Britaniya mətbuatı: "SSRİ çökəcək" deyən alim "ABŞ Trump-la süqut edəcək" dedi

Donald Trump Fotonun müəllifi MANDEL NGAN
Image caption Donald Trump 3 milyon qanunsuz miqrantı ölkədən qovacağı və Meksika sərhədi boyunca hasar tikəcəyi barədə vədlərlə seçki qələbəsi qazanıb

"The Independent" yazır ki, Sovet İttifaqının çökməsini proqnozlaşdırması ilə məşhurlaşmış alim-sosioloq Birləşmiş Ştatların Donald Trump-ın prezidentliyi dövründə sürətlənmiş süqut yaşayacağını söyləyib.

Sülh araşdırmalarını elmin predmetinə çevirməsi ilə ad-san qazanmış Norveç professoru Johan Galtung bir neçə mühüm tarixi hadisələri dəqiq proqnozlaşdırıb.

Bunların arasında Çində Tyananmen meydanı üsyanı və 11 sentyabr terror basqınları da var.

O 2000-ci ildə ABŞ-ın qlobal güc kimi 2025-ci ilədək çökəcəyini bəyan etməklə ziddiyyətə səbəb olmuşdu.

Lakin prezident Bush-un administrasiyası dövründə o, proqnozunu bir az da dəqiqləşdirərək ABŞ-ın süqutunu 2020-ci ilə keçirib.

İndi isə alim bildirir ki, milyarder respublikaçının prezident seçilməsi reallığı yaxınlaşdırıb.

Trump-ın antimiqrant əhval-ruhiyyə dalğasında qazandığı seçki qələbəsi alimin 2009-cu ildə çap olunmuş "Amerika imperiyasının süqutu - bəs sonra Nə?" kitabında təsvir edilmiş sxemlə üst-üstə düşür.

Professor həmin kitabda yazırdı ki, ABŞ-ın çökməsindən az əvvəl ölkədə faşizm baş qaldıracaq.

"The İndependent" yazır ki, Donald Trump 3 milyon qanunsuz miqrantı ölkədən qovacağı və Meksika sərhədi boyunca hasar tikəcəyi barədə vədlərlə seçki qələbəsi qazanıb.

Alim deyib ki, Trump-ın seçilməsi "süqut prosesini sürətləndirib", lakin onun prezident kimi nə edəcəyini gözləmək lazımdır.

Doktor Galtung əlavə edib ki, Donald Trump-ın NATO-nu tənqid etməsi də ABŞ-ın supergüc kimi meydandan çıxacağını göstərir.

Cənab Trump bundan əvvəl bəyan etmişdi ki, ABŞ NATO-dakı maliyyə öhdəliklərinə əməl etməyən alyans üzvlərinin müdafiəsinə gəlməyəcək.

"Çöküşün iki üzü var, - deyib doktor Galtung, - Başqa ölkələr yaxşı müttəfiq olmaq istəmirlər və ABŞ qırğınları yüksək hündürlükdən bombardmanlar, ofislərdən idarə olunan dronlar və xüsusi qüvvələrlə özü icra etməli olur…"

"Bunların hər ikisi Şimali Avropanı çıxmaq şərtilə bu gün baş verir. Bu hal 2020-ci ildən o yana sürməyəcək. Odur ki, mən öz proqnozumun üstündə dururam" - deyib Galtung.

Lakin Londondakı Chatam House analitik mərkəzində ABŞ və Amerika proqramının rəhbəri Xenia Wickett "The İndependent" qəzetinə deyib ki, ABŞ-ın 2020-ci ilədək qlobal qüvvə kimi süqut edəcəyi barədə iddia "tamamilə qeyri-realistdir".

"ABŞ bir neçə səbəbə görə qlobal gücdür. Onun dünyada ən güclü olan ordusu var. Onun universitetlər kimi bütün dünyada zərif qüvvə hesab olunacaq qüdrəti var. Onun güclü şirkətləri, mediası var. O həm də dünyanın ən böyük iqtisadiyyatıdır. Bütün bunların qarşıdan gələn dörd ildə dəyişəcəyi ağlabatan deyil" - deyib təhlilçi.

Xöşbəxt münasibətlərdə xoşbəxtsinizmi?

Fotonun müəllifi ADRIAN DENNIS

"The Daily Mail" qəzeti yazır ki, siz hələ də ömür-gün yoldaşı seçdiyiniz şəxslə birlikdə ola bilərsiniz…Bəs heç özünüzə sual veribsinizmi ki, "mən doğrudan da xoşbəxtəmmi?"

Tanınmış ekspertlərdən biri hesab edir ki, hətta xoşbəxt hesab etdiyiniz münasibətlərdə də, şüuraltı şəkildə xoşbəxt olmadığınızı göstərən 10 əlamət olmalıdır.

"The Vida Consultancy" firmasının psixoloqu və münasibətlər eksperti Rachel Maclynn bildirir ki, birgə yaşayışda olduğunuz adamla xoşbəxt olmadığınızı bildirən 10 əlamət var. Bu əlamətlər barədə oxuyub öz münasibətlərinizi də qiymətləndirə bilərsiniz...

1. Həyat qığılcımını itirmisiniz. Bu halda dostalarınız sizə deyə bilərlər ki, heç özünüzə oxşamırsınız. Bədbəxt münasibət adamın zahiri görkəmində də iz buraxır. Belə hallarda həyat eşqiniz solur.

2. Həyat yoldaşınızdan asanca qıcıqlanırsınız: Partnyorunuzun etdiyi ən əhəmiyyətsiz hərəkətlərə də göz ağardırsınız.

3. Seks həvəsiniz və intim münasibətləriniz sönüb. Əksər adamlar düşünürlər ki, bir yerdə çox yaşayanlar arasında seksual həvəs azalır. Bu belədir, amma yoldaşınızın sizə yaxınlığından heç təsirlənməmək başqa şeydir. Belədirsə, deməli məsələ xeyli qəlizdir.

4. Təklikdə daha çox vaxt keçirməyə meyllənirsiniz: Xoşbəxt olmayan cütlər tədricən bir-birlərindən aralanırlar. Dostlarla daha çox görüşməkdə bir qəbahət yoxdur, amma təklikdə qalmaq istəməniz xoşbəxt olmadığınızın əlamətidir.

5. Yoldaşınıza daha kompliment demirsiniz: Kompliment demək kimisə xoşbəxt eləmək deməkdir. Adam özünü xoşbəxt hiss etməyəndə başqasını da xoşbəxt etmək istəmir.

6. Özünüzə inamınız azalıb: Özünüzün nə dərəcədə cazibədar olduğunuzu sual edirsiniz. Bu ona görə baş verir ki, bunu bilib-bilməməsindən asılı olmayaraq yoldaşınız sizə xoşbəxtlik gətirmir. Əslində isə bunun tam əksi olmalıdır.

7. İşdən evə qayıtmağa tələsmirsiniz: Birgə yaşadığınız insan sizi xoşbəxt edə bilməyəndə təbii ki, onun yanında çox olmaq istəmirsiniz. Birdən-birə bir neçə saat işdə ləngimək adi hala çevrilir.

8. Yoldaşınızla birlikdə heç bir səyahət-səfər planlaşdırmırsınız: Biz gələcək üçün planları yalnız sevəndə qururuq.

9. Özünüzlə öyünmürsünüz: Yoldaşınızla gəzməyə gedəndə daha necə göründüyünüz sizi maraqlandırmır. Artıq partnyorunuzun "gözəl görünürsən" deməsi də sizi həyəcanlandırmır.

10. Dostlarınızın yanında partnyorunuzu aşağılayırsınız: Siz münasibətdə xoşbəxt olmayanda həyat yoldaşınıza olan hörməti də itirirsiniz. Əslində bu, münasibətlərin çoxdan öldüyünü göstərən əsas əlamətdir.

Əlaqəli mövzular