüşünü dəyişə biləcəyindən əmindir.

"Mən rəsmlərimlə qadınları haqları uğrunda savaşmağa həvəsləndirmək istəyirəm," o deyib. "İstəmirəm ki, onlar qurban olduqlarını fikirləşsinlər. Mən savaşçıyam. Bütün qadınlar savaşçıdırlar."