Britaniya mətbuatı: "Diktatorların London malikanələrininin" müsadirəsi təklif edilir

Parlament Fotonun müəllifi JUSTIN TALLIS
Image caption Diktatorların və insan haqlarını pozanların sərvətlərini gizlətmək üçün Londonda və Britaniyada aldıqları mülklərin müsadirəsinə dair qanuna əlavə təşəbbüsünü parlamentdəki bütün partiyalar dəstəkləyib

"The Guardian" yazır ki, Britaniya millət vəkillərinin irəli sürdüyü təşəbbüs diktatorların və insan haqlarını pozanların sərvətlərini gizlətmək üçün Londonda və Britaniyada aldıqları mülklərin müsadirəsinə yol aça bilər.

Bir qrup millət vəkili hökumətin kriminal maliyyə haqqında qanununa əlavə təklif ediblər. Bu əlavə Britaniyadan kənarda insan haqlarını tapdamış şəxslərin hədəflənməsini nəzərdə tutur.

Bu qanun dəyişikliyi qəbul olunarsa, rəsmi şəxslər və Amnesty International kimi beynəlxalq təşkilatlar Böyük Britaniyada gizlədilmiş aktivlərin dondurulması üçün müraciət edə biləcəklər.

Bu qanuna əlavə rusiyalı vəkil Sergey Maqnitskinin adını daşımalıdır. Maqnitski iddia olunduğuna görə aparıcı Kreml rəsmilərinin 230 milyon dollarlıq mənimsəmələrini faş etdikdən sonra, 2009-cu ildə Moskva həbsxanasında dünyasını dəyişib.

"The Guardian" yazır ki, bu təşəbbüsü parlamentdəki bütün partiyalar dəstəkləyirlər. Belə həmrəylik Britaniya parlamentində nadir hallarda baş verir.

Leyborist Partiyasından Chris Bryant deyib ki, təşəbbüsün qanuna çevrilməsi perspektivi "xeyli müsbətdir".

Məqalədə deyilir ki, artıq 2017-ci ilin yazından qanun maddəsi halına düşə biləcək bu əlavə Londonun "çirkli pullar" şəhəri kimi bədnam reputasiyasını təmizləmək imkanı verərdi.

Qanun əlavəsi layihəsi korrupsiyalı rəsmilərin və beynəlxalq kriminalların oğurlanmış pulları Britaniya banklarında yuyub malikanələrə yatırmasının qarşısını alacaq.

Britaniyanın Milli Cinayətkarlıq Agentliyinin təxminlərinə görə hər il 100 milyard funt sterlinq məbləğində şübhəli pullar Britaniyadan keçir.

"The Guardian" yazır ki, dekabrın 5-də təqdim olunacaq Maqnitski əlavəsi ali məhkəmə hakimlərinə insan haqlarını tapdayanların mülkiyyətinin iki il müddətinə dondurulması üçün order verməsinə şərait yaradacaq. Bu qərardan appelyasiya vermək hüququ da tanınır.

Əlavə layihəsini təqdim edən mühafizəkar millət vəkili Dominic Raab deyib ki, "əllərində qan olan insan haqları pozucularına öz çirkli pullarını Birləşmiş Krallığa ötürmək imkanı verilməməlidir".

Onun sözlərinə görə, bu qanun əlavəsi Britaniyanın bundan sonra despot və diktatorların pulları üçün saxlanca çevrilməsinin qarşısını alacaq.

Keçmiş leyborist millət vəkili Denis MacShane deyib ki, bu qanun əlavəsi "qətlə görə mühakiməsi mümkün olmayan Al Capone-ni vergi məsələsində ilişdirmək" kimi bir şeydir.

MacShane deyib ki, qanun əlavəsi Londonda mülkiyyət sahibi olmağa və uşaqlarını oxumaq üçün Britaniyaya göndərməyə can atan Putin aparatçılarının canına vicvicə salacaq.

Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, oktyabr ayında təqdim olunmuş qanunun özü hökumətə çirkli pulların yuyulması ilə mübarizədə xeyli kömək edib.

"The Guardian" yazır ki, Maqnitski əlavəsi insan haqlarını pozaraq sərvət toplamış şəxslərin adlarnın açıqlanmasını nəzərdə tutur.

Theresa May: İnsan haqları ticarətə mane olmamalıdır

Fotonun müəllifi Carl Court
Image caption Theresa May deyib ki, Britaniyanın Körfəz ölkələri ilə ticarətinə bu ölkələrdə insan haqlarının vəziyyəti mane olmamalıdır.

"The İndependent" yazır ki, Britaniyanın baş naziri Yaxın Şərqə səfərinin ərəfəsində bəyanatla çıxış edib.

Theresa May deyib ki, Britaniyanın Körfəz ölkələri ilə ticarətinə bu ölkələrdə insan haqlarının vəziyyəti mane olmamalıdır.

Xanım May Körfəz Əməkdaşlıq Şurasının Bəhreyndə keçiriləcək sammitinə qatılan ilk Britaniya hökumət başçısı və ilk qadın olacaq.

Theresa May israr edib ki, əksinə bu ölkələrlə sıx iqtisadi-ticari əlaqələr Britaniyaya, insan haqları dəyərlərinin təlqin edilməsi üçün daha böyük təsir qüvvəsi verəcək.

Səfərqabağı çıxış edən baş nazir deyib ki, o Britaniya və Körfəz ölkələri arasında münasibətlərinin yeni səhifəsini açmaq niyyətindədir.

"Heç şübhə yoxdur ki, Birləşmiş Krallıqda bəziləri bu ölkələrlə onların insan haqları tarixçəsinə görə güclü ticarət və təhlükəsizlik bağlarına malik olmamamağa çağıracaqlar, - deyib xanım May, - Lakin biz öz dəyərlərimizi və insan haqlarını onlara arxa çevirməklə qoruya bilmərik".

Theresa May deyib ki, əksinə bu ölkələrlə sıx əlaqələr onları islahatlara sövq edə bilər.

Baş nazir bildirib ki, bu, Britaniyanı bütün dünyada xeyir qüvvəsinə çevirməyin və "insanlarımızın təhlükəsizliyini qorumağın" yeganə yoludur.

"Bu il Birləşmiş Kralııqla Bəhreyn arasında münasibətlərin 200 ili, Səudiyyə Ərəbistanı ilə əlaqələrin bir əsri tamam olur, lakin son illərdə bizim münasibətlərimiz bu qədimliyə heç də uyğun olmayıb. Mən bu vəziyyəti dəyişmək fikrindəyəm" - deyib Britaniyanın baş naziri.

O deyib ki, bu ölkələrlə birlikdə terrorçu hücumların qarşının alınması sahəsində görüləcək çoxlu işlər var.

Theresa May deyib ki, yalnız bu şəkildə Körfəz ölkələrində islahatların keçirilməsinə töhfə vermək olar.

Görüş qarşıdan gələn çərşənbə günü ziyafətlə açılacaq.

Zəncanlı milyarderə ölüm hökmü oxundu

Image caption Babək Zəncani barəsində ölüm hökmü qüvvədə qalsa da, nə zaman asılacağı bəlli deyil

"Financial Times" yazır ki, İranın Ali Məhkəməsi hay-küylü fırıldaqda ittiham olunan milyarder biznesmen barəsində ölüm hökmünü qüvvədə saxlayıb.

Lakin onunla birlikdə ən yüksək cəzaya layiq görülmüş daha iki nəfərin ölüm hökmü ləğv olunub.

Məqalədə deyilir ki, İranın neft milyarderi Babək Zəncani ölkənin qüdrətli elitasındakı əlaqələrinin sayəsində astronomik sərvətə sahib olsa da, ötən mart ayında iqtisadi cinayətdə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Onun dövlətin adından etdiyi xam neft satışından hökumətə çatacaq 3 milyard dolları mənimsədiyi xəbər verilib.

Bu da bildirlir ki, həftəsonu keçirilən dinlənmədə Ali Məhkəmə Zəncani barəsində ölüm hökmünü qüvvədə saxlayıb, lakin onunla birlikdə ittiham olunan Mehdi Şəms və Həmid Fəllah Heravinin ölüm hökmlərini ləğv edərək işlərini başqa məhkəməyə ötürüb.

İranda Zəncani işinə prezident Həsən Ruhaninin korrupsiyanın kökünü kəsmək vədinə necə əməl ediləcəyinin göstəricisi kimi baxılır.

İranın mötədil prezidenti hakimiyyətə gələrkən özündən əvvəlki təməlçi və mühafizəkar prezident Mahmud Əhmədinejadın vaxtında baş vermis milyardlarla dollarlıq korrupsiyanın araşdırılacağını vəd etmişdi.

"Financial Times" qəzetinin Tehran müxbiri yazır ki, hökumət dəfələrlə Zəncaninin asılmamasına, onun arxasında duranların kimliyinin tamlıqla ortaya qoyulmasına çağırmışdı.

Babək Zəncani İran hökumətinin ABŞ sanksiyalarından yan keçərək neft alveri etməsində əsas rollardan birini oynamışdı.

Telegram platformasından yazılmış postlarından birində deyilirdi ki, "Babək Zəncani ilə birlikdə ölkənin oğurlanmış 3 milyard avroluq vəsaiti də asılaraq dəfn ediləcək".

"Financial Times" yazır ki, bu hökmdən appelyasiya verməyin mümkün olub-olmadığı bilinmir. Əgər bu məhkəmənin son və qəti qərarıdırsa, 2013-cü ilin dekabrında həbs edilmiş Zəncəninin nə vaxt asılacağı da bəlli deyil.

2014-cü ilə aid buna bənzər məhkəmə işində iddia edildiyinə görə 2, 8 milyard dollarlıq mənimsəmədə ittiham edilmiş Mah-Afərid Xosravi onun ailəsi appelyasiya verdiyi bir vaxtda gizlicə asılmışdı.

Berlində mənzillənmiş antikorrupsiya təşkilatı Transparency International İranın dünyanın ən korrupsiyalı ölkələrindən biri olduğunu bildirib.

Vise-prezident Eshaq Cahangiri ötən ay bildirmişdi ki, korrupsiya "qarışqa" kimi iqtisadiyyatın bütün qatlarına daraşıb.

Lakin o sərt xətti-hərəkət tərəfdarlarına işarə ilə əlavə etmişdi ki, arxasında kimlərin dayanmasından asılı olmayaraq korrupsiya bəlasına son qoyulacaq.

Əlaqəli mövzular