Britaniya mətbuatı: “Trump-ı Allah prezident seçdirib?”

British press

"The Economist" yazır ki, ötən iyun ayında Donald Trump müsəlmanların ABŞ-a gəlişinə qadağan qoyulması barədə bəyanat verəndə, Türkiyənin islamçı lideri buna çox sərt reaksiya vermişdi.

Prezident Recep Tayyip Erdoğan İstanbuldakı Trump göydələnlərindən Trump-ın adının qopardılmasına göstəriş vermişdi.

"Amma belə görünür ki, cənab Erdoğan həm göydələnlər, həm də onların üstündəki adın sahibi barədə fikrini dəyişib, - deyilir məqalədə, - Rəy sorğuları türklərin böyük əksəriyyətinin Hillary Clinton-u prezident görmək istədiyini göstərsə də, Ankarada cənab Trump-ın qələbəsini rişxənd qarışıq ümidlə qarşılayıblar" - yazır məcmuə.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Yasin Aktay deyib ki, Yaxın Şərq və Türkiyə ABŞ demokratlarının siyasətlərindən çox çəkiblər, amma indi "yeni səhifə açılır".

Bu mənada Türkiyə prezidenti hətta daha aydın bəyanat verib və deyib ki, Trump-ın seçilməsi əleyhinə etirazlar "demokratiyaya qarşı hörmətsizlikdir".

"The Economist" yazır ki, "bu yarınma" görünür cənab Trump-ın döşünə yatıb.

Əgər Türkiyənin Diken xəbər portalında yazılanlara inansaq Trump telefonda Erdoğana deyib ki, qızı İvanka ona heyrandır.

Məqalədə deyilir ki, Türkiyə müsəlman vaiz Fethullah Gülenin ekstradisiyası üçün Amerikaya çox təzyiqlər göstərib və ola bilsin, belə məsələlərdə Trump-ın daha anlaşmalı olacağına ümid bəsləyir.

Populist liderlər

"The Economist" yazır ki, Erdoğan onun özü kimi populist olan Trump-ın Putinə heyranlığına da diqqət yetirməmiş deyil.

Məqalədə deyilir ki, Erdoğan hazırda apardığı siyasətin sürətini azaltmağı düşünmür. Bu ayın əvvəllərində parlamentə zorladıqları qadınlarla evlənən kişilərin əfv edilməsi barədə qanun layihəsi təqdim olunub.

Bu da vurğulanır ki, bu qanun qəbul edilsə, həbsxanalarda olan 3 min qadınzorlayanı azad edəcəkdilər və bu Erdoğanın son aylarda 37 min adamla doldurduğu həbsxanalarda bir az yer açılmasına imkan yaranacaqdı.

Fotonun müəllifi AP
Image caption "The Economist" yazır ki, Erdoğan onun özü kimi populist olan Trump-ın Putinə heyranlığına da diqqət yetirməmiş deyil.

Erdoğanın daha bir ümidi bunadır ki, Trump başqa amerika prezidentləri kimi insan haqlarına görə əcnəbilərin zəhləsini tökməyəcək.

"Erdoğan Qərbin maraqlarına hörmət edir, amma normalarına yox" - deyilir məqalədə.

Ötən həftə o, Türkiyənin Avropa İttifaqına alternativ olaraq Özbəkistan və Rusiya kimi ölkələrin üzv olduğu Şanxay Əməkdaşlıq Qrupuna qoşulmasını təklif edib.

"The Economist" yazır ki, cənab Erdoğan zarafat eləmir. Hazırda Türkiyənin Avropa İttifaqı ilə münasibətləri son 20 ildə ən aşağı səviyyəsinə düşüb. Prezident hətta Türkiyənin Aİ ilə danışıqlarına son qoyacaq referendum keçirməkdən danışır. Onsuz da onun Türkiyədə ölüm cəzasını bərpa etmək niyyəti Aİ üzvlüyü ilə bir araya sığmır.

İş o yerə çatıb ki, Türkiyənin xarici işlər naziri alman həmkarının telefon zənglərinə cavab vermir.

"Amma Aİ-nin də səbri tükənir, - yazır "The Economist", - Avropa Parlamenti Türkiyə ilə Avropa İttifaqı arasında üzvlüyə dair danışıqların ləğvinə səs verib".

Əvəzində Türkiyə Avropanı yenə də miqrant seli ilə hədələyir.

Bununla belə məqalədə deyilir ki, Türkiyə Avropa ilə münasibətlərinin pisləşməsindən Trump-la yeni dostluğunun çiçəklənməsi üçün istifadə edəcəyinə o qədər də bel bağlamamalıdır.

"Bəli, ola bilsin, Trump Gülen məsələsində Türkiyəyə daha lütfkar olsun, amma ola da bilsin yox" -yazır məcmuə.

Məqalədə deyilir ki, cənab Trump-ın komandası Müsəlman Qardaşlığı təşkilatının terrorçu qruplar siyahısına daxil edilməsini, İranla nüvə sazişindən imtina edilməsini və PKK-nın Suriya qanadının İD-ə qarşı silahlandırlılmasının davam etdirilməsini istəyir. Cənab Erdoğan bütün bunlara əks mövqedədir.

"The Economist" yazır ki, hər şeydən əlavə ABŞ administrasiyasının gələcək heyətində adları çəkilən fiqurlar heç də cənab Erdoğanın heyranları deyillər.

Hərçənd Trump-ın milli təhlükəsizlik müşaviri Michael Flynn ABŞ mətbuatında dərc edilmiş məqaləsində Türkiyəni "stabillik mənbəyi" kimi tərif edib, amma elə həmin cənab Flynn-in Türkiyədə baş vermiş çevriliş gecəsində Erdoğanı devirmək istəyən generalları alqışladığını göstərən videonu türk rəsmiləri də görüblər.

Elə həmin gecə yazdığı tvitdə Trump-ın Mərkəzi Kəşfiyyat İdarəsinə namizədi Mike Pompeo Türkiyəni "İslam diktatorluğu" adlandırıb.

"Bu lap səlibçi nitqi kimi səslənir" - deyib cənab Aktay.

"İlahinin hökmü" və ABŞ seçkisi

"The İndependent" qəzetinin yazdığına görə Sarah Palin israr edir ki, ABŞ seçkisinə Allahın özü müdaxilə edib və Donald Trump-ın qələbəsi qismən də ABŞ vətəndaşlarının oyanması üçün Allaha yalvaranların duasına görə baş tutub.

Donald Trump-ın namizədliyini ilk qəbul edənlərdən biri olan tanınmış respublikaçı xanım Palin deyir ki, o bütün bunlarda "ilahi hökm" görür.

Alyaskanın keçmiş qubernatoru bunu da bəyan edib ki, adamlar "səhv yola düşmüş" ölkənin dəyişməsinə dua edirdilər.

Xanım Palin israr edir ki, o "ilahi müdaxiləni" öz gözləri ilə görüb.

O Breitbart News Daily radio şousunda etdiyi çıxışda bildirib ki, Amerikanın əsasını qoyan atalar bu ölkəni Allaha ithaf eləmişdilər.

"Mən prezident olsaydım, bu ölkəni bir daha Allaha ithaf edərdim" - deyib siyasətçi qadın.

"The İndependent" yazır ki, bu, xanım Palin-in "Allahın adından danışdığı" ilk epizod deyil.

Fotonun müəllifi JASON CONNOLLY/AFP/Getty Images
Image caption Palin ötən yanvar ayında Trump-ın namizədliyini rəsmən qəbul etdikdən sonra demişdi ki, Trump "İŞİD-in axırına çıxacaq və bura qadınların yeri deyil".

O 2008-ci ildə özünü İncilə inanan xristian kimi təqdim edərək demişdi ki, həmin il keçirilən seçkidə Allahın hökmü icra olunacaq və John McCain Barack Obamanı məğlub edəcək.

O vaxt Palin-in peyğəmbərliyi düz çıxmasa da, Palin bu dəfə radio müsahibəsində "inqilabi Trump-ı" "məsih" adlandırıb.

"The İndependent" yazır ki, Breitbart News media qurumu tez-tez irqçilikdə, antisemitizmdə və qadınlara nifrətdə ittiham olunur, amma indi bu qurumun başçısı Steve Bannon Ağ Evin gələcək strategi təyin edilib.

Palin ötən yanvar ayında Trump-ın namizədliyini rəsmən qəbul etdikdən sonra demişdi ki, Trump "İŞİD-in axırına çıxacaq və bura qadınların yeri deyil".

Hərçənd o "qadınların" sözünün əvəzinə qadın cinsi orqanının adını açıq şəkildə çəkmişdi.

Hər bir xəstəliyin bitki dərmanı var

"The Telegraph" qəzetində Scott Laidler yazır ki, bir çox adamların təbii çarələri, yəni dərman bitkilərini qoyub kimyəvi dərmanları qəbul etməsi təəssüf doğurur, çünki bir çox təbii vasitələr dərmanlardan daha effektlidir.

Məqalədə deyilir ki, 2014-cü ildə İngiltərədə aparılmış rəy sorğusu kişilərin 43, qadınların isə 50 faizinin daimi qaydada dərman preparatları qəbul etdiyini göstərib.

Müəllif yazır ki, öz həkim karyerası boyunca bir çox bitkilərin xəstəlikləri daha yaxşı müalicə etməsinin şahidi olub.

"The Telegraph" dərman bitkilərinin yaxşı işlədiyi bir neçə geniş yayılmış xəstəlikdən bəhs edib.

Fotonun müəllifi Thinkstock
Image caption Britaniyada hər üç adamdan biri yüksək qan təzyiqindən əzab çəkir. İdeal təzyiq 120/80-dir.

Yüksək qan təzyiqi

Britaniyada hər üç adamdan biri yüksək qan təzyiqindən əzab çəkir. Yüksək qan təzyiqi ürəyə, qan damarlarına və başqa orqanlara ciddi ziyan vurur. İdeal təzyiq 120/80-dir. Bundan azacıq yüksək təzyiq artıq xəstəlik sayıla bilər.

Hazırda qan təzyiqini tənzimləyən dərman preparatları var, lakin bunların yan fəsadları da xoşagələn deyil. Təzyiqi salan dərmanlar bir qayda olaraq mədə ağrılarına və kişilərdə cinsi iqtidarın zəifləməsinə səbəb olur.

Həkim bildirir ki, bu dərmanların alternativi bəzən giləmeyvə sayılan yemişandır. Yemişan təzyiqi salmaqdan başqa həm də xolesterolu tənzimləir.

Yüksək xolesterol

Yüksək xolesterolun gözə çarpan simptomları olmasa da bu xəstəlik ifliclərə, beynə qan sızmasına və infarkta səbəb ola bilir.

Hazırda təbabət xolesterola qarşı statinlərdən istifadə edir ki, bunların da oynaq və baş ağrısı, diabet riskləri var.

Müəllifin fikrincə xolesterolu dava-dərmansız da normal səviyyəyə gətirmək olar. Bunun üçün sağlam qidalanmaya riayət etmək lazımdır.

Avokado, qoz-fındıq və zeytun yağı, habelə bol meyvə-tərəvəz xolesterolun əsas dərmanıdır.

2-ci tip diabet

Diabet xəstələrinin 85-95 faizi ikinci tip və ya "yumşaq diabet" tipinə aid edilir. Bu xəstəliyin ən ümdə səbəbi isə piylənmədir. Piylənməni isə ilk növbədə passiv fiziki həyat tərzi və düzgün olmayan qidalanma təşkil edir.

Diabet xəstəliyi insan orqanizmi qandakı şəkəri düzgün tənzimlənməyəndə yaranır. Buna görə də diabet xəstələrinin qanındakı şəkərin tənzimlənməsi üçün insulin preparatından istifadə olunur, halbuki bunun da təbii alternativi var.

Düzgün qidalanma…bir də darçın. Həkim darçını həm isti içkilərlə, həm də xörəklərlə birgə qəbul etməyi məsləhət görür.

Cinsi coşqunun zəifliyi

Daha çox kişilərə aid olan cinsi həvəssizlik də düzgün olmayan həyat tərzinin nəticəsidir.

Bu xəstəliyin əsasını hormonal balansın pozulması, ürək-damar xəstəlikləri və depressiya təşkil edir.

Bunun da təbii çarəsi düzgün həyat tərzi - sağlam yuxu, müntəzəm idman və bir də latınca adı Tribulus olan bitkidən hazırlanan həblərdir.

Müəllif iddia edir ki, həmin bu Tribulus ereksiyanı gücləndirir, cinsi coşqunluğu artırır və erkən və ya vaxtından tez eyakulyasiyanı və ya boşalmanı ləngidir.

Bu bitkidən hazırlanan preparatın qandakı şəkəri tənzimlədiyinə dair dəlillər də var. Odur ki, diabetli xəstələrə də faydalı vasitədir.

Amma bu vasitə ürək-damar xəstəlikləri olanlara və hamilə qadınlara tövsiyə edilmir. (Azərbaycanca adı Yatağan dəmirtikandır). Bu bitki təsnifatda dəmirtikanlar cinsinə və üzərrikkimilər fəsiləsinə aiddir.

Ən azı bəd nəzərdən qoruyan üzərrik bitkisinin fəsiləsindən…

Əlaqəli mövzular

Bu barədə daha geniş