BBC təhlilçisi: "Əsəd üçün Hələb Palmiradan vacibdir

Palmira Fotonun müəllifi AP
Image caption Cihadçılar Palmiraya güclü döyüşlərdən sonra girib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən Palmiranın ələ keçirilməsi bir çoxları üçün gözlənilməz oldu. Hesab olunurdu ki, İD son zamanlar bütün cəbhələrdə geri çəkilir. BBC Rus Xidməti bu mövzuda diplomatik və hərbi məsələlər üzrə BBC icmalçısı Jonathan Marcusla söhbət edib.

- Necə oldu ki, İD Palmiranı geri aldı. Qruplaşmanın geri çəkildiyi deyilən bir vaxtda o yenidən hücuma keçərək Palmiranı ala bilib. Bu necə baş verib?

- Zənnimcə bu, Rusiya və xüsusilə də Suriya komandanlığının Palmiradan diqqəti yayındığı üçün baş verib. Maraqlıdır ki, Rusiya hərbçiləri məsələnin diqqətdən kənarda qaldığını etiraf edirlər. Bu, rusiyalılar üçün əlverişli vəziyyət deyil. Çünki onlar Palmiranın alınmasını təbliğat üçün istifadə edirdilər. Palmirada keçirilən simfonik orkestrin konserti nəyə desən dəyərdi! Nəticədə isə şəhər yenidən "İslam Dövləti"nin əlinə keçib.

Şəhərin onların əlində nə qədər qalacağı bilinmir. Lakin vəziyyətə daha geniş baxanda məlum olur ki, Palmiranın süqutu Əsəd rejimi qarşısında duran başlıca problemi sərgiləyir. Suriya hökuməti müxtəlif əraziləri nəzarət altında saxlamaq üçün bölgələrdə kifayət edən hərbi qüvvə və mövcudiyyətə malik deyil.

Hazırkı Suriya ordusu münaqişənin əvvəlindəki ordunun, ən yaxşı halda, kölgəsi sayıla bilər.

Onun bir sıra bölmələri yerli əhəmiyyətli, yarıhərbi birləşmələrə çevrilib.

Ordu sıralarında Pakistan və Körfəz ölkələri kimi bölgələrdən olan qeyri-suriyalılar xidmət edir. Silahlı qüvvələrdə əcnəbi döyüşçülərin çoxu İranın Hizbullah qrupu tərəfindən xidmətə cəlb olunub.

Başqa sözlə, Suriya ordusu özünün imkanları daxilində vuruşur. Başı Hələbə qarışan ordunun ölkənin başqa ucunda yerləşən Palmiradakı vəziyyətə nəzarət etməyə gücü çatmır.

Əsəd hökuməti tərəfində vuruşan qruplaşmalar yaxşı silahlanıb: biz onların ən müasir Rusiya silahlarına malik olduğunu görürük.

Lakin fakt elə fakt olaraq qalır: Suriya ordusu yalnız tək bir yerdə effektiv əməliyyatlar aparmağa qadirdir.

Bu problem Şərqi Hələbin alınmasından sonra daha da kəskinləşəcək. Çünki hamı "Əsəd Hələbdən sonra nə edəcək" sualını verəcək.

Əsədin özü əldən çıxan bütün rayonların qaytarılacağını deyir. Lakin zənnimcə bu, lovğalanmaqdan başqa bir şey deyil.

Düşünürəm ki, Suriya ordusu ölkə boyunca irəliləməyə qadirdir.

Fotonun müəllifi AP
Image caption Cihadçılar, tank əleyhinə raketlər də daxil ən on son silahlara malikdir

Cavabsız qalan sual budur: Suriya ordusu Hələbdən sоnra, təbii ki Rusiyanın dəstəyilə, hər hansı rayonu (bir çoxları hesab edir ki, növbəti hədəf İdlib şəhəri ola bilər) qaytarmağa cəhd edəcəkmi.

Yoxsa o, vəziyyətlə barışıb, əksər əhalinin yaşadığı və sahilyanı bölgənin də daxil olduğu ölkənin qərbini idarə edəcək.

- Suriyanın bir hissəsində Əsədin prezident qalması ilə kifayətlənməyən Rusiyanın quruda yeni əməliyyata başlaması təhlükəsi varmı?

- Zənnimcə, Rusiyanın quruda tammiqyaslı əməliyyata başlaması ehtimalı, olduqca aşağıdır.

Biz Rusiya "spetsnaz"ının (xüsusi təyinatlı qüvvələr - red) hərəkətlərini gördük. Onların Suriya ordusu ilə birgə əməliyyatlar keçirdiyini bilirik.

Spetsnazın bəzi silahlı qüvvələr tərəfində vuruşduğunu təsdiqləyən sübutlar var. Misal üçün silahlı birləşmələrin komandirləri ilə Rusiya zabitlərinin birgə çəkdirdiyi şəkillər mövcuddur.

Hətta Rusiya zabitlərinin silahlılara medal verdiyini əks etdirən şəkillər də var. Rusiya spetsnazının ayrıcı əməliyyatlar keçirdiyi, Rusiya artilleriyasının əsas döyüşlərə qatıldığı məlumdur.

Lakin yenə də hesab edirəm ki, Rusiyanın quruda tammiqyaslı əməliyyatı ehtimalı çox aşağıdır.

Əlbəttə Rusiya müəyyən itkilər verib. Lakin onların miqyası nisbətən kiçikdir.

Buna görə Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi xüsusi bir etirazlar doğurmayıb. Çox güman ki, Putin belə bir vəziyyətin dəyişməsini istəməzdi.

Sual budur: Hələbin süqutundan sonra belə alınmayacaqmı ki, Kreml bir şeyə - Bəşər Əsəd isə tamamilə başqa şeyə nail olmaq istəyir?

Əsəd bütün ölkəni nəzarət altına almaq arzusunda olduğunu deyə bilər. Bu arada Rusiya öz hərbi uğurlarını seçilmiş prezident Donald Trump-la yeni əlaqələrin qurulmasında təzyiq vasitəsi kimi istifadə etmək istərdi.

Buna görə Rusiya Suriyanın başqa hissələrinin azad olunmasında hərbi itkilər verməyə ehtiyac görmür.

- Strategiya baxımından hansı daha vacibdir: Hələbi almaq yoxsa Palmiranı geri qaytarmaq?

- Şübhəsiz ki, Hələb daha vacibdir. O, Suriyanın ən iri şəhəri və son vaxtlaradək iri maliyyə mərkəzi idi. Onun alınması Suriya rejimi üçün güclü təbliğat uğuru olacaq. Belə ki, Hələb daha vacibdir.

Təbii ki, biz İD-nin Palmirada nə qədər qalacağını deyə bilmərik. Rusiya Palmiranın azad olunmasına vaxtilə xeyli səylər göstərib. Ola bilsin ki, Hələbin süqutundan sonra o Palmiranı yenidən azad etmək qərarına gəlsin.

Lakin Hələb həm də Əsəd rejiminin nəzarət etdiyi ərazilərə yaxın olduğu üçün də vacibdir. Xəritəyə baxarkən görmək olar ki, Hələbin alınmasından sonra Suriyanın qərb hissəsi Əsəd tərəfindən idarə oluna biləcək mini-dövlətə çevrilə bilər.

Bu barədə daha geniş