OPEC-ə üzv olmayan ölkələr hasilatı azaltmağa razılaşıblar

Нефтяная вышка Fotonun müəllifi Getty Images

Neft ixrac edən ölkələrin OPEC təşkilatına üzv olmayan ölkələr gündəlik hasilatın məhdudlaşdırılması barədə razılığa gəliblər. Neft hasilatının ixtisarını nəzərdə tutan sövdələşməni Azərbaycan da dəstəkləyib.

Bundan əvvəl OPEC ölkələri günlük neft istehsalı 1,2 mln barelədək azaltmaq qərarına gəliblər. Bu qərar nəticəsində qlobal istehsalın həcmi 1 faiz aşağı düşməlidir.

Hazırda OPEC sutkada 33,6 milyon barel neft hasil edir.

Vyanada keçirilən görüşdə qeyri-OPEC ölkələri aşırı təklifi cilovlamaqla bağlı 13 OPEC üzvünün təşəbbüsünə qoşulmaqla gündəlik hasilatın 562 min barelə ixtisar olunacağını bəyan ediblər, Reuters agentliyi bildirir.

"Biz OPEC və ondan kənar neft bazarını sabitləşdirmək və xammalın ədalətli qiymətlərini qorumaq üçün cəmi 25 ölkə toplaya bildik ", - Vyana görüşünün əvvəlində Venesuela energetika naziri Eulogio del Pino bəyan edib.

Sövdələşməyə son illər neft istehsalında daima rekord vuran Rusiya da qatılıb.

Rusiya neft istehsalını sutkada 300 min barel ixtisar etməyə söz verib. Noyabrda bu ölkənin günlük neft hasilatı 11,25 milyon barelə yaxın olub.

Hasilatın ixtisarı barədə razılaşmanı Azərbaycan da dəstəkləyib. Hərçənd ki, Reuters agentliyinə əsasən, təhlilçilər Meksika və Azərbaycanda hasilatın artıq təbii azalmasını qeyd edirlər.

İlin əvvəlində Azərbaycan aşırı neft təchizatının azaldılmasına dair razılaşmanın əldə olunması təqdirində istehsal sahəsində OPEC təşkilatı ilə əməkdaşlığa hazır olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş