Britaniya mətbuatı: Obama ABŞ-da müsəlmanların izlənməsi sistemini ləğv edib

"The Guardian" yazır ki, Obama administrasiyası 11 sentyabr hücumlarından sonra ABŞ-da ərəblərin və müsəlmanların izlənməsi üçün yaradılmış nəzarət sistemini ləğv edib.

Məqalədə deyilir ki, bu, müsəlmanların ABŞ-a buraxılmamasını təklif edən Donald Trump-ın bütün gələcək planlarını poza bilər.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Milli Təhlükəsizlik Giriş-Çıxış Qeydiyyatı Sisteminin (National Security Entry-Exit Registration System - NSEERS) hələ də qüvvədə olan son mexanizmləri ləğv olunur.

"The Guardian" yazır ki, 11 sentyabr hücumundan sonra tətbiqinə başlanmış bu sistem Bush administrasiyasının ən çox nifrət doğuran elementi idi.

Bu sistemə əsasən əsas əhalisi ərəblər olan 25 ölkədən ABŞ-gələnlərdən barmaq izləri alınırdı və onlar vaxtaşırı qeydiyyatdan keçmək üçün nazirliyə gəlməli olurdular.

Bu sistem 80 min insanı əhatə edirdi və onlardan 14 mini heç bir terror və ya zorakı hərəkətlərdə bulunmamasına baxmayaraq deportasiya siyahısına salınmışdı.

"The Guardian" yazır ki, Obama prezidentliyinin son günlərində NSEERS sistemini ləğv etməklə bir çox insan haqları müdafiəçisinin ürəyindən xəbər verib.

Ekspertlər bu qənaətdədirlər ki, bu sistemin ləğvi ilə Trump-ın antimüsəlman planlarına "tormoz qoyulub".

Onlar deyirlər ki, Donald Trump-ın bu və ya buna bənzər sistem tətbiq etməsinə aylarla vaxt lazım gələ bilər.

"The Guardian" yazır ki, sözü gedən sistemin memarlarından biri olan Kris Kobach Trump-ın keçid administrasiyasına daxildir və işə başlayan kimi sistemi daha da təkmilləşdirəcəyini vəd etmişdi.

Trump və Putin nüvə yarışına "start veriblər"

"Financial Times" qəzeti yazır ki, Vladimir Putin və Donald Trump ehtimalən bir-birindən xəbərsiz, amma eyni vaxtda öz ölkələrinin nüvə qüdrətini artırmaq niyyətində olduqlarını bildiriblər.

Məqalədə deyilir ki, bu hadisə Rusiya və ABŞ-ın qlobal məsələlərdə tezliklə dil tapacaqlarına dair ümidlərlə üst-üstə düşmür.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirən Putin deyib ki, "istənilən hazırkı və gələcək havadan müdafiə sistemlərini yara biləcək nüvə raketlərinin hazırlanması" Moskvanın vacib vəzifələrindəndir.

Bundan bir neçə saat sonra cənab Trump Twitter hesabından yazıb ki, Birləşmiş Ştatlar "dünya nüvə silahı barədə ağlını başına yığanadək" özünün nüvə qabilləytini genişləndirməlidir.

Washington-da mənzillənən Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Daryl Kimball deyib ki, Trump-ın postundan söhbətin artıq mövcud modernizasiya planlarından, yoxsa nüvə başlıqlarının əlavə olaraq artırılacağından getdiyi aydın olmur.

Cənab Kimball deyib ki, burada söhbət çox güman modernizasiya proqramından gedir, amma ola da bilər, cənab Trump nüvə başlıqlı raketlərin sayının artırılmasından söz açıb. Əgər belədirsə, ABŞ onilliklər bundan əvvəlki siyasətinə qayıdacaq.

Trump-ın keçid komandasının sözçüsü Jason Miller deyib ki, burada söhbət sülhün əldə olunması üçün nüvə qabiliyyətinin artırılmasından gedir.

Cənab Miller nüvə başlıqların artırılıb-artırılmayacağı barədə suala konkret cavab verməyib.

Cənab Kimball isə deyib ki, dünyanın ən böyük nüvə dövlətinin başçısı üçün siyasətinin gələcək istiqamətini Tvitterdə bəyan etmək böyük məsuliyyətsizlikdir.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump və Vladimir Putinin divar rəsmi

"Financial Times" yazır ki, Donald Trump-ın konkret olaraq Putinin çıxışına cavab verib-vermədiyi bəlli deyil.

Cənab Putinin Rusiya "hər hansı bir təhlükəni dəf etmək üçün istənilən təcavüzkardan güclüdr" deməsi Sovet İttifaqının vaxtında verilən bəyanatlara bənzəyib.

Rusiya bundan əvvəl ABŞ-la öz arasında bağlanmış 3 nüvə sazişini birtərəfli qaydada ləğv edib, Rusiyanın dövlət televiziyası isə bildirib ki, Suriya münaqişəsinə görə ABŞ-la yaranmış qarşıdurmanı Kuba raket böhranı ilə müqayisə etmək olar.

Bəzi təhlilçilər Moskvanın nüvə silahı hədələrinin Trump administrasiyasını bəri başdan qorxutmaq məqsədi güddüyünü deyirlər. Eyni zamanda bunu Vladimir Putinin artıq 2018-ci il seçkisinə hazırlığı kimi də başa düşmək olar.

Carnegie Beynəlxalq Sülh Fondundan Rusiya üzrə eksperti Eugene Rumer deyib ki, Moskva Rusiyanın strateji nüvə qüvvələri barədə buna bənzər bəyanatları 2014 və 2015-ci illərdə də verib. Ekspertin firkincə Putin ehtiyat edir ki, ABŞ Rusiyanın nüvə qüvvələrinin qabiliyyətini sarsıdacaq raketdən müdafiə sistemləri qurur.

Lakin ekspert bunu da əlavə edib ki, Putin strateji nüvə qüvvələrinin saxlanması ilə yanaşı həm də strateji qeyri-nüvə qüvvələrinin inkişaf etdirilməsindən danışıb.

Cənab Rumer deyib ki, Rusiya hərbi təhlilçilərinin fikrincə məhz bu sahədə ABŞ Rusiyadan xeyli üstündür.

"Financial Times" yazır ki, Donald Trump-ın Putinə rəğbətli bəyanatlarından sonra belə bir tvit yazması gözlənilməz olub.

Rusiyanın adi qüvvələri hələ də NATO-nun adi qüvvələrindən qat-qat azdır, lakin nüvə silahları sahəsində paritet mövcuddur. Buna baxmayaraq hər iki tərəfin nüvə arsenalı Sovet İttifaqı dövründə olduğundan indi xeyli azdır.

"Financial Times" yazır ki, Rusiya hərbiyyəsi Suriya münaqişəsində 162 müxtəlif silah sistemlərindən istifadə edib.

Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, Rusiya yaxın gələcəkdə 5 yeni strateji bombardmançı təyyarə və üç nüvə birləşməsi yaradacaq.

Kişi menopauzasına da çarə tapılıb

"The Telegraph" yazır ki, alimlər kişi menopauzasına son qoymaq məqsədilə testosteron hormonunu fəallaşdırmaq üçün onlara "proqramı dəyişdirilmiş" dəri hüceyrlərinin iynə ilə vurulması metodunu işləyib hazırlayıblar.

Yeni metod hər üç yaşlı kişidən birini təsirləndirən əzələ zəifliyini, əhval pozuntusunu və seksual disfunksiyanı aradan qaldıracaq.

Hazırda testosteronun təzələnməsi metodundan istifadə olunsa da, onun çox ciddi yan fəsadları var və hətta trombların yaranamsına səbəb ola bilər.

Yeni metoda görə kişilərə iynə ilə vurulacaq aşağı testosteronlu hüceylər orqanizmdə bu hormonun təbii istehsalına başlayacaq.

Kişi orqanizmində testosteron yaradan hüceyrələr Leydiq hüceyrəsi adlanır və alimlər bu hüceyrəni stimullaşdıra bilən 11 faktoru aşkar ediblər.

Testosteron çatışmazlığı olan siçanlar üzərində aparılan təcrübə zamanı gen texnologiyası vasitəsi ilə onların öz dəri hüceyrələrindən Leydiq hüceyrələrinə bənzəyən hüceyrələr yaradılıb. Bunun nəticəsində siçanların testosteron hormonları normal səviyyəyə qalxıb.

Yeni metod Çinin Yinan Universitetində kəşf edilib.

Kişi hipoqonadizmi bəzən qadınlar üçün işlədilən terminologiya ilə kişi menopauzası adlanır, çünki yorğunluq, istilənmə, bədən piyinin artması, döşlərin böyüməsi və seksual pozuntular kimi simptomlara malikdir.

Qonadlar cinsi hüceyrələri yaradan orqandır və başqa bir adı toxumluqdur. Qadınlarda eyni funksiyanı qadın cinsi hüceyrələrini yaradan yumurtalıqlar icra edir.

Alimlər bildirirlər ki, indiyə qədər hipoqonadizmi olan kişilərə başqa adamlardan (donordan) götürülmüş hüceyrələr vurulurdu, lakin bu xeyli bahalı və bir qədər də riskli metoddur.

Etik qəlizliklərdən başqa tibbi risklərdən biri də bu metodun şişlər yaratmasıdır.

Yinan Universitetinin alimləri deyirlər ki, onların kəşf etdikləri metoddan istifadə zamanı pasientlərə onların özlərinin "təkrar proqramlaşdırılmış" hüceyrələri vurulur. Bu metod daha az riskli və daha ucuzdur.

Bu barədə daha geniş