BMT Hələbdəki "vəhşiliklərlə bağlı" narahatlığını bildirir

Fotonun müəllifi Reuters
Image caption ABŞ rəsmisi BBC-yə bildirib ki, Hələbdə "50 min nəfər bombardıman altındadır"

BMT-nin baş katibi Ban Ki-moon Hələbdə "çox sayda mülkilərə qarşı vəhşiliklər barədə məlumatlardan sonra" narahatlığını bildirib.

Cənab Ban bütün tərəfləri, xüsusilə Suriya hökuməti və onun müttəfiqlərini dinc sakinləri qorumağa çağırıb.

BMT-nin humanitar məsələləri üzrə müşaviri Jan Egeland bundan əvvəl bildirib ki, "iqtidaryönlü silahlı dəstələr tərəfindən törədilən vəhşiliklərə görə Suriya və Rusiya məsuliyyət daşıyır".

Hələb daxilindəki üsyançılar Suriya ordusunun uğurlarından sonra məğlubiyyət ərəfəsindədir.

Bəyanatda cənab Ban-ın sözçüsü Stephane Dujarric deyib ki, "baş katib Hələbdə son saatlarda çoxlu sayda dinc sakinə, o cümlədən, qadın və uşaqlara qarşı vəhşiliyinin törədilməsilə bağlı məlumatlardan təşvişə düşüb".

"Vurğulanmışdır ki, Birləşmiş Millətlər Təşkilatı müstəqil şəkildə bu məlumatları yoxlamaq iqtidarında deyil, baş katib müvafiq tərəflər üçün ciddi narahatlıq ifadə edir".

"O, təcili olaraq maraqlı tərəfləri izləmək üçün Suriya üzrə xüsusi elçiyə tapşırıq verib," bəyanatda deyilir.

Şəhərdə qalan insanlar üçün təhlükəsiz keçidin təmin edilməsi üzrə səylər barədə məlumatlı olan ABŞ rəsmisi BBC-yə bildirib ki, Hələbdə "50 min nəfər bombardman altındadır" və "ruslar insanların ərazini tərk etməsinə və ya xəsarət almış uşaqların evakuasiyasına imkan yaratmaq üçün atəşlə bağlı fasilə barədə düşünmür".

İndiyə qədər Suriya hökuməti və ya onun müttəfiqi Rusiya tərəfindən məsələ ilə bağlı şərh verilməyib.

Üsyançılar əvvəllər nəzarət etdikləri Hələbin şərq hissəsinin 90 faiz-dən çox ərazisini itiriblər.

Fotonun müəllifi Reuters
Image caption Təhlilçilərin fikrincə, Hələbin itirilməsi müxalifətə böyük zərbə olacaq

Bundan əvvəl, bazar ertəsi, Suriya hökumətinin yerli təhlükəsizlik komitəsinin rəhbəri Lt Gen Zaid al-Saleh bildirib ki, yaraqlıların "çox vaxtı yoxdur" və onlar "ya təslim olmalı, ya da ölməlidir".

Hələb 2011-ci ildə prezident Bəşər Əsədə qarşı üsyan başlamamışdan əvvəl Suriyanın ən böyük şəhəri, kommersiya və sənaye mərkəzi olub.

Ölkədə vətəndaş müharibəsi zamanı şəhər hökumət və üsyançıların nəzarətində olan rayonlara bölünüb.

Amma bu il Suriya, İranın dəstəklədiyi şiə Müsəlman yaraqlıları və Rusiya hava zərbələrinin köməyi ilə çıxılmaz vəziyyətdən yol tapıb.

Suriya prezidenti Bəşər Əsəd-i müdafiə edən Rusiya deyir ki, 100 mindən çox dinc sakin döyüşlərdə məcburi köçkün düşüb və 2,200 yaraqlı təslim olub.

Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Müşahidə Mərkəzinin bildirdiyinə görə, noyabrın 15-dən bəri üsyançıların nəzərində olan ərazilərdə azı 415 dinc sakin və 364 döyüşçü həlak olub.

Rusiya və üsyançıları dəstəkləyən ABŞ həftə sonu Hələbdə zorakılığın dayandırılması və əhalinin təhlükəsiz ərazidən köçürülməsinin yolları ilə bağlı Cenevrədə danışıqlar aparıb.

Bazar ertəsi ABŞ rəsmiləri bildirib ki, Rusiyalı həmkarları təhlükəsiz köçürülmə üçün hərbi əməliyyatların dərhal dayandırılması təklifini rədd edib.

Təhlilçilərin fikrincə, Hələbin itirilməsi müxalifətə böyük zərbə olacaq, çünki bu hal, Suriyanın dörd ən iri şəhərinə hökumət qüvvələrinin nəzarət etməsi deməkdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş