Britaniya mətbuatı: Neft ölkələri qiyməti qaldırmaq istəyirlər, amma 60$-dan yuxarı yox..

Fotonun müəllifi Jeff J Mitchell
Image caption Azərbaycan və Meksika kimi bir çox ölkələrdə neft ehtiyatları təbii səbəblərlə azaldığından bu azalmanı hasilatın ixtisarı hesab etmək düzgün olmazdı, məqalədə deyilir

"The Guardian" yazır ki, OPEC üzvü olmayan neft ölkələri neft hasilatını günə 562 min barrel ixtisar etmək barədə razılığa gəliblər.

Bundan əvvəl OPEC ölkələri öz aralarında buna bənzər razılaşma əldə etmişdilər.

"The Guardian" yazır ki, bu, 2001-ci ildən bəri bu iki qrup arasında bağlanmış ilk sazişdir. Bu razılaşmada məqsəd neft hasilatını azaltmaqla neft bazarındakı artıq neftin boşalmasına və bununla da 2 ildən artıqdır ki, aşağı olan neft qiymətlərinin qalxmasına nail olmaqdır.

Ötən həftə OPEC-ə üzv ölkələr neft haslilatını günə 1, 2 milyon barrel azaltmaqla ümumi hasilatı günə 32, 5 milyon barrelə salmaq qərarına gəliblər. Bu saziş yanvarın 1-dən qüvvəyə minməlidir.

OPEC-də ən böyük ixracatçı olan Səudiyyə öz hasilatını gündə 486 min barrel ixtisar etməlidir.

Ötən şənbə Vyanada əldə olunmuş bu razılaşmadan əvvəl OPEC-in baş katibi Məhəmməd Narkindo demişdi ki, razılaşma neft qiymətlərini qaldıracaq.

Son iki ildə Səudiyyənin ABŞ neftini bazardan çıxarmaq məqsədilə öz hasilatını artırması nəticəsində neft qiymətləri yarıbayarı düşüb.

"The Guardian" yazır ki, doğrudan da neft qiymətlərinin bir barrel üçün 50, bir müddət isə 30 dollardan aşağı düşməsi ABŞ neftinin hasilatını ziyanlı etmişdi.

Buna baxmayaraq bu siyasət nəticəsində Səudiyyə və Rusiya kimi neftdən asılı ölkələrin gəlirləri də xeyli azalmışdı.

"The Guardian" yazır ki, şənbə günü keçirilən danışıqlarda qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan, Bəhreyn, Bruney, Boloviya, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Sudan və Cənubi Sudan da iştirak edirdilər.

Məqalədə deyilir ki, Azərbaycan və Meksika kimi bir çox ölkələrdə neft ehtiyatları təbii səbəblərlə azaldığından bu azalmanı hasilatın ixtisarı hesab etmək düzgün olmazdı.

"The Guardian" yazır ki, indi diqqət əldə olunmuş razılaşmanın həyata keçirilməsinə yönələcək. Məqalədə deyilir ki, əvvəllər OPEC ölkələri bir çox belə öhdəliklərini gizlicə pozublar.

Pira Energy konsaltinq firmasından Gary Ross deyib ki, bu razılaşma yalnız ilk vaxtlarda müsbət təsirə malik olacaq.

"Elə ki, qiymətlər qalxmağa başladı, razılaşma aşılanıb yox olacaq" - deyib ekspert.

O bildirib ki, Rusiyanın hasilatı həqiqətən də günə 300 min barrel azaldacağına inanır.

Ekspertin fikrincə OPEC neft qiymətlərinin 60 dollardan yuxarı qalxmasını istəmir, çünki bu halda bazara rəqiblər gələcəklər.

İsveçin zibili qurtarıb, indi onu idxal edir

Fotonun müəllifi Christopher Furlong
Image caption Liverpul yaxınlığında zibil təpəsi- Britaniya zibili emal üçün xarici ölkələrə göndərir

"The İndependent" qəzetinin yazdığına görə İsveçdə zibilin təkrar emalı o dərəcədə yüksək səviyyədə təşkil edilib ki, ölkə zibil zavodlarının dayanmaması üçün xaricdən zibil idxal edir.

Məqalədə deyilir ki, 2011-ci ildən bəri İsveçdə məişət tullantılarının yalnız 1 faizi zibilxanalara gedir.

Amma Britaniya kimi bir ölkə xeyli xərc çəkərək xaricdə emal olunması üçün öz zibilini ixrac edir.

Avropa İttifaqının hədəflərinə görə hər bir üzv ölkə 2020-ci ilədək öz zibilinin 50 faizini təkrar emal edə bilməlidir.

Britaniya üçün bu rəqəm hələ 45 faiz olaraq qalır. Ekspertlər deyirlər ki, Britaniyanın Avropa İttifaqından çıxması pis vəziyyəti daha da betər edəcək.

Britaniya da öz zir-zibilini emal üçün İsveçə göndərən ölkələrin arasındadır. "The İndependent" yazır ki, İsveçdə zibilin belə təmiz emalı ümumiyyətlə İsveç xalqının ətraf mühitin təmizliyinin qeydinə qalmaq mədəniyyəti ilə bağlıdır.

İsveç 1991-ci ildən bəri qazıntı enerjisinə ağır vergilər qoyub və bu ölkədə elekrtrikin tam yarısı alternativ enerji mənbələrindən alınır.

İsveç Tullantı Menecmeni Assosiasiyasından Anna-Carin Gripwall deyib ki, isveçlilər təbiətin qoynunda olmağı çox sevirlər və məhz elə buna görə də ətraf mühitin təmizliyinin qayğısına qalırlar.

İsveçdə əsasən özəl əllərdə olan tullantı emalı müəssisələrinin istehsal etdiyi enerji qışı sərt ölkədə evlərin qızdırılmasına sərf olunur.

Başqa sözlərlə İsveç üçün zibil evlərdə istilik deməkdir. Halbuki Avropanın başqa ölkələrində zibil sadəcə olaraq sobalarada yandırılır. İsveçdə isə tullantılar qazıntı enerjisini əvəzləyir.

Xanım Gripwall deyir ki, İsveçdə ümumiyyətlə zibil yaratmamaq təbliğatı aparılır. Yəni adamlar sınmış əşyaları təmir etdirir, təkrar işlədir, ya da ehtiyacı olanlara verirlər. Bu hərəkat "Miljönär-vänlig" adlanır.

Xanım Gripwall İsveçin xaricdən zibil idxal etməsini müvəqqəti siyasət adlandırır. O inanır ki, tezliklə başqa Avropa ölkələri də öz tullantılarının qeydinə qalmaq üçün zavodlar tikməli olacaqlar.

Bu arada İsveç bələdiyyələri gələcəyin tullantı emalına investisiya yatırırlar. Gələcəyin sistemi avtomatlaşdırılmış hava sorucularından ibarət olacaq.

O zaman zibilin yığılması üçün konteynerlərə ehtiyac qalmayacaq. Tullantılar boru kəmərləri ilə emal zavodlarına gedəcək. Bu isə bütün ölkə boyunca heç bir yerdə pis qoxu qoymayacaq.

"The İndependent" də bu qənaətdədir ki, Birləşmiş Krallıq İsveçdən nümunə götürərək məişət tullantılarının tam utilizasiyasını təmin etməlidir.

Bəs Britaniya İsveçə zibil ixrac etməyəndə isveçlilər evlərini nə ilə qızdıracaqlar?

Xanım Gripwall deyir ki, isveçililər əlbəttə donmayacaqlar, onlar artıq indidən tam şəkildə bioyanacağa keçməyə hazırdırlar.

Əlaqəli mövzular