Britaniya mətbuatı: Erdoğan gücləndikcə Türkiyə gücdən düşür

British press

"The İndependent" yazır ki, Rusiya səfirinin Ankarada qətlə yetirilməsi Türkiyənin Suriya müharibəsindən qaynaqlanan nifrət və zorakılıqla sabitsizləşməsinin göstəricisi olub.

Tanınmış Britaniya jurnalisti Patrick Cockburn-un məqaləsində deyilir ki, Türkiyədə hər bir neçə gündən bir baş verən heyrətamiz qətl və partlayışların arxasında duranların kimliyi, kimə bağlılığı, motivləri son dərəcə qarışıqdır və bu, Türkiyəni parçalamağa qadir olan çoxsaylı böhranları nümayiş etdirir.

Məqalədə qeyd edilir ki, səfir Andrey Karlovun qətli də versiyaların son dərəcə çoxluğuna görə istisna təşkil etmir.

"Səfir Andrey Karlovun Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsi ətrafındakı şərait mümkün şübhəlilər bolluğunun nümunəsidir" - yazır Cockburn.

Bir çox Türkiyə təhlilçiləri sui-qəsdçinin öldürülməsindən dilxor olublar, çünki onun əlaqələri ən müxtəlif istiqamətlərə uzanır.

Beynəlxalq media diqqəti əsasən onun "Hələbi unutmayın! Suriyanı unutmayın!" nidalarına çəkib.

Bu çox sayda türkün Rusiyanın Suriyada Əsədə dəstək verməsindən və onun şərqi Hələbi qəsb etməsindən qəzəbli olması izah oluna bilən versiyadır.

Lakin bunlar qatilin ölümcül atəşlər açdıqdan sonra dediyi ilk sözlər deyildi. Buna qədər o ərəbcə sözlər demiş, Məhəmmədi və cihadı xatırlatmışdı. Burdan belə bir nəticəyə gəlmək olar ki, qatil Türkiyənin cihadçı dairələrində dolaşmlış insanlardan biri olub. Belədirsə, qətl Hələb hadisəsinə kortəbii reaksiya ola bilməzdi, amma sui-qəsdçinin hansı təşkilata bağlılığı barədə də bir fikir yaratmır.

Sədaqət bəyanatları

Cockburn yazır ki, Türkiyənin ən məlumatlı şərhçiləri onun keçmişdə əl-Qaeda kimi tanınan, indi isə Cəbhət ən-Nüsra qrupu olan təşkilatla və ya Fethullah Gülenlə bağlı ola biləcəyi ehtimalını irəli sürürlər.

Digər tərəfdən onlar bunu qəbul edirlər ki, qatil tənha sui-qəsdçi də ola bilərdi.

Fotonun müəllifi AP
Image caption Səfir Andrey Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaş o cümlədən "Hələbi unutmayın! Suriyanı unutmayın!" deyə qışqırıb.

Məqalədə deyilir ki, Türkiyə və Rusiya liderləri qətldən dərhal sonra onların yeni dostluğunun pozulmayacağına dair bəyanatlar verməyə tələsiblər.

"The İndependent" yazır ki, qətlin ertəsi günü Moskvada Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Suriya münaqişəsini müzakirə ediblər, lakin belə görünür, Karlovun qətli Türkiyəni Suriya məsələsində daha üzüyola edəcək.

Məqalədə deyilir ki, şübhə doğurmayan yeganə fakt Türkiyənin daha zorakı bir yerə çevrilməsi və getdikə zəifləməsidir.

Son 10 gündə Kürdüstan İşçi Partiyası - PKK-nın və ya onun qollarından birinin döyüşçüləri diqqətlə planlaşdırılmış bomba basqınları ilə əksəriyyəti əsgər və polis olan 58 nəfəri öldürüblər.

Türkiyə əhalisinin 14 faizini təşkil edən kürdlərin siyasi liderləri terror ittihamları ilə həbsxanalara salınıblar.

Cockburn yazır ki, eyni şeylər 80 milyonluq Türkiyə əhalisinin ələvi kəsiminin də başına gələ bilər.

Belə olmamalıydı…

Bu arada 15 iyul çevriliş cəhdindən bu yana Türkiyədə fethullahçılarla əlaqələrdə şübhələrə görə 100 min nəfər işdən azad edilib, 37 min nəfər həbs olunub. Repressiyalar bu şübhə hüddularından çox uzaqlara keçməyə başlayıb və artıq Erdoğana qarşı ən yüngül tənqidi fikir söyləyənləri hədəfləməyə başlayıb.

"Amma bu belə olmamalıydı, - yazır Cockburn, - 6 il əvvəl Ərəb baharı regionu saranda Türkiyə vasitəçi ola, zorakılıq və böhranları buxovlaya bilərdi. Lakin əvəzində Türkiyə Suriyada və başqa yerlərdə Müsəlman Qardaşlığını dəstəklədi və onlardan daha zorakı cihadçılara dözümlülük nümayiş etdirdi. Cənab Erdoğan Suriyada rejim dəyişikliyi ola biləcəyinə ən çox inanan fiqur idi, lakin bu gözlənti doğrulmayanda ən çətin vəziyyətə düşən də o oldu".

Qəzet yazır ki, indi Türkiyə özünün Suriya və İraq sərhədləri boyunca kürd nəzarətinin bərqərar olmasından vahimədədir. Suriyada ABŞ tərəfindən dəstəklənən de facto kürd dövləti mövcuddur. Türkiyə dar bir antikürd hasarı yarada bilibsə də, Suriya qüvvələrinin Hələbə hücum etdiyi bir zamanda süst düşüb. Onun Əsədin devrilməsi barədə arzuları puç olub.

Fotonun müəllifi Getty Images
Image caption Qəzet yazır ki, indi Türkiyə özünün Suriya və İraq sərhədləri boyunca kürd nəzarətinin bərqərar olmasından vahimədədir.

"The Independent" yazır ki, cənab Erdoğanın son 6 ayda İraq və Suriyaya müdaxilə barədə hərbə-zorba gəlməsinə baxmayaraq, onun reallıqdakı hərəkətləri ehtiyatlı olub.

Məqalədə deyilir ki, millətçiliyini və ağır şəkildə repressiyaya məruz qoyduğu ordu üzərində nəzarətini nümayiş etdirmək üçün hərbiyyəni Suriyanın və hətta İraqın içərilərinə göndərmək bəlkə, hələ də cənab Erdoğanın ürəyindən keçir.

Hərbə-zorba

Lakin bütün bunları dəstək verən müttəfiqlər olmadan etmək Türkiyə dövlətinin qüdrəti xaricindədir.

Ankarada ümid edirlər ki, Donald Trump-ın administrasiyası Türkiyəyə münasibətdə Barack Obamadan daha rəğbətli ola bilər. Lakin yeni adinistrasiyanın Suriya siyasətinin köhnədən fərqlənəcəyini indidən demək mümkün deyil.

Türkiyə bilir ki, Rusiya və İran heç də yaxşı müttəfiq deyillər, amma yaxşı düşmən ola bilərlər.

Fotonun müəllifi AP
Image caption Cockburn yazır ki, Karlovun qətli Yaxın Şərq və Şimali Afrikadakı ümumi böhranların Türkiyəni təsirləndiyini göstərir.

Cockburn yazır ki, Karlovun qətli Yaxın Şərq və Şimali Afrikadakı ümumi böhranların Türkiyəni təsirləndiyini göstərir.

Bundan başqa Suriya və İraqda tüğyan edən qüvvələr Türkiyədə daxili təfriqəni dərinləşdirir.

"Cənab Erdoğan öz avtoritar hakimiyyətini genişləndirir, lakin o daxildə və xarıcdə artmaqda olan böhranların öhdəsindən gələ bilməyən və zəifləməkdə olan dövlətə rəhbərlik edir" - deyilir məqalədə.

Hamilə qadınlar qocaları sümük sınmalarından necə qoruyacaqlar?

"The Telegraph" yazır ki, hamilə qadınlardan alınan dərman preparatları yaşlıları sümük sınmalarından xilas edə bilər.

Yeni müalicə üsulunu kəşf etmiş həkimlər deyirlər ki, bu metodla hər il qocalıqla əlaqədar baş verən sümük sınmalarının qarşısını almaq və Britaniya dövlət səhiyyəsi üzərindəki ağır yükü bir qədər yüngülləşdirmək olar.

University College London və Great Ormond Street xəstəxanasından olan alimlər bu məqsədlə hamilə qadının bətnində dölün ətrafını tutan amniotic mayenin gövdə hüceyrlərini ayırıblar.

Onlar bu hüceyrələrdən ekzosom molekullarını yetişdirə biliblər. Bu maddə isə sümüklərin möhkəmliyini artırmaq qabiliyyəti ilə tanınır.

"The Telegraph" yazır ki, Britaniyada təxminən 3 milyon, əsasən də ahıl yaşlarında olan insan osteoporozdan və sümüklərin deformasiya və kövrəkləşməsindən əzab çəkir.

Bu xəstəlik yaşlı insanlarda hormonal dəyişikliklərə və D vitamininin çatışmazlığına görə baş verir. Britaniyada hər il 500 min sınıq qeydə alınır.

Elmi təcrübələrdə natamam osteogenez və ya anadangəlmə osteoporoz xəstəliyi olan siçanlara sözü gedən maddənin vurulması ilə sınıqların baş verməsi 78 faiz azalıb.

Təcrübələrə rəhbərlik edən doktor Pascale Guillot deyib ki, bu çox mühüm kəşfdir, çünki bütün əhalinin problemi ilə bağlıdır.

Bu preparat iynə ilə məsələn menopauzası yaxınlaşan və ya hərəkilyini itriməkdə olan insanlara vurula bilər.

Alim deyib ki, bu preparat uzun müddətdə kosmosda qalan astronavtlar üçün də faydalı ola bilər. Uzun müddətdə davam edən çəkisizlik şəraiti də sümüklərin kövrəkliyini artırır.

Həkimlər bildirirlər ki, yeni preparatla müalicəyə iki ildən sonra başlana bilər.

Əlaqəli mövzular