Suriya: "Hələbin Klounu" həlak olub

Anas əl-Başa Fotonun müəllifi AP
Image caption Anas əl-Başa uşaqlara psixoloji dəstək üçün könüllü olaraq klounluq edirdi

Suriya Ordusunun Hələbin müxalifətin nəzarətində olan hissəsinə etdiyi hücum nəticəsində uşaqlara psixoloji dəstək üçün könüllü olaraq klounluq edən Anas əl-Başa adlı 24 yaşında bir fəal da həlak olub.

"Hələbin Klounu" adlı ilə bilinən Başa "Ümid Yeri" adlı təşkilatın rəhbəri idi.

Suriya Ordusu Hələbi geri almaq üçün irimiqyaslı bir hərəkat başladıb. Müxalifətçilərin nəzarətinda olan hissədə 100 min uşaq və təxminın 250 min suriyalının yaşadığı deyilir.

Məlumatlarda burada bomba hücumlarından sonra xəstələri sağaltmaq üçün heç bir xəstəxananın qalmadığı və qida çatışmazlığı yarandığı deyilir.

AP xəbər agentliyi Başanın ötən həftə çərşənbə axşamı günü Masşad məhəlləsinə edilmiş hücum nəticəsində həlak olduğunu bildirir.

Uşaqları sevindirməyə çalışırdı

Başanın qardaşı olduğu deyilən Mahmud əl-Başa adlı bir nəfər Facebook mesajında yazıb ki, "Dünyanın ən qaranlıq, ən təhlükəli yerində uşaqları güldürməyə və xoşbəxt etməyə çalışırdı. Anas, vətəndaşlara yardım etmək və küçələrdə uşaqlara hədiyyələr vermək üçün Hələbi tərk etməkdən imtina etmişdi və könüllü çalışmağı üstün tutub".

Anas əl-Başanın ailəsi iyul ayında Hələbdə hərbi əməliyyatlar başlamamış şəhəri tərk edib.

Başanın iki ay əvvəl evləndiyi həyat yoldaşı da bomba atılan ərazilərdə qalıb.

Son həftələrdə top atəşi və hava hücumları ilə həyata keçirilən əməliyyat nəticəsində yüzlərlə insan həyatını itirib, azı 25 min nəfərsə evlərini tərk edib.

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Hələbin böyük bir insan qəbiristanlığına çevriləcəyi barədə xəbərdarlıq edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş