Suriya ordusu "Hələbdə döyüşü dayandırıb"

Suriya munaqise Fotonun müəllifi AFP

Suriya ordusu şərqi Hələbdə döyüş əməliyyatlarını dayandırıb, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu addımın məqsədi döyüş zonasında qalan dinc sakinlərin evakuasiyası üçündür. Cənab Lavrov bildirib ki, 8 minə yaxın sakin ərazidən çıxarılacaq.

Hökumət qüvvələri son həftələrdə üsyançıların son 4 il ərzində nəzarət etdiyi şərqi Hələbin 75 faizini ələ keçirib.

BBC-nin Hələbdəki müxbirinin sözlərinə görə, əməliyyatlar səngisə də, döyüşün tamamilə dayandırılması barədə heç bir işarə yoxdur.

ABŞ bu addımı salamlayaraq "müsbət" dəyərləndirib, lakin əlavə edib ki, "bəyanatların ərazidə necə həyata keçiriləcəyini gözləyəcək".

Ağ Ev nümayəndəsi Josh Earnest-in sözlərinə görə, " bizim vəziyyətə yanaşmamız Rusiyanın dediklərinə diqqətlə qulaq asmaq, amma onların hərəkətlərini gözdən keçirməkdir".

Cənab Lavrov Almaniyada Avropa xarici işlər nazirlərinin görüşündə açıqlamasında deyib ki, "Mən sizə deyə bilərəm ki, bu gün şərqi Hələbdə Suriya ordusu tərəfindən döyüş əməliyyatları dayandırılıb, çünki dinc sakinlərin evakuasiyası üçün böyük əməliyyat aparılacaq".

O, həmçinin bildirib ki, Rusiya və ABŞ hərbi ekspertləri Hələbdə zorakılığın dayandırılması yollarını müzakirə etmək üçün şənbə günü Cenevrədə görüşəcək.

ABŞ dövlət departamentinin mətbuat katibi cənab Lavrovun John Kerry ilə danışdığını və hər iki tərəfin yardımın çatdırılması və mülki şəxslərin getməsinə icazə verən atəşkəsi müzakirə etməyə razılaşdığını təsdiqləyib.

Lakin şənbə günü baş tatacaq texniki görüşün "konkret xarakteri" üzərində "hələ də iş gedir".

Fotonun müəllifi Noor Hazouri / SARC
Image caption Hökumət qüvvələri Köhnə şəhərə tam nəzarəti ələ keçirəndən sonra yaşlıların evakuasiyasına başlanılıb

Bundan öncə Hələbdə yerli şuranın lideri xəbərdarlıq edib ki, "şəhərdə 150 min nəfər edama məhkum olunub".

Brita Haji Hassan Cenevrədə BMT rəsmiləriylə görüş zamanı deyib ki, son dörd həftə ərzində şəhərdə 800 nəfər həlak olub, 3 min 500 nəfər xəsarət alıb.

Çərşənbə günü axşam saatlarında Köhnə Şəhərdə yerləşən qocalar evindən 148, əsasən əlil və yaşlı mülki şəxs evakuasiya olunub. Onlar Suriya Ərəb Qızıl Aypara (SARC) təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilən birgə əməliyyatda xilas edilib.

Hələb 2011-ci ildə prezident Bəşər Əsədə qarşı üsyan başlamamışdan əvvəl Suriyanın ən böyük şəhəri, kommersiya və sənaye mərkəzi olub.

Ölkədə vətəndaş müharibəsi zamanı şəhər hökumət və üsyançıların nəzarətində olan rayonlara bölünüb.

Bu barədə daha geniş