Britaniya mətbuatı: Oğlan doğmaq istəyənlərə "elmi məsləhət"?

ABŞ seçkisinə Putin şəxsən müdaxilə edib?

"The Telegraph" NBC News şəbəkəsinin yaydığı məlumata əsasən yazır ki, Rusiya prezidenti Vladimir Putin Hillary Clinton-dan "qısas" alınması məqsədilə ABŞ seçkisinə haker müdaxiləsinin "müəyyən elementlərinə" şəxsən başçılıq edib.

ABŞ kəşfiyyat orqanları deyirlər ki, onlarda demokratlardan oğurlanmış materialların necə sızdırılması barədə sərəncamın Rusiya prezidentindən gəlməsinə dair "yüksək səviyyəli əminlik" var.

Kəşfiyyat rəsmiləri bildirirlər ki, onların ixtiyarında olan inandırıcı dəlillərə görə cənab Putin haker müdaxiləsində işin içində olub və bu əməliyyat Kremldəki ən yüksək vəzifəli liderlərin sərəncamı olmadan həyata keçirilə bilməzdi.

ABŞ xüsusi xidmətlərinin rəsmilərindən biri deyib ki, bu əməliyyatda cənab Putinin iki məqsədi olub: xanım Clinton-dan "qisas" alınması və ABŞ-ın siyasi sisteminə onun müttəfiqləri arasında olan etimadın sarsıdılması.

NBC agentliyinə məlumat verən mənbə deyib ki, Cənab Putin ABŞ-ın daha qlobal lider olmadığı barədə fikir yaratmaqla onun müttəfiqləri arasına nifaq salmağa çalışıb.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri bildirmişdilər ki, onların təhlilinə görə Rusiya ABŞ seçkisinə Trump-a qələbə qazandırmaq məqsədilə müdaxilə edib.

Cənab Trump bu məsələdə ABŞ-ın bütün 17 xüsusi xidmətinin eyni qənaətdə olmasına baxmayaraq Rusiyanın seçkiyə müdaxiləsi barədə iddiaları "axmaqlıq" adlandırıb.

"The Telegraph" yazır ki, Trump-ın Rusiyanı belə cidd-cəhdlə müdafiə etməsi həm respublikaçı, həm də demokrat rəsmilərin əndişəsinə səbəb olub.

Belə əndişələri artıran faktorlardan biri də Trump-ın dövlət katibi vəzifəsinə Vladimir Putindən şəxsən orden almış ExxonMobil rəbəri Rex Tillerson-u təyin etməsi olub.

Fotonun müəllifi Reuters
Image caption Prezident kampaniyası namizədlər arasında debat anı

Trump-ın Ağ Evə yolunu kəsmək üçün daha bir cəhd

"The Independent" Harvard Universitetinin professoruna istinadən yazır ki, ABŞ-da Seçki Kollegiyasının 30-dək respublikaçı üzvü əvvəl elan etdiklərinin əksinə olaraq Donald Trump-ın əleyhinə səs vermək istəyir. Məqsəd milyarderin Ağ Evə gedən yolunu bağlamaq, onu ABŞ prezidenti olmaq imkanından məhrum etməkdir.

2016-cı ilin prezident seçkisində özü qısa bir müddət demokrat namizəd olmaq istəyən professor Larry Lessig sözü gedən kollegiya üzvlərinə hüquqi köməyini təklif edib.

Amerika qanunlarına görə Seçki Kollegiyasının üzvləri onların təmsil etdikləri spesifik ştatlarda hər hansı namizədin ən çox seçici səsi toplamasına baxmayaraq, "öz vicdanlarının səsi ilə" hərəkət edərək elektoratın onlara verdiyi mandatdan imtina edə bilərlər.

Daha sadə deyilərsə, hər hansı bir ştatda elektorat bir namizədə daha çox səs veribsə də, həmin elektoratı təmsil edən kollegiya üzvü kollegiya səsverməsində rəqib namizədə səs verə bilər.

ABŞ-ın əksər ştatlarında qanun Seçki Kollegiyası üzvündən elektoratın iradəsinə uyğun səs verməyi tələb etsə də, professor Lessig-in fikrincə, kollegiya üzvü özünü federal rəsmi kimi təqdim edə bilər. Professorun qənaətinə görə belə federal kollegiya üzvü texniki olaraq ştatın qanunlarından yüksəkdə dayanır.

Buna baxmayaraq "The İndependent" yazır ki, hələlik Trump-ın əleyhinə səs verəcəyi barədə açıq bəyanatla yalnız bir respublikaçı kollegiya üzvü, Texasdan olan Chris Suprun çıxış edib.

O buna səbəb kimi Trump-ın prezidentlik üçün yararsız şəxs olmasını göstərib.

Seçki Kollegiyasının iclası dekabrın 19-da keçirilməlidir.

MSNBC telekanalına müsahibəsində cənab Lessig deyib ki, onun daha çox kollegiya üzvünün Trump-ın əleyhinə səs vermək istədiyi məlumdur və əgər onların sayı 37-yə yaxınlaşsa vəziyyət tamamilə fərqli ola bilər.

Seçki qanunlarına görə prezident olmaq üçün minimum 270 seçki kollegiyası üzvünün səsini qazanmaq laımdır. Trump-a səs verəcəyini bildirənlərin sayı hazırda 309-dur, lakin bunlardan 37-si fikrini dəyişsə Trump qalib elan edilməyə bilər.

Professor deyib ki, onun öz araşdırması Trump-ın əleyhinə səs verməyə hazırlaşanların 20 nəfər olduğunu göstərir.

"Bəziləri mənə deyirlər ki, bu rəqəm 30-dur, lakin mən bilirəm ki, azı 20 seçki kollegiyası üzvü Trump-ın əleyhinə səs vermək istəyir" - deyib Lessig.

"The İndependent" yazır ki, Hillary Clinton ona səs vermiş seçicilərinin sayına görə Trump-dan 2,8 milyon seçici irəlidədir, lakin ABŞ seçkisininin taleyini Seçki Kollegiyası həll edir.

Professor Lessig deyib ki, Amerikanın əsasını qoyanlar Seçki Kollegiyasını vaxtilə "seçki prosesində təcili tormoz kimi" düşünüblər.

Lessig-in fikrincə hər bir kollegiya üzvündən indi "vicdanının səsi ilə" hərəkət etmək tələb olunur, çünki bu seçkinin özü bunu tələb edir.

Fotonun müəllifi iStock

Oğlan doğmaq istəyənlərə "elmi məsləhət"?

"The Guardian" yazır ki, cənubi Hindistanda çıxan bir qəzet oxucularına dünyaya oğlan uşağı gətirmək üçün guya elmi əsasda hazırlanmış məsləhətlər verib.

Məqalədə deyilir ki, oğlan uşağına hamilə qalmaq istəyənlər bolluca qoyun əti yeməli, səhər yeməyini heç vaxt unutmamalı və üzü sol tərəfə yatmalıdırlar.

"The Guardian" yazır ki, Mangalam adlı bu qəzetin oxucularına verdiyi qəribə məsləhətlər Hindistan cəmiyyətində dərin kök atmış bir sıra mühüm problemlərdən xəbər verir.

Hindistan mədəniyyəti bir qayda olaraq oğlan uşaqlarına imtiyazlı status verir.

Mangalam qəzeti də məsləhət görür ki, oğlan uşağı doğmaq istəyən qadınlar üçün ən münasib yeməklər qoyun əti və kişmişdir. Oğlan atası olmaq istəyənlər də məsləhətsiz qalmayıblar. Qəzet yazıb ki, kişilər turşuluğu yüksək olan qidalardan uzaq durmalıdırlar.

Qəzetin guya daha bir "elmi" məsləhəti budur ki, oğlan valideyni olmaq istəyən cütlər "məhəbbətlə" həftənin 1, 3, 5 və 7-ci günləri məşğul olmalıdırlar.

"The Guardian" yazır ki, Hindistan cəmiyyətində oğlan uşaqlarına verilən üstünlük nəticəsində hər il on minlərlə qız uşağına hamilə qadın aborta məruz qalır. Bunun nəticəsində əhalinin cinsi tərkibində ciddi uyğunsuzluq yaranır.

Rəsmi rəqəmlərə görə Hindistanda doğulan hər 1000 oğlan uşağına 940 qız uşağı düşür.

Ölkənin şimalındakı Haryanada isə vəziyyət daha acınacaqlıdır. Burada hər 1000 oğlana 830 qız düşür.

Aparıcı vətəndaş cəmiyyəti fəalı Ranjana Kumari deyir ki, belə fəlakətli vəziyyətin aradan qaldırılması üçün əhali arasında maarifləndirmə işinə ciddi ehtiyac var.

Onun fikrincə bu istiqamətdə aparılan təbliğat kampaniyalarında adamlara izah edilməlidir ki, qız uşaqları da təhsilli, ağıllı və ailələri üçün qayğıkeş insanlar ola bilərlər.

Kumari deyib ki, Mangalam qəzetinin çıxdığı Kerala ştatı Haryanadan fərqli olaraq təhsilli ştat sayılır, ona görə burada elm adına belə "gic-gic məsələhətlər" verilməsi təəccüb doğurub.

Hindistanın baş naziri Narendra Modi qız uşaqlarının abort edilməsi praktikasını qətiyyətlə pisləyib.

O qız uşaqlarının ana bətnində öldürülməsini qədim hind müqəddəs kitablarında adı çəkilən bədxah kral Ravanaya bənzədib.

Ravananın müqəvvası hər il keçirilən dini mərasimdə yandırılır.

Bu barədə daha geniş