Britaniya mətbuatı: Alimlər qocaları yenidən cavanlaşdıran metodu kəşf ediblər

Fotonun müəllifi Getty Images
Image caption Ursula von der Leyen

Almaniyanın müdafiə naziri Səudiyyədə başıaçıq gəzib

"The İndependent" yazır ki, Almaniyanın müdafiə naziri, xanım Ursula von der Leyen Səudiyyə Ərərbistanına səfər zamanı müsəlman qaydalarına uyğun olaraq əba geyinməkdən imtina edib.

Səudiyyə qadınlarının geyindikləri uzun qara əba üzü açıq qoysa da bədəni boyaboy örtür.

Angela Merkelin naziri Riyadda keçirdiyi danışıqlarda Avropa qadının adi işgüzar geyimində olub və onun sarışın saçları başının arxasında daraqlanmışdı.

Xristian Demokrat İttifaqı partiyasının üzvü və Almaniyanın tarixində ilk qadın müdafiə naziri Ursula von der Leyen Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudla görüşürdü.

"Əlbəttə mən hər hansı ölkənin adətlərinə hörmət edirəm. Çalışıram ki, onlara mümkün qədər riayət edim, - deyib xanım Leyen Almaniyanın Bild məcmuəsinə, - Lakin mənim hər hansı ölkənin adətlərinə adaptasiya olunmağımın hədləri var. Mən başımı örtmürəm və şalvar geyinirəm".

"Mənim nümayəmində heyətində heç bir qadın əba geyinmək məcburiyyətində deyil. Nə geyindikləri barədə qərar vermək həm kişilərin, həm də qadınların haqqıdır" - deyib müdafiə naziri.

Xanım Leyen bildirib ki, onun qadınların zorla əba geyinməyə məcbur edilməsindən zəhləsi gedir.

Səudiyyəyə səfər zamanı çəkilmiş fotolarda xanım Leyen qara kostyumdadır.

"The İndependent" yazır ki, bəzi xəbərlərə görə Riyaddakı Almaniya səfirliyi 58 yaşlı naziri müşayiət edən nümayəndə heyətindəki qadınlara əba paylamışdı.

Sosial mediada bəzil müsəlmanlar Almaniya nazirinin hərəkətini Səudiyyə Ərəbistanı üçün təhqir hesab etdiklərini yazıblar.

Lakin xanım Leyenin əba geyinməməsi Səudiyyənin özündə böyük hay-küyə səbəb olmayıb.

"The İndependent" xatırladır ki, bu ölkəyə səfər zamanı birinci ledi Michelle Obama, kansler Angela Merkel, keçmiş dövlət katibləri Hillary Clinton, Condoleeza Rice və keçmiş birinci xanım Laura Bush da başlarını örtməkdən imtina etmişdilər.

Xanım Leyen və onun 31 yaşlı Səudiyyəli həmkarı Səudiyyə zabitlərinin Avropada hərbi təlim keçməsi kimi ciddi məsələləri müzakirə edirdilər.

Şənbə günü keçirilən təhlükəsizlik konfransında ixtisasca həkim olan xanım Leyen deyib ki, "biz İŞİD-ə qalib gəlmək üçün internetdə hegemon mövqedə olmalı və iqtisadi imkanlar yaratmalıyıq".

Fotonun müəllifi Getty Images
Image caption Donald və Ivana Trump (4 dekabr 1989)

Kommunist Çexoslavakiyası hələ 1970-lərdə Trump-ı güdürmüş

"The Guardian" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump hələ 1970-ci illərdə kommunist Çexoslovakiyasının Státní bezpečnost və ya "dövlət təhlükəsizliyi" tərəfindən izlənirmiş.

Buna səbəb amerikalı milyonerin çexoslovakiyalı İvana ilə evliliyi olub. Sovet DTK-sı kimi Çexoslovakiya təhlükəsizlik orqanları da dövlətə hər hansı təhlükə yarada biləcək hadisələri izləyirdi.

1970-80-ci illərdə atası Miloš Zelníčekə baş çəkməyə gələn İvana daim Çexoslovakiya orqanlarının müşahidəsində olurdu.

Üzərində "tamamilə məxfi" qrifi olan "Sluşovitse", "Amerika" və "Kapital" adlı qovluqları arxivdən Çexiya televiziyası və Almaniyanın Bild məcmuəsi tapıblar.

Lubos kod adlı agent 1977-ci illərdə öz rəislərinə məruzələrində İvananın Avstriyada benzindolduran işləməsindən, 1968-ci ildə birinci əri ilə tanış olmasından, sonra isə Kanadaya köçərək Trump-a ərə getməsindən yazırdı.

Başqa bir casus isə xəbər verirdi ki, Amerika hökumətindən kredit alan Trump 30 il müddətinə vergidən azad edilib. Onun xüsusilə də o vaxtkı prezidentlə (çox güman ki, Jimmy Carter) yaxın münasibətlərindən bəhs olunurdu.

"The Guardian" xatırladır ki, seçki kampaniyası zamanı ABŞ mətbuatı Trump-ın 1995-ci ildə doldurduğu vergi formalarında 916 milyon dollar ziyan çəkdiyini yazmaqla özünü 18 il müddətində vergidən azad etmiş ola bilməsindən yazırdı. Bu suala cavab verərkən Trump iddianın doğru olduğunu bildirmişdi.

Ən maraqlısı isə budur ki, Miloş ləqəbli başqa bir casus 1988-ci ildə yazırdı ki, prezidentliyə namizədlik verməsi üçün Trump-a ciddi təzyiq göstərilir. Agent bildirirdi ki, İvananın özünə də Çexoslovakiyaya səfərləri zamanı hər bir hərəkətinə diqqət verməsi tapşırılmışdı. Ona demişdilər ki, gələcək prezident kimi ərinin karyerasına zərbə vura bilər.

Agentin məlumatına görə Trump namizədliyini 1996-cı ildə verməliydi.

Bundan əvvəl yazılmış məxfi bildirişdə deyilir ki, 1988-ci ildə Trump demokrat və respublikaçı namizədlərin hər birinə 10 min dollar ianə verib.

"The Guardian" qəzetinin yazdığına görə Çexoslovakiya kəşfiyyatı o qədər uzaqgedən planlar qurmuşdu ki, İvana vasitəsilə gələcək ABŞ prezidentinə təsir edə biləcəyini düşünürdü.

Məxfi sənədlərdə Trump-ların necə güdüldüyünün təfərrüatları da var. İvananın atasına telefon zənglərinə ildə azı bir dəfə qulaq asılırdı. Bu da qeyd olunurdu ki, İvana uşaqları ilə çex dilində danışır.

"The Guardian" yazır ki, Çexoslovakiya məxfi orqanları Trump-lara aid qovluğu 1990-cı ildə kommunizmin çökməsi ilə bağlayıblar.

Fotonun müəllifi Mayo/Clinic PA Wire
Image caption Alimlərin təcrübədə istifadə etdiyi sıçanlar

"Hər kəs 100 il…yaşayacaq!

"The Telegraph" yazır ki, elm 10 il müddətində qocalığın qarşısını almaq iqtidarında olacaq. Alimlər bunu artıq heyvanlar üzərində təcrübə ilə təsdiqləyiblər.

ABŞ-ın California ştatındakı Salk İnstitutunun alimləri yaşlı hüceyrləri onların rüşeym formasına qaytaran metod hazırlayıblar.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, qocalmanı nəinki dayandırmaq, hətta geriyə döndərmək də mümkündür.

Təcrübə zamanı siçanlar cavan qalmaqla yanaşı 30 faiz daha uzun müddətdə yaşayıblar.

Bu metod xüsusilə də ana bətnində inkişaf zamanı fəal olan genlərin stimullaşdırılmasını nəzərdə tutur.

Bundan başqa məlum olub ki, laboratoriya şəraitində insan dərisinin hüceyrələrini cavanlaşdırmaq mümkündür.

Alimlər ümid edirlər ki, sözü gedən genlərin təsirini imitasiya edən dərman preparatları qocalma prosesini nəinki dayandıracaq, hətta "vaxtı geriyə döndərəcək".

Alimlər deyirlər ki, insan üzərində təcrübələrə 10 il müddətində başlanacaq.

"Bizim tədiqiqatımız göstərir ki, qocalma yalnız bir istiqamətdə getmir, - deyib Salk İnstitutnunun genetika alimi, doktor Juan Carlos Izpisua Belmonte, - Düşünülmüş modulyasiya üsulu ilə qocalma prosesi geri döndərilə bilər".

Alim deyib ki, əlbəttə siçanlardan fərqli olaraq insanların cavanlaşdırılması prosesi daha mürəkkəb olacaq, lakin ən əsası bunun mümkün olduğunun təsdiqlənməsidir.

"The Telegraph" yazır ki, alimlər buna qədər də ümumi adları Yamanka faktoru olan dörd geni tanıyırdılar. Onlar bilirdilər ki, bu genlər yaşlı hüceyrəni təkrar gövdə hüceyrəsi halına qaytara bilirlər.

Lakin alimlər narahat idilər ki, bu prosesə start vermək başqa orqanların hüceyrələrini dağıda, hətta xərçəng xəstəliyinə səbəb ola bilər.

ABŞ alimlərinin təcrübəsi zamanı aydın olub ki, ehtiyat edilən ziyanlı proses baş vermir.

Erkən qocalma xəstəliyi olan siçanlar təcrübə zamanı cavanlaşıblar, ömür müddətləri isə 30 faiz artıb.

Alimlər inanırlar ki, bu metodla müalicə olunan insanlar 100 yaşdan çox yaşayacaqlar.

Üstəlik bu da bəlli olub ki, bu metod nəinki müxtəlif orqanları zədələmir, əksinə zədələrin daha sürətlə sağalmasına imkan verir.

Bu isə o deməkdir ki, insanlar daha uzun müddətdə sağlam qala biləcəklər və qocalıqla bağlı xəstəliklərin qarşısı alınacaq.

Bu barədə daha geniş