Britaniya mətbuatı: Kardashian “deyəsən boşanır"…

British press

Niyyət memorandumu Tehranda imzalanıb

Financial Times" qəzeti yazır ki, Royal Dutch Shell İranla ölkənin ən iri neft və qaz yataqlarının işlənməsinə potensial investiya yatırılması niyyəti barədə keçid sazişi imzalayıblar.

Qəzetin qənaətinə görə, bu onu göstərir ki, beynəlxalq enerji şirkətləri ABŞ-ın İranla münasibətlərinin perspektivlərinin dumanlı görünməsinə baxmayaraq Tehranla əməkdaşlığa can atır.

Bu razılaşmaya əsasən İranın cənub-qərbindəki nəhəng Azadeqan və Yadavaran neft yataqlarında, habelə Körfəzdəki Kiş qaz mədənlərində tədqiqat işlərinin aparılması nəzərədə tutulur.

Məqalədə deyilir ki, Shell Donald Trump ABŞ prezidenti seçiləndən sonra İranla əməkdaşlığa qərar vermiş ilk Qərb neft şirkətidir.

İranın neft və qaz ehtiyatları dünyanın ən böyük yataqlarının sırasındadır və indi ölkə üzərindəki sanksiyalar qaldırıldıqdan bir il sonra qapılarını xarici investisiyaya açıb.

Trump seçki kampaniyası zamanı bəyan etmişdi ki, İranla bağlanmış nüvə sazişini ləğv edəcək, lakin indi Shell şirkətinin Tehranda dövlət neft şirkəti və neft nazirliyi ilə niyyət protokolu imzalaması bəzi beynəlxalq enerji qruplarının bu hədələrdən çəkinmədiyini göstərir.

Shell niyyət memorandumunun "potensial əməkdaşlıq sahələrinin araşdırlmasına" aid olduğunu bildirsə də, Tehranda keçirilən imzalama mərasimində şirkətin İran məsələləri üzrə direktoru Hans Nijkamp bəyan edib ki, ingilis-holland şirkəti İranla "uzunmüddətli əməkdaşlıq" sahəsində "yeni səhifə" açır.

"Financial Times" yazır ki, imzalama mərasimində iştirak edən Britaniya səfiri Nicolas Hopton Birləşmiş Krallığıln İranla Qərb arasındsa imzalanmış nüvə sazişinə dəstəyini davam etdirəcəyini bəyan edib.

Bundan bir ay əvvəl Fransanın Total şirkəti İranla Cənubi Pars qaz yatağına dair keçid müqaviləsi imzalamışdı, hərçənd bu, Trump-ın seçilməsindən əvvəl baş vermişdi.

"Financial Times" yazır ki, bu saziş həm də İran mühafizəkarlarının ölkənin mərkəzçi prezidenti Həsən Ruhaninin üzərinə hücumlarının intensivləşdiyi bir vaxtda imzalanıb.

İran özünün köhnəlmiş enerji sektorunu canlandırmaq məqsədilə qarşıdan gələn 5 ildə 200 milyard dollar inbvestisiya cəlb etməyi planlaşdırır.

Ekspertlər bildirirlər ki, İranın neft və qaz yataqları nəhəng olsa da, xarici investisiya və mütəxəssislərə ehtiyacı var.

Bu da xəbər verilir ki, Shell şirkətinin investisiya yatırmağı planlaşdırıdığı Azadeqan və Yadavaran yataqlarında neft ehtiyatının 30 milyard barreldən çox olduğu təxmin edilir.

Ekspertlər deyirlər ki, sözü gedən iki yatağın inkişaf etdirilməsi 2015-ci ilədək İranın neft hasilatını günə 900 min barrelə çatdıra bilər. Halbuki bu rəqəm hazırda günə 175 min barreldir.

"Financial Times" yazır ki, Shell hələlik sözü gedən yataqlara investiya yatıracağı barədə qəti qərara gəlməyib və bütün beynəlxalq sanksiyalara əməl etməkdə davam edəcək.

Avropanın hansı ölkələri daha "antimiqrantdır"

"The İndependent" yazır ki, britaniyalıların 40 faizi miqrantlara görə artıq özlərini öz ölkələrində olduqları kimi hiss etmirlər.

Lakin YouGov ictimai rəyi öyrənmə firmasının rəqəmlərinə görə İtaliya Avropanın ən antimiqrant ölkəsidir.

Fotonun müəllifi AP
Image caption Ötən Almaniyanın Drezden şəhərində keçirilən aksiya iştirakçıları immiqrasiya siyasətinə etiraz ediblər.

Rəy sorğusunun anketində sual bu şəkildə qoyulmuşdu: "Burada o qədər əcnəbi yaşayır ki, biz artıq özümüzü evimizdəki kimi hiss etmirik".

İtalyanların 50 faizindən çoxu bu formulla razılaşdığını bildirib.

Fransızların 47, almanların isə 43 faizi bu cür düşünür.

Statista xəritəçilik firmasının diaqramına görə Böyük Britaniya "miqrantsevməzlikdə" Avropada beşinci yeri tutur. Britaniyalıların 37 faizi bildirir ki, miqrantların əlindən ölkələrini tanıya bilmirlər.

Bununla belə, 12 Avropa ölkəsində antimiqrant sentimentlərə görə 5-ci olan Britaniyada yerli əhalinin 39 faizi yuxarıda verilmiş anket bəndi ilə razılaşmır.

Gəlmələrin inteqrasiyasına həsr olunmuş hesabata görə Britaniyanın bəzi yerlərinin əhalisi miqrant axınının sürəti və həcmi ilə ayaqlaşa bilmir.

Polşa, Litva və Rumıniya ən az antimiqrant ölkələr sayılır. Bu ölkələrdə əhalinin 15-18 faizi sözü gedən anket bəndi ilə razılaşıb.

Lakin bu ölkələrdə miqrant axının çox az olduğu da vurğulanır.

YouGov firmasının təhlilinə görə "antimiqrant anket bəndinə" cavabların faizi avtoritar populist ideyaları qəbul edənlərin faizi ilə düz müntənasiblik təşkil edir.

Məsələn İtaliyada miqrantların onların ölkəsini tanınmaz vəziyyətə gətirdiyi barədə müddəa ilə razılaşanların 70 faizi həm də populist ideyalara inananlar olub.

Başqa sözlərlə bu o deməkdir ki, miqrantlara qarşı mənfi münasibət artdıqca adamların avtoritar ideyalara bağlılığı da artır.

Kardashian boşanır?

Fotonun müəllifi Getty Images
Image caption "The Telegraph" yazır ki, Kardashian-West ittifaqının çat verdiyi barədə dedi-qodular artıq aylardır ortalıqda dövran edirdi.

Britaniyanın "The Telegraph" qəzeti də daxil bir neçə mətbu orqanları teleşou ulduzu Kim Kardasian-ın əri Kanye West-dən ayrılmaq niyyətində olmasından yazıb.

Xanım Kardashian guya bildirib ki, bu qərarı "bu nikahın onu əl-qolunu bağdağına" əmin olduqdan sonra qəbul edib.

US Weekly məcmuəsi Kardashian-ın yaxın rəfiqələrindən birinə istinadən iddia edib ki, 36 yaşlı teleulduz "boşanmaq istəyir".

Amerika məcmuəsi yazır ki, "onun bundan sonra nə edəcəyi bilinmir, lakin o bu evlilikdə qalmaq istəmir".

Media iddialarına görə Kardashian 32 aylıq bu izdivacın onun üçün "məhbəsə çevrildiyini" və övladları - 3 yaşlı North və 12 aylıq Saint-in onunla qalmaları üçün məhkəməyə müraciət edəcəyini bildirib.

"The Telegraph" yazır ki, Kardashian-West ittifaqının çat verdiyi barədə dedi-qodular artıq aylardır ortalıqda dövran edirdi.

Münasibətlərin xüsusilə də ötən avqustda Kardashian-ın uşaqlarını əri olmadan Meksikaya tətilə aparmasından sonra gərginləşdiyi xəbər verilir.

Bundan başqa ərlə arvadın bir-birinin iş qrafikindən tutmuş maliyyə işlərinə qədər narazı olduqları söylənir.

Ötən noyabrda Kim Kardashian demişdi ki, West -in ailə evinə etdiyi bahalı və çoxsaylı dəyişikliklərdən "səbirsiz" olub.

Hər iki tərəf üçün 2016-cı ilin sonları xoşagəlməz hadisələrlə yadda qalıb. Oktyabr ayında Kardashian Parisdəki mehmanxana otağında silahlı qarətə məruz qalıb.

Lap bu yaxınlarda isə West ABŞ boyunca turlarını səhhətinə görə təxirə salıb. Ona psixoz diaqnozu qoyuluğu xəbər verilir. Lakin reperin xəstəxanada olduğu bir həftə ərzində Kim onun yanında olub.

"The Telegraph" yazır ki, Kardashian-ın və West-in təmsilçiləri xəbərlər barədə şərh verməkdən imtina ediblər.

Əlaqəli mövzular