Britaniya mətbuatı: İsrail parlamentinin binasında qısa ətəklərə qadağa

British press

"The İndependent" yazır ki, İsrail parlamenti siyasətçilərin, işçilərin və qonaqların qısa ətək geyinməsini qadağan edib.

Təftiş edilmiş geyim məcəlləsinə görə Knessetdə tətbiqinə başlanmış qadağa binaya daxil olan hər bir kəsə aiddir.

"Knessetə giriş üçün icazə yalnız məcəlləyə uyğun geyinmiş şəxslərə verilir", - yazılıb İsrail parlamentinin internet saytında.

Elanda izah edilir ki, qolları və çiyinləri açıq mayka və köynək, şort və ayağın dörddə üçündən azını örtən və ya yırtıq şalvarlar, üstündə siyasi şüar yazılmış maykalar, qısa ətəklər və ya qısa donlar, ayaqlarında barmaqları açıq saxlayan çəkələk və ya dabansız tufli olan şəxslər parlamentin binasında ola bilməzlər.

Bu qadağan yaşı 14-dən yuxarı olanların hamısına aiddir.

Knessetin sözçüsü deyib ki, əslində bu qadağan çoxdan mövcud idi, lakin ona riayət edilməsinə nəzarət olunmurdu.

Buna baxmayaraq İsrail qəzetləri yazır ki, qısa don və qısa ətəklər qadağan siyahısına indi əlavə edilib.

Knessetin sözçüsü bunu da bildirib ki, qadağa tətbiq ediləndən bəri heç bir insident baş verməyib və yalnız bircə dəfə bir qadına paltarı barədə xəbərdarlıq edilib. Həmin qadın xəbərdarlığı qəbul edib və əyini dəyişib.

Buna da aydınlıq gətirilir ki, Knessetə daxil olan qadınların geyiminə nəzarət qadın mühafizəçilərə, kişilərin geyimlərinə nəzarət isə kişi mühafizəçilərə həvalə edilib.

"The İndependent" yazır ki, hazırda Knesssetdəki 120 millət vəkilindən 38-i qadınlardır və bu İsrail parlamenti üçün rekord saydır, amma bu tərəqqiyə baxmayaraq qadın millət vəkilləri onlara qarşı ayrı-seçkilikdən şikayətlidirlər.

Bu ayın əvvəllərində bəlli olmuşdu ki, parlamentin yaxınlığında yeni sineqoq açılıb.

Bu da xəbər verilir ki, Knessetdə qadın deputatlar üçün ayrılmış sektora onların yalnız yarısı sığır.

Qısnama iddiaları

2016-cı ilin yazında bir İsrail telekanalının apardığı rəy sorğusu zamanı bəlli olmuşdu ki, qadın millət vəkillərindən bir çoxu seksual qısnamaya və təcavüzə məruz qalıb və bu hadisələrdən azı ikisi Knessetin binasında baş verib.

"Günü bu gün mənim Knessetdə ərsiz qadın olmağım məni çətin situasiyalara salır, - deyib mərkəzçi Kulanu partiyasından millət vəkili Merav bin Ari İsrail televiziyasının ikinci kanalına.

O təfərrüatlarına varmadan deyib ki, Knessetdə xoşagəlməz vəziyyətlə üçləşib, lakin məsələni yoluna qoyub.

Yenə də Kulanu partiyasından Rachel Azaria deyib ki, o da Yerusəlim bələdiyyəsinin üzvü olduğu vaxtlarda onunla nalayiq rəftar edilib.

Xanım Azariya deyib ki, bələdiyyə rəisi onun çıxışlarını bilərəkdən seksual bənzəyişlərlə şəhr edərmiş və qalan üzvləri onun üstünə qəhqəhə çəkdirərmiş.

Trump "Dəli it" ləqəbli generalı müdafiə naziri gətirir

"The Guardian" yazır ki, Donald Trump təqaüddə olan dəniz piyadası generalı James Mattis-i özünün müdafiə naziri seçiib.

Fotonun müəllifi Getty Images
Image caption Məqalədə deyilir ki, general Mattis ( sağda) həm Konqres, həm də hərbiyyədə nüfuza malik şəxsdir.

Məqalədə deyilir ki, Mattis həm Konqres, həm də hərbiyyədə nüfuza malik şəxsdir və respublikaçılar onun "ipə-sapa yatmayan" Trump-ın ipini çəkəçəyinə ümid bəsləyirlər.

Məhz buna görə də onun Konqres tərəfindən asanlıqla təsdiqlənəcəyi gözlənilir, hərçənd millət vəkilləri onun namizədliyi üçün istisna etməli olacaqlar, beləki Mattisin mülki vəzifə tutması üçün uniformadan çıxmasının azı yeddi il olması lazımdır.

Mattis-in təyinatı barədə xəbəri dekabrın 1-də ilk dəfə olaraq Washington Post qəzeti yazıb.

"The Guardian" yazır ki, respublikaçıların milli təhlükəsizlik düşərgəsində Trump-ın prezidentliyinə qarşı çıxanların əksəriyyəti Mattis-in namizədliyinə müsbət yanaşıblar.

Məhz buna görə də respublikaçılar ümid edirlər ki, qətiyyətli Mattis yeri gələndə, nəinki Trump-ın, hətta onun təyin etdiyi milli təhlükəsizlik müşaviri Mike Flynn-in də ipini yığa biləcək.

"Donald Trump-dan heç vaxt prezident olmaz" deyən senator John McCain-in keçmiş hərbi müşaviri Kori Schake deyib ki, general Mattis-in öz həyatlarını ABŞ və onun müttəfiqləri yolunda qurban verməyə hazır olan kişi və qadın əsgərlərin yanında dərin hörməti var və o çox yaxşı müdafiə naziri olardı.

"The Guardian" qəzetinin yazdığına görə təəccüblüdür ki, bu təyinatdan bir neçə gün əvvəl McCain onun müdafiə naziri təyin edilməsi üçün açıq kampaniya aparırdı.

Məqalədə deyilir ki, Senatda silahlı qüvvələr komitəsinin sədri olan McCain-in dəstəyi general Mattis üşün həlledici amil ola bilər.

"Döyüşən rahib"

Belə görünür ki, Mattis Donald Trump-ın "ipini artıq çəkməyə" başlayıb. Trump New York Times qəzetinə deyib ki, Mattis onu işgəncələrin yolverilməz olduğuna inandıra bilıib.

Mattis Trump-a deyib ki, o işgəncənin gördüyü işi siqaret və bir parç pivə ilə həll edə bilər.

"The Guardian" yazır ki, hərbi ləqəblərindən biri Mad Dog - "Dəli İt" olan Mattis özünün deyim və zərb-məsəlləri ilə tanınır.

Məsələn, "qərargah generalları" haqqında "Pentaqonun müqəddəs inəkləri" kəlamı ona aiddir. Buna baxmayaraq acı dili Mattisi Obama administrasiyası ilə qarşıya-qarşıya qoyurdu.

Mattislə bağlı maraqlı əhvatalardan biri də onun İraqın Anbar şəhərində yerli vasitəçilərdən biri ilə apardığı danışıqlarla bağlıdır. Onda Mattis vasitəçiyə belə bir ultimatum vermişdi: "Mən bura sülhlə gəlmişəm. Mən bura heç artilleriya da gətirməmişəm. Amma mən göz yaşları axıdaraq sizə yalvarıram ki, mənimlə oyun oynasanız hamınızı qıracağam".

Lakin 2005-ci ildə onun İraq və Əfqanıstanda bəzi adamları öldürməyin "ləzzət" olduğunu deməsi kəskin tənqidə və qalmaqala səbəb olmuşdu.

Buna baxmayaraq keçmiş respublikaçı konqresmenlərdən Mike Rogers Mattisi "alim-general" adlandırıb.

O bildirib ki, Mattisin kitabxanasında 10 min kitab var və o bu kitabların hamısını oxuyub.

"O böyük mənzərni görə bilən adamdır. O beynəlmiləlçidir və döyüşdən yaxşı baş çıxarır. O həm də hərbi qüvvədən qanun çərçivəsində istifadənin tərəfdarıdır. O heç vaxt dava axtarmır, lakin döyüşəndə davanı bitirir" - deyib Roger.

Obama Mattis-i ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının rəhbərliyinə gətirmişdi, lakin onların İran məsələsinə baxışları tamamilə bir-birinə zidd idi. Administrasiya İranla nüvə danışıqlarındaykən, general qəti şəkildə Tehranın əleyhinə çıxışlar edirdi.

2012-ci ildə keçirilmiş Konqres dinləməsində Mattis demişdi ki, ABŞ Suriyada Əsədi devirməklə İrana son 25 ildə ən ağır zərbəsini vura bilər.

Bundan az sonra Obama Mattisi vəzifəsindən kənarlaşdırmışdı.

2015-ci ilin yanvarında keçirilən Konqres dinləməsində isə Mattis bir daha Obama-nın Yaxin Şərq siyasətinə qarşı çıxış edərək ABŞ-ın "strateji atrofiyaya" məruz qaldığını bildirmişdi.

Buna baxmayaraq o Suriya münaqişəsini tamamilə "amerikalılaşdırmamağa" çağırırdı.

General hesab edirdi ki, bu münaqişədə aparıcı rolu müsəlman ölkələrinin hökumətləri oynamalıdırlar.

İrana qarşı sərt mövqeyi Trump-ın ürəyindən olsa da, Mattis-in Rusiyaya münasibətdə daha sərt yanaşması onunla gələcək president arasında fikir ixtilafı yarada bilər.

General Mattis heç vaxt evlənməyib və övladları yöxdur. Məhz buna görə də onun daha bir ordu ləqəbi "döyüşən rahibdir".

Bu barədə daha geniş