Belarusda Azərbaycanın sorğusu nəticəsində bloqqer həbs edilib

Aleksandry Lapşin Fotonun müəllifi APA
Image caption Aleksandry Lapşin

14-15 dekabr gecəsi Belarusun paytaxtı Minskdə Azərbaycanın sorğusu əsasında bloqqer Aleksandr Lapşin saxlanılıb, bu barədə onun özü Facebook statusunda xəbər verib.

Rusiya və İsrail vətəndaşlığına sahib olan cənab Lapşin Minskə gəldiyi ilk günün gecə saatlarında həbs edilib.

Minskə getmədən öncə, cənab Lapşin öz şəxsi bloqunda Belarusa səfəri də daxil olmaqla gələn ilin aprel ayına gədər səyahət günlərinin siyahısını dərc etmişdi.

Öz Facebook səhifəsində dünən gecə saatlarında paylaşdığı şərhdə, Aleksandr Lapşin "Azərbaycanın sorğusu nəticəsində Minskdə polis məni indicə həbs edib", deyib və Minskin Pervomayskoye polis şöbəsində olduğunu bildirib.

Fotonun müəllifi Facebook

Aleksandr Lapşin 2011-ci ildə Qarabağa səfər etdikdən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib.

Euroradio.fm Belarus xəbər saytındakı xəbərə görə, Lapşinin həyat yoldaşı onun hələ vəkili olmadığını və Aleksandr Lapşinin Azərbaycandan Belarusa göndərilən ikitərəfli sorğu nəticəsində saxlandığını deyib.

Belarus prokurorluğu isə Lapşinin işi barədə Azərbaycan hakimiyyətindən məlumat aldıqdan sonra onun ekstradisiyası barədə qərar verəcəyini deyib.

Sosial şəbəkələrdə, onun tanışları İsrail səfirliyinin bloqçunun işi ilə "məşğul olduğunu" desələr də, BBC Azərbaycancanın səfirliyə bu mövzu barədə sualları cavabsız qalıb.

Xarici işlər nazirliyindən BBC Azərbaycancaya Aleksandr Lapşinin həbsi barədə "heç bir məlumat" olmadığı bildirilib.

Daxili işlər nazirliyi də suallarımıza cavab verməyib.

Cənab Lapşinin Azərbaycana son səfəri Formula 1 yarışı ərəfəsində baş tutub.

Bloqqerin XİN-lə mübarizəsi

İyul ayında "Çempionlar liqası oyunu: Azərbaycan Respublikası Saşa Lapşina qarşı, şot 1:0 blogerin xeyrinədir!" başlıqlı blog şərhində, Lapşin Azərbaycana bu ilin iyun ayında son səyahəti üçün sərhədi Gürcüstandan Azərbaycana necə keçməsindən danışıb.

Azərbaycan Daxili işləri naziriliyini ələ salaraq, bloqçu 2017-ci ildə Azərbaycana yenə də gələcəyini deyib və şərhini bir cümlə ilə bağlayıb:

"Lap uşaq baxçasıdır, ay Allah. Azərbaycan necə də yaxşı ölkədir, insanlar necə də yaxşıdır, qızlar necə də gözəldir və bu cür axmaqlar tərəfindən idarə edilirlər", o deyib.

Qara siyahıya daxil edildiyi zaman, o bloqunda bu hadisənin onda heç bir qayğı yaratmadığını yazıb.