Britaniya mətbuatı: "Məşuqə ovçularının" ovu həmişə uğurlu olmur

British press

İşğala hazırlaşan ölkə üçün dərslik

"The Guardan" yazır ki, litvalılar Rusiya işğalına hazırlaşırlar.

Ölkənin Müdafiə Nazirliyi Rusiya işğalının baş verdiyi təqdirdə Litva vətəndaşlarının nə etməli olduqları barədə təlimat kitabçasını 30 min tirajla çap edib.

Məqalədə deyilir ki, 75 səhifəlik kağız cildli kitabça Fəal Müqavimət Təlimatı adlanır.

Qəzet yazır ki, ABŞ prezident seçkilərində Donald Trump-ın qələbəsindən sonra Litva Rusiya işğalının xofu içində yaşayır, beləki respublikaçı milyarder namizəd Vaşinqtonun heç də bütün NATO müttəfiqlərini müdafiıə etməli olmadığını bəyan etmişdi.

Bu da qeyd olunur ki, Krım Rusiya tərəfindən ilhaq olunduqdan sonra Litvada belə təlimat kitabçalarından üçü buraxılıb.

"Fövqəladə Vəziyyətlərdə və Müharibə Şəraitində Necə Hərəkət Etməli?" adlı birinci kitabda

vətəndaşlara işğalçılara qarşı itaətsizlik, tətillər, haker hücumları və dezinformasiyadan istifadə tövsiyə olunurdu.

Kitabçada deyilirdi ki, çöldən güllə səslərinin gəlməsi hələ dünyanın axırı deyildir.

"Fövqəladə Vəziyyətlərdən və Müharibələrdən Sağ Çıxmağa Hazırlıq: Ciddi Tövsiyələrə Ümidli Baxış" adlanan ikinci nəşr isə 2015-ci ildə işıq üzü görüb.

"The Guardian" yazır ki, sonuncu təlimat kitabçasında Rusiya konkret olaraq potensial işğaslçı kimi təsvir edilir.

Bu kitabçada Rusiya silahlarının təfərrüatlı təsviri verilir və vətəndaşlara düşməndən casusluq etməyin üsulları öyrədilir.

Fotonun müəllifi Getty Images
Image caption NATO Baltikyanı ölkələrdə 4 minədək əlavə hərbçinin yerləşdiriləcəyini bəyan etmişdi.

"Nə etməli" təlimatlarının üçü də Litva Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Bu materiallar Litva Tüfəngçilər İttifaqının dəstəyi ilə hazırlanıb. Kitabçalar məktəblərə, kitabxana və başqa ictimai müəssisələrə paylanıb.

26 yaşlı Litva ordusu könüllüsü Povilas Poderskis deyir ki, bu təlimatlar əhalinin özümümüdafiəsi üçün çox dəyərlidir.

Onun fikrincə, həm də belə kitabçaların buraxılması adamların işğal xofunu bir qədər azaldıb.

"The Guardian" yazır ki, ötən oktyabrda Rusiyanın Litva ilə həmsərhəd Kalininqrad vilayətinə yaxın mənzilli ballistik raketləri yerləşdirdiyinə dair xəbər, habelə Rusiya prezidentinə rəğbət göstərən Donald Trump-ın ABŞ prezidenti seçilməsi adamların narahatlığına səbəb olub.

Buna baxmayaraq rəsmilər təlimat kitabçaları ətrafındakı hay-küyün köpünü almağa çalışıblar.

Litvanın xarici işlər naziri Linas Linkevičius adamları toxtatmağa çağırıb. O deyib ki, Donald Trump prezident ofisinə gəldikdən sonra Litva və ABŞ münasibətləri həmişə olduğu kimi davam edəcək və Amerika Litvanın strateji müttəfiqi olaraq qalacaq.

NATO generalından Rusiya lağlağısına cavab

"The Daily Mail" yazır ki, Rusiya ötən həftəsonu Baltik ölkələrindən birinin işğalını təsvir edən hərbi təlim məşqlərini lağa qoyub.

Bu təlimdə NATO qüvvələri sərhəd boyunca "müdaxilə edən" Rusiya tank qüvvələrinin "rolunu" oynayırdılar.

Əslində isə təlim məşqlərinin keçirildiyi yer İngiltərənin Salisbury çölləri idi.

Məqalədə deyilir ki, Şimali Atlantika Alyansının üzvləri kimi Britaniya, ABŞ, Fransa və Almaniya Baltikyanı ölkələri Rusiya təcavüzündən qorumalıdırlar. Hitler 1939-cu ildə Polşaya hücum edəndə Britaniyanın belə bir öhdəliyi var idi.

"Lakin indi fərq burasındadır ki, qarşı duran tərəflərin nüvə silahları var" - yazır "The Daily Mail".

Rusiya Federasiyasının Londondakı səfirliyi İngirltərədə keçirilən bu təlim məşqini cəfəng, aldadıcı və sürrealist adlandırıb.

Səfirlik bildirib ki, bu məşq zamanı "Rusiya tanklarının rolunu oynayan T72 tankları" Rusiya hərbi texnikasının hazırkı vəziyyətini əks etdirmir.

Məqalədə deyilir ki, bu manevrlərdə iştirak edən Britaniya əsgərləri tezliklə Estoniyada dislokasiya olunmalıdırlar.

Fotonun müəllifi Matt Cardy/Getty Images
Image caption Salisbury-də NATO qüvvələri sərhəd boyunca "müdaxilə edən" Rusiya tank qüvvələrinin "rolunu" oynayıblar.

"The Mail" yazır ki, təlim məşqlərində Polşada yığılmış T72-lərdən istifadə olunurdu, halbuki Rusiyada bu model artıq xeyli təkmilləşdirilib.

Məqalədə deyilir ki, müdafiə sahəsində ixtisarlara görə Müdafiə Nazirliyi "düşmən qüvvələri" oynamaq üçün özəl şirkətin xidmətinə müraciət edib.

Rusiya səfirliyinin lağlağısına şərh verən keçmiş NATO komandanlarından lord Richard Shirreff deyib ki, Salisbury çöllərində aparılmış manevrlərdə məsxərəyə qoyulacaq heç bir şey yoxdur və Rusiyanın təcavüzü şəraitində Britaniya əsgərləri məhz bu bacarıqlarla müdafiə olunacaqlar.

Keçmiş komandan deyib ki, bu manevrlər həm də Rusiyaya aydın mesaj verir: Britaniyanın müdafiə xətti bu gün Lamanş sahillərindən yox Estoniya, Litva və Latviyanın sərhədindən keçir.

General deyib ki, Krımın işğalı zamanı Vladimir Putin Moskvanın harada yaşamalarından asılı olmayaraq bütün rusları müdafiə edəcəyini bildirmişdi.

Bu isə o deməkdir ki, o Baltık ölkələrinin ərazilərinə də soxulmaq üçün özünə əvvəlcədən haqq qazandırıb.

Qocaman hərbçi Putinin belə mövqeyini axmaq, amma çox təhlıükəli "dil imperializmi" adlandırıb.

Çinin "Məşuq və məşuqə ovçuları"

"The İndependent" yazır ki, Çində ailə sədaqətsizliyi ilə üzləşən ər və arvadlar həyat yoldaşlarının nikahdankənar münasibətlərinə qarşı "məşuq və məşuqə ovçularını" kirayələyirlər.

Məqalədə deyilir ki, Ju Lifei belə ovçuları verən firmalardan birinə rəhbərlik edir.

Çanqju Səmimi-qəlbdən Evlilik və Ailə Konsaltinqi firmasının psixoloqları, vəkilləri, məsləhətçi və gözəllik mütəxəssisləri var.

Firmanın bu yaxınlarda bir ailənin tamlığını bərpa etmək üçün həyata keçirdiyi əməliyyat zamanı bir qadının ərinin diqqətini çəkmək üçün, qadının üstünə toyuq qanı çilənib və avtomobili bilərəkdən zədələnib. Firma "qəzaya düşən arvad" ssenarisini beləcə oynayıb.

Demək lazımdır ki, nikahdankənar münasibətlərə qarşı "təxribat əməliyyatları" orta hesabla 6 ay çəkir və 15 mindən 150 min dollaradək xərc tələb edir.

Ju deyir ki, müştərilərinin əksəriyyəti qadınlardır.

Ümumi taktika ər və ya arvadın psixoloqla birləşib "məşuq və ya məşuqənin" qarşısını almasından ibarətdir.

Bəzən məşuqə və ya məşuqun "azdırılması" üçün saxta aşiq də kirayələnə bilər.

"The New York Times" yazır ki, belə "əməliyyatlardan" biri zamanı "sevənləri" ayrımaq üçün məşuqəyə uzaq şəhərlərdən birində yaxşı maaşlı iş təklif olunub.

Junun xidmətləri bahalı olsa da, müştərilər ümid edirlər ki, Çində 2002-ci ildən bəri boşanmaların üç dəfə artması ilə əlaqədar bu xidmətin də qiymətləri düşəcək.

"The İndependent" yazır ki, bu sayaq cəhdlərə baxmayaraq "məşuqə ovçuları" heç də həmişə uğur qazana bilmirlər.

Məsələn Junun "layihələrinin" 25 faizi iflasa uğrayır.

Amma bu üstünə toyuq qanı çilənmiş arvad ərini geri qaytara bilib. Ayrılıq eksperti onu inandıra bilib ki, məşuqəsi onunla puluna görə münasibət saxlayır.

Tənqidçilər bildirirlər ki, belə xidmətlər mənəvi və hüquqi baxımdan şübhəli sayılmalıdır.

Quanqdonqdakı Əyalət Nikah və Ailə Psixoloqları Assosiasiyasının direktoru Liu Weimin "New York Times" qəzetinə deyib ki, heç bir xidmətlə "ailəni bərpa etmək mümkün deyildir", bu məsələ ərlə arvadın arasında həllini tapmalıdır.

Ju bu cür yanaşma ilə razılaşmır.

"Adamların bizi görməyə gözləri yoxdur, amma biz "ədalət" uğrunda mübarizə aparırıq" - deyib "baş məşuqə ovçusu".

Əlaqəli mövzular