Şahdəniz 2 layihəsi üçün 1 milyard dollarlıq yardım

Fotonun müəllifi Getty Images
Image caption Asiya Inkişaf Bankının loqosu

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın Şahdəniz 2 layihəsinin genişləndirilməsi üçün özəl və dövlət sektoruna 1 milyard dollar yardım ayıracağını açıqlayıb.

Bu barədə məlumat bankın rəsmi internet səhifəsində yerləşdirilib.

Yardıma Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinə 500 milyon dollar məbləğində özəl sektor krediti və 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxildir.

Zəmanətin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə Dövlət Neft Şirkətinə aid olan Cənub Qaz Dəhlizi QSC-nin beynəlxalq banklar konsorsiumu tərəfindən verilən 526 milyon dollar dəyərində kommersiya kreditlərinə dəstək üçün nəzərdə tutulub.

Düz addım

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban hesab edir ki, enerji daşıyıcılarının qiymətinin aşağı olduğu şəraitdə belə addımın atılması düzdür.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan Neft Fondunun vəsaitləri hesabına belə layihələrin xərclərini ödəyə biləcəyini düşünsə də, 2014-cü ildə neftin qiymətlərinin aşağı düşməsindən sonra bu halın çətinliyinin fərqinə vardı və bir neçə maliyyə institutları ilə danışıqlar aparıldı.

"İnfrostruktur layihələri, Şahdəniz 2 layihəsi kimi iri həcmli kapital yönümlü layihələrin uzun müddətli kreditlər hesabına maliyyələşməsi daha cəlbedicidir", iqtisadçı deyir.

İnkişafa kömək

AİB qeyd edir ki, hökumət bu yardımı sosial ehtiyaclara və karbohidrogen-asılı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi səylərinin davam etdirilməsinə yönəldə bilər.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Sean O'Sullivan qeyd edib ki, Şahdəniz layihəsinin genişləndirilməsi Azərbaycan üçün uzunmüddətli gəlirlərini təmin etmək və Avropaya qaz ixracını diversifikasiya etmək üçün şərait yaradacaq.

O, həmçinin, əlavə edib ki, AİD-in dəstəyi özəl sektor üçün iqtisadi imkanlar yaratmağa, minlərlə iş yerinin açılmasına və Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edəcək.

Şahdəniz Azərbaycanın paytaxtı Bakıdan təxminən 70 kilometr məsafədə Xəzər dənizində yerləşir.

Məlumatda bildirilir ki, yatağın illik qaz hasilatı potensialı 26 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırılması gözlənilir.

"Əlavə qaz Cənub Qaz Dəhlizi adlandırılan boru kəmərləri şəbəkəsi vasitəsilə Gürcüstan və Türkiyədən Yunanıstan, Albaniya və İtaliyaya çatdırılacaq. Bu, Xəzər regionundan Avropaya qaz tədarükü üçün alternativin yaradılmasına ilk addımdır", məlumatda deyilir.

Şirkətlər konsorsiumu tərəfindən inkişf etdirilən Şahdəniz 2 genişləndirilməsi layihəsinin ümumi dəyərinin 26 milyard dollardan yuxarı olacağı gözlənilir.

BP burada layihə obyektləri tikəcək və işləyəcək. Layihədən hasilata 2018-ci ildə başlamaq nəzərdə tutulub. Bu, 19 mindən çox insanın tikinti mərhələsində işləməsinə şərait yaradacaq və 1800 daimi iş yerinin açılması ilə nəticələnəcək.

Ötən ilin avqustunda LUKoil şirkəti Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 milyard ABŞ dolları məbləğində kreditin əldə edilməsinə dair saziş imzalayıb. Kredit Xəzərin Azərbaycan sektorunda Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində verilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş