Britaniya mətbuatı: Rusiyanın Trump-dan "gözü su içməməyə" başlayıb?

Rusiyanın Trump-dan "gözü su içməməyə" başlayıb?

"The Independent" yazır ki, Kreml Rusiya və ABŞ arasında az qala bütün kommunikasiya kanallarının dondurulduğunu bildirib.

Rusiya tərəfi bəyan edib ki, Moskva Donald Trump-ın gəlişi ilə ABŞ administrasiyasının NATO-nun genişləndirilməsindən dərhal imtina edəcəyini gözləmir və buna görə də Birləşmiş Ştatlarla bütün kommunikasiyalar kəsilib.

Moskva belə bir genişlənmənin həmişə əleyhinə çıxıb.

"Demək olar bütün səviyyələrdə Birləşmiş Ştatlarla dialoq dondurulub. Biz bir-birimizlə kommunikasiyada deyilik və yaxud bunu çox az edirik" - deyib Kremlin sözçüsü Dmitri Peskov.

"The İndependent" yazır ki, Rusiyanın bu bəyanatı prezident Obama da daxil bir sıra ABŞ rəsmilərinin Rusiyanın, prezident seçkisi zamanı Hillary Clinton-un elektron poçtuna haker hücumunun arxasında durmasına dair bəyənatlarla çıxışından sonra səslənib.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu da haker hücumunun Rusiya hakimiyəti tərəfindən təşkil edildiyini bildirmişdilər.

Respublikaçı senator John McCain deyib ki, Rusiyanın ABŞ sistemlərinə bu sayaq haker hücumları demokartiyanı onun hazırkı formasında məhv edə bilər.

O Amerika rəhbərliyini Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməməkdə günahlandırıb və əlavə edib ki, tezliklə "dünya nizamının pozulması" baş verə bilər.

RIA agentliyi Dmitri Peskovun Mir telekanalına müsahibəsinə istinadən yazır ki, Vladimir Putin-in 2018-ci il prezident seçkisinə qatılıb-qatılmayacağı bilinmir.

O deyib ki, hazırda hamının başı layihələrə və işə qarşıb və seçki haqqında düşünməyə və danışmağa heç kəsin vaxtı yoxdur.

Bir çox təhlilçilər Vladimir Putinin 2018-ci il seçkisinə qatılacağını gözləyirlər.

Ötən ay cənab Trump seçki kampaniyası zamanı verdiyi bir sıra hay-küylü və ziddiyyətli bəyanatalardan geri çəkilib.

Məsələn seçki kampaniyası zamanı cənab Trump NATO-nu "köhnəlmiş" təşkilat adlandırmışdı.

Lakin bundan sonra o NATO-nun baş katibi Jens Stoltenberg-ə deyib ki, alyansa "güclü şəkildə inanır".

Cənab Putin ötən noyabrda Rusiyanın yer-göy raketlərinin yerləşdirilməsinin Avropa yaxınlığına genişləndiriləcəyini elan edəndə NATO-nun "qərarlar qəbul etməsini" tənqid atəşinə tutmuşdu.

O demişdi: "Biz niyə NATO-nun genişlənməsinə bu qədər emosional yanaşırıq? Çünki biz NATO-nun qəbul etdiyi qərarlardan narahatıq. Daha nə etməli idik ki? Ona görə də biz əks-tədbirlər görməliyik. Bu isə o deməkdir ki, biz raket sistemlərimizlə bizim nəzərimizdə təhlükə təşkil edən qurğuları nişan alacağıq".

Image caption Bənövşəyi şirin kartof

2017-də bənövşəyi…meyvə-tərəvəz dəbdə olacaq

"The Telegraph" qəzeti ekspertlərə istinadən yazır ki, 2017-ci ildə bənövşəyi rəngli meyvə-tərəvəz "dəbdə" olacaq.

Britaniyalı qidalanma eksperti Matthew Plowman deyib ki, bənövşəyi rəngli meyvə-tərəvəz sağlamlıq üçün daha böyük faydalara malikdir.

Söhbət bənövşəyi rəngli meyvələrdən, tərəvəzdən və kəpəklərdən gedir.

Bənövşəyi qarğıdalı

Ekspert bildirib ki, bənövşəyi qarğıdalı Peru dağlarında bitir və ona görə də onu supermarketlərdə tapmaq mümkün olmaya bilər.

O adamlara bu son dərəcə xeyirli qidanı indernet üzərindən sifariş etməyi məsləhət görür.

Plowman deyib ki, bənövşəyi qarğıdalı ən yüksək antioksidant keyfiyyətlərə malikdir.

Bənövşəyi şirin kartof

Ekspertlər hesab edirlər ki, adi şirin kartofun da sağlamlığa faydaları var, amma bu, bənövşəyi kartofun faydalarına çatmaz.

Başqa bir adı da Okinava kartofu olan bənövşəyi kartof antsioninlərlə zəngindir və bu da həzm sisteminə müsbət təsir göstərir və habelə iltihabların qarşısını alır.

Açay giləmeyvəsi və ya açay üzümü

Vətəni Braziliya olan bu giləmeyvə arıqlama vasitələrinə daxildir, hərçənd onun çəki azalmasına təsiri barədə qarışıq rəylər var.

Bununla belə alimlər bu meyvənin sağlamlığa ümumən xeyri barədə mübahisə etmirlər.

Onlar bildirirlər ki, açay üzümü ürək qüsurları olanlara müsbət təsir göstərir.

Bu giləmeyvə qan dövranını yaxşılaşdırır və pis xolesterolun qarşısını alır.

Bənövşəyi asparaqus

Vətəni İtaliyanın Albenqa regionu olan bu asparaqus B vitamini ilə zəngindir, dərini, saçı və dırnaqları sağlamlaşdırır.

Ondan işlətmə vasitəsi kimi hələ qədim romalılar istifadə edərmişlər.

Bənövşəyi asparaqusda həm də A, C və K vitaminləri olduğundan o immun sistemin möhkəmlənməsinə müsbət təkan verir.

Qara düyü

Bir vaxtlar çox nadir tapıldığına görə "yasaq düyü" adını qazanmış qara düyü qəhvəyi və ağ düyüdn daha faydalıdır.

O yaşlanmaya qarşı vasitə sayılır, habelə ürək toxumasını sağlamlaşdırır.

Ekspertlər deyirlər ki, qara düyünün antioksidant gücü adi düyülərdən 6 dəfə çoxdur.

"The Telegraph" yazır ki, bu siyahı daha genişdir, çünki az qala bütün meyvə-tərəvəzlərin - kökün, soğanın, turpun, kələmin, brokolinin bənövşəyi növləri var və onların da sağlamlığa xeyri başqa rəngli həmcinslərindən çoxdur.

Bu barədə daha geniş