Hələb döyüşü: Rusiya və Çin BMT-nin atəşkəs qətnaməsinə veto qoyub

Suriya hökumət qüvvələri Hələbdə geniş miqyaslı döyüşləri davam etdirir Fotonun müəllifi AP
Image caption Suriya hökumət qüvvələri Hələbdə geniş miqyaslı döyüşləri davam etdirir

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının Hələb şəhərində gedən döyüşləri dayandırmaq üçün yeddi günlük atəşkəsə çağırış edən qətnaməyə veto qoyub.

Rusiya deyib ki, sənədi hazırladıqdan sonra Şuranın ölkələrə onun son versiyasını nəzərdən keçirmək üçün 24 saat vaxt verilməsi qaydasını pozub.

ABŞ bunu "düşünülmüş albi" kimi dəyərləndirib və deyib ki, Rusiya bir müddət əvvəl Suriya hökumət qüvvələrinin Hələb şəhərində əldə etdiyi hərbi mənfəəti qoruyub saxlamaq istəyir.

Məlumatlara görə, hakimiyyət bir həftə ərzində üsyançıların nəzarətində olan böyük, 70 faiz hissəni ələ keçirib.

Üsyançıların nəzarətində olan ərazidə 100 mindən çox insan mühasirədədir və orda qida təchizatı tükənir, normal fəaliyyət göstərən xəstəxanalar yoxdur.

Misir, Yeni Zenlandiya və İspaniya tərəfindən hazırlanan qətnamə layihəsinə bazar ertəsi Rusiya və Çin veto qoyub.

Venesuella da "yox" deyib, Anqola isə bitərəf qalıb.

BMT Təhlükəsizlik Şurasının digər 11 üzvü isə layihəni dəstəkləyib.

Sənəd, Hələb şəhərinə maneəsiz yardım edilməsinin təşkili üçün atəşkəs elan olunmasını nəzərdə tuturdu.

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, onlara ənənəvi olaraq sənədi təhlil etmələri üçün 24 saat vaxt verilməyib.

O əlavə edib ki, səsvermə ABŞ və Rusiya ekspertlərinin çərşənbə axşamı və ya çərşənbə günü Cenevrədə keçiriləcək görüşünə qədər təxirə salınmalıdır.

ABŞ-ın BMT-dəki nümayəndəsi, Michele Sison, Rusiyanı "düşünülmüş albi"dən istifadə etməkdə ittiham edib.

Fransalı nümayəndə Francois Delattre, rəsmi Moskvanı "insan həyatını nəzərə almadan Hələb şəhərini ələ keçirməyi qərara almaq"da ittiham edib.

5 il ərzində bu altıncı dəfədir ki, Rusiya Suriya haqqında layihəni bloklaşdırmaq üçün veto hüququndan istifadə edir.

Bu barədə daha geniş